İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Ukraynanı yox, məhz Rusiyanı dağıdır: Putin indi artıq hətta “Batka”ya da möhtac qalıb

2259 01.07.2026 17:42 Analitika A A

Kreml aqressiv mövqeyini qorumağa çalışsa da, Ukrayna savaşının uzanması Rusiyada ölkədaxili siyasi və sosial-iqtisadi problemləri daha da ağırlaşdırır... Ukraynanın Rusiyanın enerji və hərbi-logistika infrastrukturuna dağıdıcı zərbələri Kremlin savaş resurslarını tükəndirir və onu Belarus kimi ənənəvi strateji tərəfdaşlara möhtac buraxır...

Rusiya Ukrayna savaşında "son mərhələ" mesajı verməyə başlayıb. Belə ki, Kreml savaş meydanında israrla hərbi qarşıdurmanı genişləndirməyə çalışır. Halbuki, Rusiyanın üzləşdiyi enerji böhranı və Belarusu da Ukrayna savaşında iştiraka sürükləmək cəhdləri isə Kremlin həm iqtisadi, həm də hərbi resurslarının ciddi şəkildə zəiflədiyini göstərir. Buna baxmayaraq, Rusiya prezidenti Vladimir Putinin son açıqlamaları Kremlin Ukrayna savaşını yaxın vaxtlarda dayandırmaq niyyətində olmadığını da biruzə verir. Əksinə, Rusiya hərbi əməliyyatların daha da genişləndirilməsinə və strateji məqsədlərin tam reallaşdırılmasına çalışdığını gizlətmir.

Onu da qeyd etmək lazımdır ki, prezident Vladimir Putin "xüsusi hərbi əməliyyat"ın bütün hədəflərinə çatacağını bəyan etməklə yanaşı, Rusiya ordusu tərəfindən Donbasın və Kremlin "Novorossiya" adlandırdığı digər Ukrayna ərazilərinin tam nəzarətə götürülməsini əsas vəzifə kimi müəyyənləşdirib. Bu baxımdan, Kremlin belə aqressiv mövqedə israr etməsi əslində, Rusiyanın kompromisə deyil, hərbi üstünlük qazanmağa hesablanmış yeni mərhələyə keçmək niyyətindən xəbər verir. Üstəlik, Kreml Ukraynanın Rusiya ərazisində yerləşən hərbi və mülki infrastruktura endirdiyi dağıdıcı zərbələrin savaş meydanında vəziyyəti dəyişmədiyini də iddia edir.

Məsələ ondadır ki, prezident Vladimir Putinin fikrincə, Ukraynanın son hücumlarında əsas məqsəd Rusiya cəmiyyətində daxili parçalanma yaratmaq və əhalinin hakimiyyətə olan inamını sarsıtmaqdır. O, eyni zamanda vurğulayıb ki, Rusiya ordusunun Ukraynanın dərinliklərinə endirdiyi cavab zərbələri daha dağıdıcı və daha həssas nəticələr doğurur. Və bununla yanaşı, Rusiya lideri Ukraynanın Kursk vilayətində həyata keçirdiyi hərbi əməliyyatların rəsmi Kiyev üçün daha ağır nəticələr doğuracağını da bildirib.

6f6d5123-8ebe-4fb1-85de-ea6327c83c76.jpg (201 KB)

Maraqlıdır ki, Kreml Rusiyanın sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə "təhlükəsizlik zonası" yaratmaq niyyətində olduğunu və bunun Ukraynanın əlavə ərazilər itirməsinə səbəb ola biləcəyini də ön plana çəkir. Bu isə Kremlin yaxın gələcəkdə imkan qazanacağı təqdirdə, Rusiyanın yalnız hazırda işğal olunmuş Ukrayna əraziləri ilə kifayətlənməyəcəyinə yönəlik siyasi mesaj kimi də qəbul oluna bilər. Və bu baxımdan, prezident Vladimir Putinin "Kiyev rejimini xilas etmək bizim planlarımıza daxil deyil" bəyanatı xüsusilə diqqəti çəkir.

Belə anlaşılır ki, Kreml artıq yalnız ərazilərin işğalı ilə kifayətlənmək istəmir, eyni zamanda, Ukraynanın mövcud siyasi hakimiyyətini də əsas hərbi-strateji hədəflərdən biri kimi görür. Digər tərəfdənsə, prezident Vladimir Putin kollektiv Qərbi Rusiyanın "strateji məğlubiyyət”ini hədəfləməkdə də ittiham edib. Və bununla da Kreml sahibi Rusiyanın NATO və ABŞ ilə geopolitik qarşıdurmasını uzunmüddətli xarakter daşıyan amansız mübarizə kimi qəbul etdiyini göstərməyə çalışıb.

Ancaq bütün bunlara baxmayaraq, Kremlin aqressiv ritorikasına paralel şəkildə Rusiyanın daxilində yaranmış ciddi iqtisadi və logistik problemləri gizlətmək də qətiyyən mümkün deyil. Belə ki, son vaxtlar Ukraynanın PUA-larla və uzaqmənzilli raketlərlə dağıdıcı zərbələri nəticəsində Rusiyanın bir çox nəhəng neft emalı zavodları sıradan çıxarılıb. Bu proses isə öz nəvbəsində Rusiyada benzin istehsalının azalmasına, yanacaq bazarında defisitin yaranmasına və daxili qiymət təzyiqlərinin ciddi şəkildə artmasına səbəb olub.

Məhz elə bu səbəbdən də, Rusiya Qazaxıstandan yanacaq idxalı ilə bağlı danışıqlara başlamaq məcburiyyətində qalıb. Yəni, dünyanın ən böyük neft və qaz ixracatçılarından biri olan Rusiya indi artıq daxili bazarda tələbatı ödəmək üçün xaricdən yanacaq almağa məcburdur. Bu isə Ukraynanın Rusiyanın enerji infrastrukturuna yönəlik hərbi strategiyasının artıq real nəticələr verdiyini göstərən önəmli faktordur. Və bu vəziyyət həm də onu göstərir ki, Ukrayna müharibəsi uzandıqca, Rusiyanın iqtisadi dayanıqlığı əvvəlki illərlə müqayisədə ciddi şəkildə zəifləyir.

5922785a-4fb0-4dfd-8d1e-08ae5e4a764f.jpg (155 KB)

Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın enerji sahəsində üzləşdiyi problemlər Kreml üçün yalnız maliyyə-iqtisadi deyil, həm də sosial-siyasi istiqamətdə də ciddi risklər yaradır. Belə ki, yanacaq qıtlığı nəqliyyat, logistika, kənd təsərrüfatı və sənaye sektorlarına birbaşa neqativ təsir göstərir. Belə vəziyyətdə Rusiyanın dövlət büdcəsinin hərbi xərclərə yönəldilməsi sosial proqramların maliyyələşdirilməsini çətinləşdirir və əhalinin narazılığını daha da artırır. Və Kreml məhz buna görə Rusiyanın informasiya məkanında hərbi uğurlar barədə təbliğatı gücləndirməklə, ölkədaxili auditoriyanın diqqətini sosial-iqtisadi problemlərdən mümkün qədər yayındırmağa çalışır.

Ukrayna savaşı ətrafında yaranmış qəliz vəziyyətlə bağlı digər önəmli istiqamət isə məhz son vaxtlar Belarus faktorunun ciddi şəkildə ön plana keçməyə başlamasıdır. Belə ki, Belarus Xarici İşlər Nazirliyi Ukrayna sərhədi keçəcəyi təqdirdə, ölkənin bütün hərbi potensialı ilə cavab verəcəyini bəyanlayıb və bu, savaş poliqonu ətrafında yeni təhlükəsizlik risklərinin yarandığını göstərir. Hətta Rusiya prezidenti Vladimir Putin isə Belarusun Ukraynadan yönəldilən son hərbi təhdidlərdən qətiyyən narahat olmadığını bildirib. Və Rusiya lideri əslində, bununla rəsmi Minskin Kremllə hərbi müttəfiqlik münasibətlərinə sadiq qaldığını qabartmağa çalışmış kimi görünür.

Bütün bunlara baxmayaraq, Belarusun yaxın vaxtlarda Ukrayna müharibəsinə birbaşa qoşulacağı barədə qənaətlər hələlik reallığa çox da yaxın görünmür. Çünki Belarus indiyədək həm Rusiyanın əsas strateji müttəfiqi statusunu qorumağa, həm də bu hərbi münaqişədə birbaşa iştirakdan yayınmağa çalışır. Halbuki, Rusiyanın savaş meydanında vəziyyəti ağırlaşdıqca, Kremlin Belarusa Ukrayna savaşına qatılması üçün göstərdiyi təzyiqlərin də tədricən artmaqda olduğu müşahidə edilir.

48884c53-3b4d-40d3-8b2c-615a2cbc6627.jpg (255 KB)

Məsələ ondadır ki, əgər, Rusiya Belarus ərazisində ikinci cəbhə xətti açmağa nail olarsa, bu, Ukraynanı şimal sərhədi boyunca əlavə hərbi qüvvələr saxlamağa məcbur edə bilər. Belə bir vəziyyətin isə Ukrayna ordusunun Donetsk, Zaporojye və digər əsas cəbhə istiqamətlərində hərbi manevr imkanlarını daha da məhdudlaşdıra biləcəyi qətiyyən istisna deyil. Və məhz ona görə də, Ukrayna savaşında Rusiya üçün Belarus faktoru yalnız siyasi deyil, həm də hərbi-strateji təzyiq vasitəsi xarakteri daşıyır.

Göründüyü kimi, Ukrayna müharibəsi artıq yalnız sadəcə, cəbhə xəttində mövcud olan hərbi qarşıdurma deyil. Çünki bu hərbi münaqişə paralel olaraq, enerji təhlükəsizliyi, iqtisadi dayanıqlıq, logistika marşrutları, regional ittifaqlar və geopolitik nüfuz uğrunda çoxvektorlu mübarizənin tərkib hissəsinə çevrilib. Belə ki, Ukraynanın Rusiyanın enerji və hərbi-logistika infrastrukturuna endirdiyi zərbələr Kremlin savaş resurslarını tədricən tükəndirir. Və ona görə də, Kreml bu təzyiqləri kompensasiya etmək üçün indi Belarus kimi ənənəvi strateji tərəfdaşlarının dəstəyinə daha çox ehtiyac duyur.

Belə anlaşılır ki, Kreml aqressiv mövqeyini qorumağa çalışsa da, Ukrayna savaşının uzanması Rusiyada ölkədaxili siyasi və sosial-iqtisadi problemləri daha da ağırlaşdırır. Əgər, Ukrayna ordusu Rusiyadakı strateji infrastruktur hədəflərinə qarşı hücumlarını davam etdirərsə, kollektiv Qərbin rəsmi Kiyevə hərbi dəstəyi isə eyni səviyyədə qalarsa, onda Kreml yalnız savaş meydanında deyil, iqtisadi və geopolitik müstəvidə də güclənən təzyiqlərlə üzləşmək məcburiyyətində qalacaq. Və bu isə Ukrayna müharibəsinin növbəti mərhələsində yalnız döyüş meydanındakı nəticələri deyil, bütövlükdə Avrasiya məkanında qüvvələr balansını müəyyən edəcək əsas faktorlardan birinə çevrilə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR