İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Ermənistanı KTMT-də “əsgərliyə” qaytarır - İrəvana mübhəm səfər

1303 28.04.2023 12:55 Siyasət A A

Paşinyan zənn edir ki, son uğursuzluqları Moskva ilə münasibətlərində yaratdığı çatlarla bağlıdır, Rusiyanın “qanadının altına” qayıdarsa, hansısa uğurlar əldə edə bilər

Aprelin 25-də Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Ermənistanın xarici işlər naziri Ararot Mirzoyan və onun müavinləri arasında məsləhətləşmə keçirilib. “Yeni Müsavat” rəsmi informasiyaya istinadla bildirir ki, görüşdə ikitərəfli münasibətlər və regional təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Tərəflər Rusiya-Ermənistan müttəfiqlik əməkdaşlığının müsbət dinamikasını qeyd ediblər.

“Yüksək səviyyədə dialoqun mütərəqqi inkişafı, o cümlədən parlament xətti, regionlararası təmaslar və mədəni əlaqələr vasitəsilə müvafiq idarələr arasında əməkdaşlığın artırılmasının vacibliyi vurğulanıb. Ticarət-iqtisadi əlaqələrin rekord dinamikası qeyd olunub. Rusiya və Ermənistanın beynəlxalq təşkilatlarda koordinasiya səviyyəsində fəaliyyətindən məmnunluq ifadə olunub”, - Rusiya XİN əlavə edib.

Həmçinin “Regiondakı mövcud vəziyyət, ilk növbədə ciddi narahatlıq doğuran Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında vəziyyətin gərginləşməsi kontekstində ətraflı müzakirə olunub”. Rusiya XİN başçısının müavinin Ermənistana səfəri və verilən mesajlar onu deməyə əsas verir ki, Moskva İrəvanı yenidən əhatə dairəsinə qaytarmaq istəyindədir. Paşinyan hökuməti elə zənn edir ki, Ermənistanın özünün və Qarabağ məsələsində son uğursuzluqları Moskva ilə münasibətlərində yaratdığı çatlardır. O səbəbdən yenidən Rusiyanın “qanadının altına” qayıdarsa, Azərbaycan üzərində hansısa uğurlar əldə edə bilər.

Bu arada isə Rusiya Federasiya Şurası aprelin 26-da keçirilən iclasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Nizamnaməsinə dəyişiklik edilməsi haqqında protokolu ratifikasiya edib. Rusiya prezidenti Vladimir Putin protokolu ratifikasiyaya martın 2-də təqdim edib. KTMT-nin nizamnaməsinə əsasən, təşkilatın üzvləri dövlət sərhədlərinin mühafizəsi, məlumat mübadiləsi, informasiya təhlükəsizliyinin təmin edilməsi, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan, habelə hərbi əməliyyatlar zamanı və ya fövqəladə hallar zamanı yaranan təhlükələrdən mühafizəsi sahələrində qarşılıqlı fəaliyyət göstərirlər. Protokol KTMT-yə üzv dövlətlərin o cümlədən bioloji təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətini nəzərdə tutur. O, həmçinin KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə KTMT baş katibinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin mümkünlüyünü müəyyən edir. Hakimiyyətyönümlü saytların bu sənədin ratifikasiya olunmasına önəm verməsi də ondan xəbər verir ki, Ermənistan sərhədə çağırdığı Avropa İttifaqının müşahidəçi missiyasından umduğunu ala bilmədiyi üçün KTMT ilə əməkdaşlığını davam etdirmək məcburiyyətində qalıb.

“Ermənistan çox ağır vəziyyətdədir, hazırda bizi qorumalı olan təhlükəsizlik mexanizmləri işləmir”. Bunu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. O bildirib ki, İrəvan Qərbə meylli olmaqda ittiham edilir: “Lakin biz Hindistanla da intensiv əməkdaşlıq edirik”. A.Qriqoryan söyləyib ki, Rusiya siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilməyəcəyini bəyan etmir. “Rusiya sülhməramlı qoşunları Laçın "dəhliz"ini nəzarətdə saxlamalı və onun normal fəaliyyətini təmin etməlidir. Rusiyadan başqa heç kim ora nəzarət etməməli, Azərbaycan “dəhliz” vasitəsilə nəqliyyatın sərbəst hərəkətinə mane olmamalıdır". Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib. O, növbəti dəfə təxribat xarakterli açıqlama verərək, “Xankəndi-Bakı arasında beynəlxalq format çərçivəsində danışıqlar”dan bəhs edib. “Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsinə gəlincə, aydındır ki, o, başadüşülən və effektiv icra təminatları sisteminə və mübahisələrin həlli mexanizmlərinə malik olmalıdır. Sərhədin delimitasiyası parametrləri aydın şəkildə qeydə alınmalı və hər hansı eskalasiyanın qarşısını alan mexanizmlər tətbiq edilməlidir”, - N.Paşinyan əlavə edib.

Azərbaycana qarşı ilginc plan - “Rusiya Paşinyanı həm də buna görə devirmək  istəyir...”

 Murad Sadəddinov

Politoloq Murad Sadəddinovun “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan hakimiyyəti Rusiya siyasətinə yenidən baxmaq istəmir. “Paşinyan iqtidarı öz hakimiyyəti üçün ən böyük təhlükəni Kremldən görür” deyən politoloq hesab edir ki, indiki yanaşma müvəqqəti manevrdir. “Rusiyadan təzyiq artdığı üçün rusmeylli görünməyə başlayırlar. Amma rəsmi İrəvan üçün bir günün üçün Moskva əleyhinə açıqlama vermək elə də çətin deyil. Yəni fikirləri səsləndirəcəklər, ancaq fiziki addımlar atmayacaqlar. Hakimiyyətin Rusiya kursu dəyişməyəcək. Rusiya istiqamətində isti addımlarını gözləmirəm. Çünki İrəvan Ukraynada müharibənin nəticələrini gözləməkdədir”, - deyə ekspert vurğuladı.

Fuad Əliyev: 2-3 aya vətəndaşlarımızın Qarabağa qayıtması başlanacaq

 Fuad Əliyev

Siyasi şərhçi Fuad Əliyevin fikrincə, bəli, İrəvanla Moskva arasında müəyyən dinamika müşahidə olunur: “Lavrovun müavini Mirzoyanla görüşür, Paşinyan Putinlə zəngləşir, Ermənistanda Rusiyanın "Alagöz" hərbi təlimləri keçirilir, rəsmi İrəvandan Qərblə bağlı giley-güzar ritorikası hiss edilir, yəni quyruqları qapı arasında qalan kimi Rusiyaya üz tuturlar. Amma inanmıram ki, yaxınlaşma yüksək səviyyədə olacaq. Ermənistandakı hakimiyyətin Qərbdən asılı olduğu amillər çoxdur. Sadəcə, Rusiya da onu yaxşıca sıxma-boğma edə bildiyi üçün İrəvan arada üslubunu dəyişir. Bu göstərir ki, Ermənistanda rus təsiri hələ də güclüdür. Bununla belə, Paşinyan çox çəkməz ki, KTMT əleyhinə danışacaq, Simonyan hansısa bəyanat verəcək. Erməni baş nazir indi də Laçın yolu ilə bağlı bəyan edir ki, yalnız ruslar nəzarət etməlidir. Məsuliyyəti onların üzərinə qoyur. Hər halda, Rusiya-Ermənistan əlaqələri qabarma-çəkilmə siyasəti üzərində qurulub. Misal üçün, rus şirkətləri üçün Ermənistan bazardır, sanksiyalardan yayına bilirlər. Ona görə ziqzaq, manevrlərlə dolu siyasət görməkdəyik. Onların ulduzu tam barışmayacaq, Ermənistanda hakimiyyət dəyişməyənə qədər..."

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR