İnsanlara hürriyət, millətlərə istiqlal!

Korrupsiyanı qaldıra bilməyən ştanqist

1781 21.04.2022 10:10 Yazarlar A A

Bizdə Tofiq Heydərov adlı ağırlıqqaldıran yoldaş var, vaxtilə olimpiadada iştirak edib, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti olub. Sonradan elə bu “AAAF” markası, adı altında tikinti şirkəti düzəldib, Xırdalan tərəflərdə evlər tikib.

İndi isə Tofiq müəllimin harayı media səhifələrindən asimana bülənd olmaqdadır. Deyir məmurlar mənə işləməyə imkan vermirlər, korrupsiya üzündən tikintimiz yarımçıq qalıb, ev almaq istəyənlər şikayətə gəlir, bilmirəm başıma haranın daşını salım və sairə. Doğrusu, Tofiq müəllimin dərdlərinin xüsusiyyətlərindən çox agah olmağa həvəsim olmadı, söhbəti tam dəqiq bilmirəm. Ancaq onu yüz faiz, adım kimi bilirəm ki, bizdə bütün iş adamlarının incidilmə xüsusiyyətləri aşağı-yuxarı eyni üsullarla baş verir. Amerika kəşf eləməyə ehtiyac olmur. Məktəb var, dərs vəsaiti var, müəllim var, daha sənə lazımdır? Dərsini öyrən, ondan sonra daraş millətin canına.  

Bir iş adamının incidilməsi pis hərəkətdir. Bunu törədən məmurlara ayıb olsun. Ancaq incidilən biznesmenin idmançı, xüsusilə keçmiş ağırlıqqaldıran olması temaya tragikomik rəng qatır. Dərhal adamın əli gicişir, istəyirsən belə başlıqlar atıb, cümlələr yazasan: “Ştanqist korrupsiyanı qaldıra bilmədi”, “Atlanta olimpiatında 330 kilonu təkanla qaldıran atlet 150 kiloluq icra başçısının altında qaldı”, “Haçana qədər iş adamlarımızın rüşvətxorluq yükündən beli sınacaq” və sairə və ilaxır. Bəlkə də Tofiq müəllim vaxtilə şirkətinə AAAF adı qoyanda elə fikirləşirmiş məmurlar bunun pəhləvanlığından qorxub rüşvət istəməyəcək. He-he.

Əlbəttə, bizdə iş adamlarına mane olanlar əsasən işdən çıxarılmış, hələ yeni işə qoyulmamış məmurlar olur. İndiki halda da belədir. Yeganə olaraq Tofiq müəllim hansısa vergi əməkdaşının adını çəkib, bu yoldaş hələ iş başındadır.

Biz nadir hallarda hansısa fəaliyyətdə olan məmurdan, dövlət qulluqçusundan şikayət eşidərik. Bəlkə onlar daha əsəbləşib biznesmenin anasını ağlar qoyar, ona görə? Yox, qətiyyən. Ölkəmizdə demokratik inkişaf var. Xoşun gəlmir, ver məhkəməyə. Kimin pulu çox olsa, qalib gəlir.

Sadəcə, bizim dövlət qulluqçuları vəzifədə olarkən dövlətçiliyimizin parlaq günəşinin şəfəqləri altında xumarlanır və qətiyyən korrupsiyaya yol vermirlər. Yalnız işdən çıxarılanda, bəziləri hətta çıxaçıxda çatdırıb nəsə pis əməl törədir. Sonra biz bunun sorağını eşidirik.

Allah onlara lənət eləsin. Bu müqəddəs ayın sahibinə tapşırıram onları. Dini kitabımızda yazılıb, gərək biz şikayətlənməyək, həyatımızdan narazı olmayaq. Həyatdan narazılar şeytanlardır. Bu haqda hədis var, istəyirəm onu hörmətli oxuculara çatdırım.

Deyir bir gün müdrik ağsaqqal yol gedirmiş, kimsə onun dəvəsini oğurlayır. Nəvələr ağlaşır, yük qalır ortada. Ağsaqqal şükür eləyir. Deyir, nəvələrim, bundan da pis ola bilərdi, Allah naşükürlərə yol göstərməz, amin.

Sonra ağsaqqal yatır, gecə yuxuda oğrunu görür. Oğru deyir uşaq xəstə idi, dəvəni satdım, dərman aldım, özün bilirsən, Türkiyədə 12 manata olan dərman Azərbaycanda 130 manatdır, dolanışığımız çətindir, məni balalarının başına çevir və sairə - yuxu uzun idi, hamısını nəql eləməyə vaxtımız yoxdur.

Ağsaqqal səhər oyanır, uşaqlarına deyir ki, gördünüzmü, biz hüquq-mühafizə orqanlarına şikayət eləsəydik oğrunu dərhal tutar, dəvəni aşkar edib götürərdilər, savaba batmazdıq. Uşaqlar etiraz edir, deyirlər heç olmazsa rəcəb ayında oğurlayardı, ramazanda günahdır.

Nəsə, söhbət çox mənasız yerə gedir, mən burada nöqtəni qoyuram. Yazı yazmaq da ağırlıq qaldırma kimi bir şeydir, biləsiniz. Bəzən cümləni qaldıranda saxlaya bilmirsən, düşür adamın sümüyünü qırır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR