İnsanlara hürriyət, millətlərə istiqlal!

Korrupsiya “mədəniyyəti”miz - DTX-nın MN-dəki əməliyyatının yaratdığı sual

1802 03.11.2022 09:30 İdman A A

Yeni rəhbərlik 2 ilə korrupsiyaya necə qurşandı; kadrlar niyə etimadı doğrultmur?

Son illərdə xeyli sayda korrupsioner məmur - nazir, icra başçısı, komitə, şöbə rəhbərləri, digər postlar tutan məmurlar həbs edilib. Prezident İlham Əliyevin başlatdığı radikal islahatların bir istiqaməti də rüşvətxor məmurların ağır şəkildə cəzalandırılması ilə müşayiət olundu. Prezident yeni təyin olunan məmurlarla görüşdə demişdi ki, düzgün işləməsələr, onlar da ağır cəzalandırılacaqlar.

Görünən budur ki, yeni təyin olunan, etimad göstərilən, bir çoxları Avropada təhsil almış gənc kadrların bəziləri etimadı doğrulda bilməyiblər, korrupsiyaya, rüşvətə baş vurublar. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirməsi də təsdiqləyir.

Qeyd edək ki, 1 noyabrda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib və mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin Təchizat və Əmlak şöbəsinin müdiri İlkin Nəsibov və Protokol şöbəsinin rəisi Kamil Rzayev saxlanılıb. Onu da vurğulayaq ki, Mədəniyyət Nazirliyində yeni rəhbərlik iki il əvvəl formalaşdırılmışdı. 2020-ci ildə DTX orada əməliyyat keçirmiş və nazir müavinini, idarə rəislərini həbs etmişdilər. Nazir Əbülfəs Qarayev isə nazir postundan uzaqlaşdırılmışdı. Cəmi 2 il ərzində isə yeni komanda Mədəniyyət Nazirliyində korrupsiya çetesi yaratdı. Hətta son iki-üç ildə - yeni təyin edilmiş bəzi icra başçıları haqda da xoş soraqlar gəlmir. Bu cür vəziyyətin yaranması nədən qaynaqlanır? Məmurlar niyə gözü çıxmış qardaşlarından nümunə götürmür, niyə vicdanla işləmək istəmirlər?

Təcrübə göstərir ki, yalnız kadr dəyişiklikləri etməklə korrupsiyanın, rüşvətxorluğun qarşısını almaq olmur, yeni, gənc kadrlar daha “innovativ” metodlar, tender fırıldaqları müəyyən edirlər. Nə etməli? Hansı mexanizmlər qurulmalıdır ki, məmurlar rüşvətə qurşana bilməsin?

Sabiq deputat Fəzail Ağamalı haqqında ŞOK FAKTLAR açıqladı | KONKRET

Fəzail Ağamalı: “Xaricdə ali məktəbin məzunu olması şəxsin hələ dövlətə və dövlətçiliyə, xalqa bağlı olması demək deyil”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı dedi ki, Mədəniyyət Nazirliyindəki olay onda böyük təəssüf doğurub: “Bu, əslində cəmiyyət və bizlər tərəfindən gözlənilən hadisə deyildi. Ölkə Prezidentinin aparmış olduğu islahatların nəinki mahiyyətinə ziddir, həm də ona xəyanətdir. Bunu başqa cür qiymətləndirmək mümkün deyil. Dəfələrlə cənab Prezident korrupsiya, rüşvətxorluğa qarşı mübarizənin ardıcıl, sistemli olacağını, buna qarşı barışmaz münasibətini ortaya qoyub. Hətta yüksək rütbəli məmurları ora təyin edərkən onlara ciddi şəkildə xəbərdarlıq edib. Lakin bu xəbərdarlıq görünür ki, bəzi məmurlar tərəfindən ciddiyyətə alınmır. Nəticə də bəllidir. Bu insanların baxışlar sistemini, xarakterini, psixologiyasını anlaya bilmirəm. Anladığım bir şey var ki, bunlar cənab Prezidentin qətiyyət və iradəsini lazımi səviyyədə qiymətləndirməyi bacarmırlar. Eyni zamanda həmin insanlarda dövlətçilik təfəkkürü sıfıra bərabərdir. Bu baxımdan aparılan əməliyyatların ciddi xarakter daşıdığına və bundan sonra da davam edəcəyinə qətiyyən şübhəm yoxdur. Çünki Dövlət Təhlükəsizlik Xidməti bu gün olduqca etibarlı əllərdədir. Sadəcə olaraq, bu gün insanlar dünyada getməkdə olan çox ciddi geopolitik proseslər zəminində Azərbaycana qarşı bütün istiqamətlərdən hücumların artdığı bir zaman kəsiyində bu cür addımlar atmaqla həm dövlətimizin nüfuzuna zərbə vururlar, eyni zamanda DTX-nın daha vacib dövlətçilik məsələlərindən vaxtını və zamanını alırlar. Bu, bağışlanılmazdır”.

Deputat daha bir vacib məqama da toxundu: “Mənə elə gəlir ki, dövlətçiliyə bağlı olmaq tamamilə başqa bir dəyərdir. Bu dəyəri milli köklərə və dövlətçiliyə bağlı insanlar daşıyır. Həm də bu, ənənəvi xarakter daşıyır, nəsildən-nəsilə ötürülür. Bu da çox vacib bir məqamdır. Kimsənin dünyanın ən yüksək reytinqli ali məktəbinin məzunu olması hələ onun dövlətə və dövlətçiliyə, xalqa bütün varlığı ilə bağlı olması demək deyildir. Bu hallara, sadəcə, çox təəssüf edirəm. Belə halların qarşısını almaq üçün əlbəttə, ölkə başçısının iradəsi ortadadır. Kimsəyə güzəşt olmayacaq. Buna tamamilə əminəm. Bu halların aradan qaldırılması üçün çox ciddi islahatlar gedir. Rüşvətxorluq və korrupsiyanı doğuran amillər, şərtlər aradan qaldırılır. Ona qarşı inzibati tədbirlərlə yanaşı, həm də digər şərtlər də yerinə yetirilir. Bu daha da sürətlənməlidir. Mənə elə gəlir ki, şəffaflığı təmin etmək üçün elektronlaşmaya daha sürətlə keçmək, bu tipli məmurların vəzifələrindən sui-istifadə etmələrinin qarşısını almaq üçün onların rüşvət almağa, korrupsiyaya yol verməyə aid olan mənbələrə girişlərinə imkan verilməməlidir. Bunun yeganə həlli, düşünürəm ki, tamamilə elektronlaşmanın həyata keçirilməsindən keçir”.

Fuad Əliyev: Həbslər davam olunacaq

Fuad Əliyev: “Köklü islahatlar başlanmalıdır”

ALDP rəhbəri Fuad Əliyev belə məmurların “dərs çıxarmamaları”nın səbəblərini sadaladı: “Son illər hakimiyyətdə yenilənmə prosesi gedir. Nazirlər icra strukturlarında yaşlı olanları vəzifədən uzaqlaşdırıb cavanları gətirirlər. 37-40 yaşına qədər olanları vəzifələrə təyin edirlər. Ola bilər ki, onlar savadlıdırlar, amma bu rüşvət, korrupsiya sistemi onları "yeyir". Hesab edirəm ki, yeni təyinatlarla bərabər köklü islahatlar başlanmalıdır. Gömrükdə, vergidə, səhiyyə və təhsil sistemində rüşvət və korrupsiya kökündən yığışdırılmalıdır. Nazirlər Kabineti bütövlükdə ləğv olunmalıdır. Prezident həmçinin icra strukturlarının rəhbəridir. Ona görə də Nazirlər Kabineti ləğv olunub, onun funksiyaları vitse-prezidentlik institutuna verilməlidir. Təqaüd yaşında olanları təqaüdə göndərmək lazımdır. Onlar bu yaşda vəzifədə olub kimə nə fayda verə biləcəklər? Baxın, Yazıçılar Birliyinin köhnə-yeni sədri Anar deyir ki, “mən yazıçılar üçün yaşayış binası, sanatoriya tikirəm. Bu işləri mən başlamışam, mən də yekunlaşdırmaq istəyirəm”. Hörmətli Anar müəllim görün nəyi fikirləşir, demir ki, bu son 20 ildə mən dünyaya səs salan roman, poema və digər ədəbiyyat əsərləri yazmışam, bax buna görə də mən yenidən sədr olmağa layiqəm... Məncə, elə onun sözlərini əsas götürərək, burada yeyintilərdən söhbət gedir. O bilir ki, yeni sədr onun dövründə olan bütün işləri təftiş edəcək və böyük problemlər üzə çıxacaq. Bu, digər sahələrə də aiddir. Niyə yeni təyin olunanlara bu həbslər dərs olmur? Çünki onlar görürlər ki, həbs olunanlar bir-iki il “yatandan”, oğurladıqları pulların müəyyən bir hissəni qaytarandan sonra azadlığa çıxırlar. Həbsxanada qaldığı müddətdə də pis yaşamırlar, ümumi kameralarda qalmırlar. Ona görə də yeni təyin olunanlar fikirləşirlər ki, “fürsət düşüb əlimizə, bundan istifadə etmək lazımdır. Tutsalar da bir-iki il oturub çıxacağam”. Məmurların tikdirdiyi saraylarına baxırsan, ərəb şeyxlərinin elə villaları yoxdur. Məmurlar hektarlarla torpaq zəbt ediblər və az qalıb ki, orada futbol meydançası düzəltsinlər. Korrupsiyada adları hallanan məmurlar həbs olunmalı, əmlakları müsadirə edilməlidir və aldıqları cəza müddətini axıra qədər çəkməlidir".

Ağır xəstəliyi üzə çıxan Şeyx Əbdül: “Canımla əlləşirəm, heç kəs inciməsin”

Şeyx Əbdül Mahmudbəyov: “Dövlət Təhlükəsizliyi Xidməti axtarsa, ortaya çox qanunsuzluqlar çıxar”

Mövzu ilə bağlı Yenisabah.az-a danışan xalq artisti, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyov isə dəfələrlə Mədəniyyət Nazirliyinin tənqid olunduğunu, amma bundan nəticə çıxarmadıqlarını bildirib: “Mən bütün müsahibələrimdə Mədəniyyət Nazirliyinə qarşı mənfi münasibətimi ortaya qoymuşam. Həmişə demişəm ki, o nazirliyin bizim kino tariximizə, kino mədəniyyətimizə heç bir aidiyyəti yoxdur. Çünki kino tamamilə fərqli sənayedir, dünya mədəniyyətidir, biznesdir, siyasət və ideologiyadır. Bunu bilməyən adamlar o nazirlikdə necə işləyə bilərlər? Kino heç vaxt Mədəniyyət Nazirliyinin yedəyində getməyib, ayrıca dövlət təşkilatı olub. Bunu hər zaman demişəm, doğrunu dediyim üçün daha məni tədbirlərə də dəvət etmirlər, canları sağ olsun. İndi də nəticəni özünüz görürsünüz”.

Rejissor ölkə başçısının kinonun inkişafı üçün ayırdığı vəsaitin aidiyyəti üzrə xərclənmədiyini iddia edib: “Prezident hər il 6 milyon manat pul ayırır ki, milli kinomuz yaşasın. O pul gəlib kinostudiyaya çıxmır. Mən bu barədə Maliyyə Nazirliyinə də müraciət etmişdim ki, ayrılan pul gəlib kinostudiyaya çatmır, pullar hara gedir, niyə maraqlanmırsınız? Cənab nazirdən xahiş etdim ki, göndərdikləri pulun üstündə nəzarətçi qoysunlar, baxsınlar görək ayrılan pul aidiyyəti üzrə xərclənir, ya yox.

Belə şeylərə görə Mədəniyyət Nazirliyi ilə daha əlaqəm yoxdur. Mədəniyyət Naziri Anar müəllim həmin posta təyin olunanda 3 dəfə rəsmi mətbuatla ona müraciət etdim. Dedim ki, xoş gəlmisən, 3-4 nəfər sağ qalan kino xadimlərini çağır, görüş, məsləhətləşək, istiqamət verək. Mənə heç cavab da vermədilər. Hələ Dövlət Təhlükəsizliyi Xidməti axtardıqca, ortaya çox qanunsuzluqlar çıxacaq. Mən istəməzdim ki, kinonun adını belə bir korrupsioner nazirliyə bağlasınlar.

Mədəniyyət klublarını, musiqi məktəblərini taxta-şalban sexi, mebel mağazası edən nazirliklə kinonun nə işi ola bilər?!

Çox təəssüf edirəm ki, ölkə Prezidenti bu qədər işlər görür, amma dəyirman öz işindədir... Yenə korrupsiya, oğurluq, çapıb-talamaq davam edir. Bax, belə şeylərə görə həmişə deyirəm ki, güllələnmə bərpa olunmalıdır. Bu cür insanlar cəzasını almalıdır, bir mədəniyyət xadimi kimi çox təəssüf edirəm".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR