İnsanlara hürriyət, millətlərə istiqlal!

Klaus Müllerin inhisarçı çıxması

1615 08.12.2022 09:20 Yazarlar A A

Rabitə naziri dünən “Aztelekom”un müdirini işdən çıxarıbdır. Eyni anda inhisarla mübarizə idarəsi də telekommunikasiya nəhəngimizi (özüm belə yazıram, qoy desinlər Qasıməlinin çustu var, kim nə bilir altı yoxdur, üstü var?) yoxlamağa başlamış, orada ciddi qüsurlar tapmışdır. Deyir “Aztelekom” və onun balaca balası “Baktelekom” bazarda monopoliya yaradaraq internet qiymətlərini süni surətdə şişirdir, xalqımıza ziyan vururmuşlar.

Bah, bah... Necə deyərlər, əri döyən arvadı, it də tutdu bir yandan. Bizdə həmişə yıxılana balta çalmaq istəyən çox olur. Nəyə görə? Çünki istilik problemimiz var. Zəhmətkeşlər çalışır yıxılanı doğrasın, sobada yandırıb qızışsın. Əlbəttə, yıxılan ətli-canlı olanda onun tikələrindən uşaqlara şorba bişirmək də olar. Mal-material niyə batsın? Heyfdir. Bir ara gömrükdə general tutulmuşdu, sən demə, o, sərhəddə ələ keçən qanunsuz ərzaqları Fatmayıda, villasının birinci qatında açdığı dükana aparıb satdırır, pulunu cibişdana qoyurmuş. Ləğv eləmək yerinə. Guya qaçaq pendiri ekskavatorla qazıb basdıranda, qanunsuz araqları çuxura töküb yandıranda xalqımız xoşbəxt olur? Əksinə, baxıb dilxor olurduq.

İndi telekommunikasiya nəhəngimizin (bəlkə mən də bu cür yazmaqdan zövq alıram?) başı üzərində qara buludlar sıxlaşarkən mən oxucuların diqqətini işdən çıxan müdirin ismi-şərifinə yönəltmək istəyirəm: Klaus Müller. Bəli, düz oxumusunuz, iki-üç il qabaq hökumətimiz bu idarəyə bir almanı başçı qoymuşdu. Herr Klaus işə götürüləndə onu bizə belə təqdim eləmişdilər: “Avropanın 12 ölkəsində sabit və mobil şəbəkə xidməti göstərən ”Deutsche Telekom"un 50 min işçisi olan bölməsində əməliyyatlar üzrə direktor, Balkan ölkələrində rabitə operatorunun baş direktor müavini, Avropa və Asiyada bir neçə çoxmillətli telekommunikasiya şuralarının sədri və üzvü kimi fəaliyyət göstərib". Lap Abşeronun bəzi kəndlərində elçiliyə gedəndə oğlanı təriflədikləri kimi: “Bizim qədeş vaxtında yatıb-çıxıb, indi də tində durur, day qızı buna vərməyib kimə vərəcəksüz?”

Budur, ay ötüb, il dolanıb, Klaus da fıs çıxıb. Sonra bəzi ağzıgöyçəklər öz millətimizi bəyənmir. Deyirlər kaş o vaxt veteranlar uduzardı, indi nemes pivəsi içirdik. Guya almanlar hamısı dəqiq, düzgün adamlardır, saxtakarlığı, yalanı sevmirlər, ən yaxın dostları da, məsəl üçün, fransızlardır. Bəs nə oldu? Bir nemesi ceyran qoruğuna müdir qoymuşduq, o da ceyran kababı satırdı.

Klaus müəllim əməllicə inhisar qayırıb xalqımızı incidirmiş. Təklif edirəm onu içəri basaq. Düzdür, kameralarda boş yer tapmaq hazırda çətindir, çekist uşaqlar bir ucdan tuturlar, lakin bəs qonaqpərvərliyimiz? Bir xariciyə yer tapmayacağıqsa, o zaman nə üçün yaşayırıq? Yaxşı olar türmələrimizdə qonaq otağı olsun. Qabaqlar kənd evlərinin hamısında qonaq otağı olurdu, ən yaxşı çarpayı, ən yumşaq döşək, ən parıldayan mebel ora qoyulurdu. Nədi-nədi, haçansa bir yolçu, bir azmış-tezmiş gəlib orada ağnayacaqdır. Ailənin uşaqları quru taxtanın üstündə, bir-birinin belində yatırdılar, qonaq otağı isə toxunulmaz saxlanılırdı. A kişi, sən fikirləş, bizdə vaxtilə hətta Qonaqkənd adında rayon olub! Axırda qonaqlar başımıza çıxdılar, dedilər torpaqlarınız bizimdir. Buna son qoymalıyıq.

Qayıdaq Klaus müəllimin rabitəmizi faşistcəsinə istismar etməsi mövzusuna. İnsafən, onda çox günah yoxdur, idarə başı bəlalı, tilsimlidir. Kimi qoyurlar, yeyinti eləyir. Bir ara oradan xeyli adamı içəri basdılar, yolub buraxdılar. Düzəlmədi ki, düzəlmədi. Şair elə bunu görüb yaxşı demişdir: “Dünya düzəlmir ki, düzəlmir, baba”.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR