Rusiya Prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko yaxın vaxtlarda Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusa qarşı səsləndirdiyi təhdidləri və digər aktual məsələləri müzakirə etməyi planlaşdırırlar.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. Kremlin sözçüsü hərbi-siyasi gündəmdəki son hadisələrlə bağlı bir sıra digər mühüm bəyanatlarla da çıxış edib. Peskov Ukrayna liderinin mövqeyini sərt tənqid edərək vurğulayıb ki, Zelenskinin Belarusa ünvanladığı hədələr tamamilə təcavüzkar xarakter daşıyır, bu, başqa bir dövlətin daxili işlərinə birbaşa müdaxilə və onun suverenliyinə qəsddir. O, Rusiyanın Belarus rəhbərliyinin öz suverenliyini və təhlükəsizliyini tam təmin etmək iqtidarında olduğuna heç bir şübhə bəsləmədiyini əlavə edib.
Ölkədəki daxili vəziyyətə, xüsusən də son günlər Krımdakı hadisələrdən sonra kəskinləşən yanacaq məsələsinə toxunan Peskov Rusiya hökumətinin daxili bazarda benzinin qiyməti və tədarükü ilə bağlı ciddi tədbirlər gördüyünü bildirib. Onun sözlərinə görə, aidiyyatı qurumlar neft şirkətləri ilə sıx koordinasiyada fəaliyyət göstərir və hakimiyyət əhalinin yanacaqla fasiləsiz təminatını qaydaya salmaq üçün bütün zəruri addımları atır.
Xarici siyasət məsələlərinə də toxunan mətbuat katibi Böyük Britaniyanın istefa verən baş naziri (Kir Starmer) haqqında danışarkən onun Rusiya-Britaniya münasibətləri baxımından özünü heç bir müsbət tərəfdən göstərmədiyini, hər zaman əlaqələrin sıfır səviyyəsində saxlanılmasının tərəfdarı olduğunu qeyd edib. Peskov Britaniyanın növbəti baş nazirinin də Moskvaya baxışının Starmerdən fərqlənməyəcəyini vurğulayıb.
Musavat.com






