İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml təhlükəli savaş mesajları verir: Rusiya regionda yeni hərbi toqquşmalar planlaşdırır  

3188 07.11.2022 19:12 Analitika A A

Kremlin Azərbaycan və Ermənistana yönəlik gərginliyi artıracaq addımlardan çəkinməklə bağlı "çağırışlar"ına xüsusi həssaslıqla və ehtiyatlı yanaşmaq vacibdir.... Əgər, Cənubi Qafqazda sülh prosesini pozmağa çalışan, gərginliyi artıran Rusiya belə bir çağırış edirsə, deməli, Kreml hansısa yeni məkrli planın icrasına başlamaq niyyətindədir...

Rusiya Cənubi Qafqazda hərbi-siyasi gərginliyin artırılması istiqamətində intensiv və ardıcıl addımlar atmağa başlayıb. Kreml Rusiyanın regionda sarsılmış mövqelərinin xilas edilməsi üçün başqa yol tapa bilmir. İndi yeni regional savaş yalnız Rusiyaya sərf edir və Kreml növbəti dəfə "erməni faktoru"nu öz geopolitik maraqlarına alət etmək niyyətindədir.

Keçmiş SSRİ-nin dağılmasından ötən son 30 ildə Kreml müasir dünya ilə ayaqlaşmaq problemi yaşayır. Qonşu ölkələrlə normal, bərabərhüquqlu münasibətlər qurmaq metodları hələ də Rusiyanın siyasi elitasında yaxına buraxılmır. Əksinə, həmişə olduğu kimi, Kreml keçmiş sovet respublikalarını öz təlimatları ilə istiqamətləndirməyə cəhd göstərir. Halbuki, sürətlə dəyişən dünya sistemində artıq Rusiyanın imperialist hədəfləri ciddi müqavimətlə üzləşir.

Daha heç bir qonşu ölkə öz daxili və xarici siyasətini Kremldən gələn təlimatlara uyğunlaşdırmağa həvəsli deyil. Rusiya keçmişdə qaldığından Kreml yeni situasiya ilə ayaqlaşa bilmir. Keçmiş SSRİ KQB-si tərəfdən hazırlanmış metodlardan və "münaqişə ocaqları"ndan istifadə etməyə çalışır. Rusiyanın maraqları ilə hesablaşmaq istəməyən, müqavimət göstərməyə çalışan qonşu ölkələrə qarşı "münaqişə ocaqları"nı aktivləşdirməklə reaksiya verir.

fabe34db-d2ab-49f6-9974-87cdbaf554bd.jpg (84 KB) 

Son vaxtlar baş verən hadisələr də bunu təsdiqləyir. Belə ki, Rusiya Cənubi Qafqazda mövqelərinin sarsılması qarşılığında Ermənistanı Qərbə doğru sürükləyən Paşinyan hakimiyyətini hədəfə alıb. Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq niyyətilə Rusiyaya bağlı erməni radikal-revanşistlər yenidən aktivləşdirilib. Və Kreml hazırda Rusiyanın regiondan çıxarılmasına səbəb ola biləcək sülh sazişinin imzalanmasının qarşısını almaq üçün əlindən gələn hər şeyi etməyə çalışır.

Rusiya Azərbaycanın Xankəndi və ətraf bölgəsində də gərginliyi artıra biləcək təxribat xarakterli addımlar atır. Rusiyada Kremlin qurduğu biznes sistemi sayəsində milyardlar qazanmış bir erməni - Ruben Vardanyan "təxribat ezamiyyəti"nə göndərilərək, Azərbaycanın Xankəndi şəhərində yerləşdirilib. İndi Kreml Xankəndi və ətraf bölgədə əsas təxribat sistemini məhz R.Vardanyan üzərindən qurmağa çalışır.

Kremlin R.Vardanyanı Xankəndiyə "təxribat ezamiyyəti"nə göndərdikdən sonra Rusiyanın erməni terrorçu-separatçılara silah-sursat dəstəyi verdiyi barədə də məlumatlar mövcuddur. Bu barədə rəsmi Bakının artıq təkzibolunmaz faktlara malik olduğu da bildirilir. Və yəqin ki, Azərbaycan tərəfi tezliklə bu məsələ ilə bağlı sərt mövqeyini Rusiyanın diqqətinə çatdıracaq.

Ermənistan mətbuatının iddialarına görə, Rusiya R.Vardanyanı Xankəndiyə "separatizm desantı" kimi atdıqdan sonra bölgədə "siyasi aktivliyi", daha doğrusu, gərginliyi artırmağa nail olub. Eyni zamanda, erməni hərbi cinayətkarların da Xankəndiyə səfərləri intensivləşib. Belə ki, bu günlərdə Ermənistanın keçmiş prezidenti, hərbi cinayətkar Serj Sarkisyan da Xankəndi şəhərində peyda olub. Onu keçirilən görüşlərdə digər hərbi cinayətkar Bako Saakyan da müşayiət edib. 

4eef602d915bd5538b664b63d8cdbed8.jpg (94 KB) 

Təbii ki, bütün bunlar təsadüfi deyil. Üstəlik, məhz Rusiyanın nəzarəti altında və xüsusi planları çərçivəsində baş verir. Kreml regionda yeni münaqişənin törədilməsinə cəhd göstərir. Kreml Rusiyanın regional maraqları naminə Cənubi Qafqazda milli-etnik düşmənçiliyi daha da gücləndirməyə can atır. Və bu, Rusiyanın region xalqlarına qarşı növbəti hərbi-siyasi cinayəti kimi də dəyərləndirilə bilər.

Təbii ki, rəsmi Bakı Kremlin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazisində reallaşdırmağa çalışdığı məkrli planlardan məmnun deyil. Bu barədə siyasi-diplomatik kanallar üzərindən Rusiyanın siyasi rəhbərliyinə etirazlar edilib. Üstəlik, Kremlə sərt xəbərdarlıq mesajları da verildiyi barədə məlumatlar mövcuddur.

Maraqlıdır ki, məlumatlı mənbələrdən mətbuata sızan məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyev Soçi görüşündə Kreml sahibi Vladimir Putinə R.Vardanyanın Xankəndiyə göndərilməsi ilə bağlı ciddi narazılığını bildirib. Nə qədər qəribə də olsa, prezident Vladimir Putin bu barədə informasiyaya malik olmadığını deyib. Halbuki, Kreml sahibinin son açıqlamaları da Rusiyanın erməni terrorizmini və separatizmini dirçəltməyə cəhd göstərdiyini biruzə verir.

Bəzi məlumatlara görə, son vaxtlar Rusiyanın KQB metodlarını təkrar istifadəyə çıxartmasının əsas səbəbi Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanma ehtimalının ciddi görüntülər almasıdır. Kreml Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından ciddi şəkildə narahatdır. Bu, yekun sülh sazişinin imzalanmasından sonra Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisini tərk etməsi ilə nəticələnə bilər.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB) 

Eyni zamanda, Azərbaycanın Xankəndi və ətraf bölgəsində cərəyan edən proseslər də Rusiyanı qətiyyən qane etmir. Çünki, Kremldə Xankəndi və ətraf bölgədəki ermənilərin rəsmi Bakı ilə dialoqa, eləcə də, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olmaları barədə dəqiq məlumata malikdirlər. Hətta yaxın vaxtlarda rəsmi Bakının Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin təmsilçiləri ilə təmasların qurulması üzrə prosedurları hərəkətə gətirməyə hazırlaşdığı barədə məlumatlar da mövcuddur.

Ancaq belə bir proses ərəfəsində R.Vardanyanı Xankəndiyə "təxribat ezamiyyəti"nə göndərən Kreml araya girməyə çalışır. Azərbaycan və Ermənistan arasında sülh prosesini pozmağa can atır. Bununla da, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində qalmasını təmin etmək niyyətindədir. Və bu, o deməkdir ki, Cənubi Qafqazda sülhə, sabitliyə qarşı ən böyük təhlükə, problem rolunu məhz Rusiya oynayır.

Ona görə də, Kremlin Azərbaycan və Ermənistanı gərginliyi artıracaq addımlardan çəkinməyə çağırmasına xüsusi həssaslıqla yanaşmaq vacibdir. Çünki, əgər, Cənubi Qafqazda sülh prosesini pozmağa çalışan, gərginliyi artıran Rusiya belə bir çağırış edirsə, deməli, Kreml hansısa yeni məkrli planın icrasına başlamaq niyyətindədir. Yəni, böyük ehtimalla Rusiya yaxın vaxtlarda regionda yeni hərbi toqquşmaların törədilməsinə cəhd göstərir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR