İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kostroma kələsi”nin LGBT klubunda tutulması... - VİDEO

3341 14.03.2024 09:55 Yazarlar A A

 

Videoya baxanda adam heyrətlənir. Kadrlarda əlisilahlı, üzü maskalı xüsusi təyinatlılar görünür, dalıblar hər iki cinsdən olan çoxlu insanın yığıldığı bir məkana və hamısını elə böyüzm ediblər ki, gözləri bərəlib.

Videoda qorxusundan üzünü tutub yerə yıxılan və bükülənlər, əllərini boyunlarının arxasında çarpazlayıb üzüquylu uzananlar, ayaq üstə duran, ancaq bir az əvvəl “hende hox” qışqıran qəddar faşistin əmrinə tabe olmuş kimi əllərini yuxarı qaldıranlar var. Hiss olunur ki, hamısı güllələnməkdən qorxur. Çünki ortada əlini tətikdə tutan və “Kalaşnikov” avtomatının lüləsini ora-bura çevirən hərbçilər var.

Bu, heç də film çəkilişi epizodu deyil, realiti basqındır. Videonu yayanların izahına görə, hadisə Moskvada, bir gecə klubunda baş verib. Kreml başbilənlərinin əmri ilə kluba basqın edən xüsusi təyinatlı hərbçilər içəridə əylənənləri bu hala salıblar, bir xeylisini də tutub özləri aparıblar.

Bəs bu yazıq adamların günahı nəymiş? Belə məlum olur ki, onlar heç də yazıq ilan vurmuş deyilmişlər, cinsi azlıqlar imiş.

Bizim, Şərqin adı çıxıb, şimalda bu xüsusda, yəni cinsi azlıqlarla mübarizə sahəsində bizdən də sərtdirlər. Bizimki, uzağı, kişi cinsindən olan azlıqlara “petux-petux” deyə lağ-luğaz etməkdir, amma ruslar onları, bax, bu cür qeyri-insani rəftara məruz qoyur.

Yuxarıda “hər iki cinsdən olan” ifadəsi işlətdim, amma aydın olur ki, gecə klubunda ən azı 4 cins (kişilər, qadınlar, özünü qadın sayan kişilər və kişiləşmiş qadınlar) bir-birinə qarışıbmış. Əlini yuxarı qaldırıb təslim olanlar arasında Kostroma kələsi boyda bir kişi də (videonun 25-ci saniyəsində) vardı. Əgər o şəxs o boy-buxunla cinsi azlıqdırsa, onu elə o boyda yerə soxsunlar. Baxırsan, Herakl, Spartak, Sezar roluna çəkiləsi adamdır, gör, hansı yollara düşüb.

Elə ona görə də adam şübhələnir ki, o gecə klubu heç də təkcə cinsi azlıqların yığnağı olmayıb, “ilişənlər”in arasında xeyli normal, hetereseksual adamlar da olub, sadəcə, başqasının oduna yanıblar.

Əslində isə belə görünür ki, cinsi azlıq söhbəti bəhanədir, rus hökuməti Ukraynadakı müharibə ilə bağlı olaraq hesab edir ki, xalqın bu ağır günündə kef məclislərinin təşkil edilməsi pis işdir. Demaqoqluq üçün yaxşı bəhanə var: “Xalqın balaları orada güllənin qabağındadır, amma bunlar burada kef edirlər”. Xalq bu şüarla kecə klubuna hücum əmri verəni, kefcillərin kütləvi çığırışmasını təşkil edənləri sevməzmi? Hardan baxsan, xalis xaldır, baldır, reytinqdir, səsdir.

Hələ ola bilər ki, kecə klublarında (deyilənə görə, basqın bir yox, çox kluba olub) ələ keçən gənc kişiləri qulaqlayıb hərbi komissarlığa da dəvət ediblər. “Hərəsinə bir çağırış vərəqəsi verin, basın cəbhəyə, qoy ağılları başlarına gəlsin” - əmr belədir. Hərçənd bu, nə dərəcdə effektiv səfərbərlik aksiyası ola bilər? Ötən ilin dekabrında Moskvada, “Mutador” klubunda təşkil edilən çılpaq ziyafət zamanı yaxalananlardan bir neçəsini hərbi xidmətə aparmaq istəmişdilər, amma hamısı ortaya bir çamadan sənəd tökmüşdü ki, xidmətə yaramırlar.

Yəni başqa vaxt olsaydı, bəlkə də rus hökuməti cinsi azlıqların kef etməsinə dözümlü yanaşardı, amma indi ana vətən dardadır və israrla öz oğullarını qabağa getməyə çağırır.

O barədə bizdə güllük-gülüstanlıqdır. Cinsi azlıqlara ddəyib-dolaşan yoxdur, özləri də artıq leqallaşmaqdadırlar və gündən-günə orientasiyasını danmayanlar çoxalır. O gün hətta şəhərin mərkəzində göy qurşağına oxşayan bayraqlarıyla çıxıb aksiya-filan da keçiriblər. Gün o gün olsun ki, parad da keçirsinlər. Biz tolerant camaatıq.

Əlbəttə, tolerant olmayanlar da var. Əgər sabah hüquq-mühafizə orqanları biz də reyd keçirsələr və azlıqların məclisini dağıtsalar (bu, bir ideya deyil), söz yox ki, hetereseksual çoxluq məmnun qalacaq və deyəcək ki, onlara bu da azdır. Avropalılar isə bizi lənətləyəcəklər, “Azərbaycan problemli ölkədir” deyəcəklər.

Gerçəkdən, son illərdə bu məsələ dünyanın qlobal problemlərindən birinə çevrilib. Avropa heç, diricə LGBT-yə təslim olub, müqavimət göstərinin ağzını cırırlar. Amma Asiya və Şərq hələ müqavimət göstərir. Hərçənd deyilənə görə, bu müqavimət üzdədir, əslində, bu tərəflərdə də o cinsi azlıqlarla mənsub olanlar heç də çox az deyillər.

Xüləs, əsas məsələ azlıq-çoxluq məsələsi deyil, əsas məsələ odur ki, 21-ci əsrin bu vədəsində bir iaşə müəssisəsinə soxulan hərbçilər özlərini bank soyan quldurlar kimi aparır, insanları döşəməyə yıxır, başlarının üstündə silahla gəzirlər. Adamın üzüquylu qoyulduğu, həyatı bir tükdən asılı olduğu zaman azlıqdan və ya çoxluqdan olması fərq etməz.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR