İnsanlara hürriyət, millətlərə istiqlal!

Konqresdə anti-Azərbaycan hazırlığı: qondarma respublikanı tanımağa çağırış...

1108 26.04.2023 10:45 Siyasət A A

Ermənipərəst konqresmenlər “Qarabağın müstəqilliyinin tanınması haqqında qanun layihəsi” təqdim edəcək - Bakının reaksiyası nə olacaq?

Ermənipərəstliyi ilə yaxşı tanınan konqresmen Adam Şiff “Qarabağın müstəqilliyinin tanınması haqqında qanun layihəsi” hazırlayıb. O, bu layihəni müzakirə üçün Konqresə təqdim etmək niyyətindədir.

“Yeni Müsavat” bildirir ki, bu barədə “Turan” agentliyinə Vaşinqtondakı məlumatlı mənbələrdən məlum olub. A.Şiff öz videomüraciətində “qanun layihəsi” qəbul edildiyi təqdirdə bu, ABŞ-ın “Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnu tanımağa hazır olması demək olacaq” söyləyib. Qanun layihəsini Bob Menendes, Nensi Pellosi və s. kimi ermənipərəst konqresmenlərin dəstəkləyəcəyi gözlənilir. İlkin müzakirələr Konqres komitəsi səviyyəsində keçiriləcək. Təsdiq edildiyi təqdirdə sənəd bütün Konqresin təsdiqinə təqdim ediləcək. Konqresmen A.Şiff Kaliforniya ştatında ABŞ-dakı erməni icmasının nümayəndələrinin yaşadığı bölgəni təmsil edir. O, ABŞ Konqresində erməni qrupunun sədr müavinidir, həmişə ermənipərəst və anti-Azərbaycan mövqeyi ilə seçilib. 44 günlük müharibədən sonra o, dəfələrlə “bütün erməni əsirlərin və saxlanılan digər şəxslərin” geri qaytarılmalı olduğunu bildirib.

Qeyd edək ki, 2023-cü maliyyə ili üzrə ölkənin müdafiə büdcəsi layihəsinə ermənipərəst demokrat konqresmenlərdən Robert Menendes və Aleks Padila tərəfindən iki, Ceki Şpeyer, Frenk Pellon, Adam Şiff və Toni Kardenas tərəfindən isə 5 düzəliş təklif olunmuşdu. Onlardan 682 və 724 saylı düzəlişlər ABŞ-ın Azərbaycana yardımlarına qadağa qoyulmasını özündə ehtiva edirdi. Şiff ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono regiona səfəri zamanı Azərbaycana qarşı sanksiyalar ideyasını rədd etməsi də Adam Şiffin narazılığına səbəb olmuşdu. Belə görünür ki, erməni lobbisi təsir imkanlarını hələ də saxladıqları ABŞ Konqresində Bakı ilə Vaşinqton arasında ciddi narazılıq yaradacaq anti-Azərbaycan sənədini müzakirəyə çıxarmaqdan başqa çarələri qalmayıb. Bəs bu addıma Bakının reaksiyası və hazırlıqları nə olmalıdır? Belə bir “tanınma” hansı mənfi nəticələri ola bilər?

Konqresmenin sözlərinə görə, Cənubi Qafqazda ermənilərə qarşı təhdidlər hələ də bitməyib, əksinə, guya son aylar ərzində Azərbaycanın Ermənistana və “artsax”a düşmənçiliyi özünün ən yüksək səviyyəsinə çatıb. “Emosional” hisslərə qapılan konqresmen sonra deyib ki, o, heç vaxt erməni xalqının taleyi üçün indiki qədər narahat olmayıb. Onun fikrincə, Azərbaycan Ermənistana və “artsax”a qarşı genişmiqyaslı hücuma keçə bilər.

Arzuxan Əlizadə: “Azərbaycan bu situasiyadan məharətlə istifadə etməlidir”

Arzuxan Əlizadə 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, erməni lobbisinin pulu ilə belə layihələr, təşəbbüslər çox olub. Partiya sədrinin sözlərinə görə, dəfələrlə belə təkliflər, istəklər səslənib: “Bu da növbəti nəticəsi olmayacaq addımdır. Çünki beynəlxalq hüquq var, Azərbaycan unitar dövlətdir və onun ərazisində özünün razılığı olmadan qondarma qurum yarana bilməz. Sadəcə, onların Konqresə seçilməsində erməni lobbisinin ciddi maliyyə dəstəyi var deyə bu şəxslər "borcunu" ödəmək üçün belə uğursuz layihələr irəli sürürlər". AMİP sədri hesab edir ki, konqresmenlərin nə deməsindən asılı olmayaraq, bu qanun layihəsi nəticə verməyəcək: “Bundan əvvəl də heç bir effekti olmayıb. Azərbaycanı öz yolundan heç bir təzyiq vasitəsi geri döndərə bilməz”.

Dalaşmaqdansa, danışmaq lazımdır" - Elşad Musayev ilə müsahibə

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin fikrincə, ABŞ-da bəzi konqresmenlər və Fransa Senatında olan müəyyən qüvvələr zaman-zaman təxribat xarakterli təkliflər irəli sürür. Partiya sədrinin sözlərinə görə, bu da ermənilərin əlinə dəstəvüz verir və ondan beynəlxalq kampaniyada istifadə etməyə çalışırlar: “Rəsmi Bakı buna etirazını bildirməlidir. Həmin konqresmenlərin maliyyə qaynaqları təftiş olunmalıdır. Amerikada oturub Azərbaycan ərazisində oyuncaq bir rejimin müstəqilliyini arzulamaq ABŞ-ın milli maraqlarına ziddir. Texas ayrılmaq istəyəndə buna ciddi müqavimət göstərilmişdi, indi bizim ərazilərimizdə niyə ayrıca respublika olmalıdır? Sözsüz ki, ermənilərin təbliğat metodlarından biridir. Baydenin qondarma soyqırımı dilə gətirməsini də əllərdə bayraq etməyə çalışırlar. Ancaq düşünmürəm ki, konqresmenlərin ermənipərəst qanun layihəsi Konqresdən keçsin və qanuni qüvvəyə minsin. Ötən dövrdə də belə cəhdlər olub. Görünür ki, ermənilərin verdiyi pulun hesabatını belə verirlər”.

KTMT Ermənistanın könlünü almaq işini aparır”

Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublunun fikrincə, buna qanun layihəsi də demək olmaz. Onun dediyinə görə, Konqresdə başqa bir dövlətin suveren ərazisində hansısa separatçı administrasiyanın müstəqilliyinin tanınması presedenti yoxdur: “ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dövlət katibi Entoni Blinken də Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarına qarantiya verilməsi mövqeyimizi təqdir edir. O halda rəsmi Vaşinqtonun iradəsinə zidd olan hansısa qanun layihəsi necə qəbul oluna bilər? Bu da ermənipərəst konqresmenlərin təlxəkliyidir. Onlar Amerikada varlı erməni lobbisinin arzularını ifadə edirlər. Bir növ muzdlu konqresmenlərdir. Eyni zamanda ABŞ tez-tez Ermənistan-Azərbaycan arasında münasibətlərin nizamlanmasının tərəfdarı olduğu bəyanatlarını verir. Lakin bu açıqlamalarda Qarabağın adına rast gəlinmir. Deməli, ermənilərin də pulu batıb, Şiff kimilərin də klonluğu nəticəsiz qalacaq. Necə ki, Nensi Pelosinin İrəvan səfəri uğursuz layihə idi və proje batdı”.

Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycan müzakirələr başlayanda etiraz notası göndərməlidir: “Qanun layihəsi ABŞ-ın qanunverici orqanında qəbul olunmayacaq. Amma biz də etiraz etməliyik. Amerikadakı diasporamız, səfirliyimiz də məsələyə qarışmalıdır. Əgər Konqresə bu məsələlər çıxarılırsa, biz bunun qarşısını almalıyıq. Təsəvvür edin ki, Azərbaycan parlamentində hansısa deputat qanun layihəsi ilə çıxış edir və Texas ştatının müstəqilliyinin tanınması təklifini irəli sürür. Bu da ona bənzəyir və Şiff kimi erməni nökərləri yaxşı olar ki, Azərbaycana gəlsin, Qarabağı, azad edilən əraziləri gəzsin, sonra mövqeyini bildirsin”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR