İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev can hayındadır, Moskva qələbə, Vaşinqton quyruq axtarır...

833 17.07.2024 13:11 Siyasət A A

Ekspert: “Vasitəçilər nə qədər çox olarsa, danışıqlar bir o qədər perspektivsizləşir”

“İkinci Qlobal Sülh Sammitində Rusiyanın da iştirak edəcəyinə inanıram”. Ukrayna prezidenti Vladimir Zelenski belə deyib. Onun fikrincə, İkinci Sülh Sammiti üçün lazım olan bütün məqamlar noyabra qədər hazırlanacaq və sülh müzakirələri 3 mərhələdə aparılacaq. 

İlk mərhələ iyulun sonu - avqustun əvvəlində Qətərdə baş tutacaq. Sammitin bu mərhələsində enerji təhlükəsizliyi planları masaya yatırılacaq. Avqustda Türkiyədə keçirilməsi nəzərdə tutulan ikinci iclas Azov və Qara dənizlərdə gəmiçiliyin təhlükəsizliyinə və pulsuz naviqasiyanın yaradılması mövzusuna həsr olunacaq. Toplantıda həmçinin ərzaq təhlükəsizliyi məsələsi müzakirə ediləcək. Sentyabrda Kanadada keçiriləcək son iclasda isə hərbi əsirlərin mübadiləsi və ukraynalı uşaqların Rusiyadan qaytarılması məsələləri masaya yatırılacaq. 

Zelenskinin sülh planının əsas məqsədi Ukraynanın ərazi bütövlüyünün BMT Nizamnaməsi əsasında bərpasına, Rusiya qoşunlarının Ukrayna dövlətinin ərazisindən tamamilə çıxarılmasına, müharibənin başa çatmasının nəticələrinin qeydə alınmasına və digər məqamlara nail olmaqdır. Rusiya prezidenti Putinin növbəti sülh sammitinə dəvət oluna biləcəyini istisna etməyən Zelenski, bununla belə, rus liderin danışıqlarda şəxsən iştirakını gözləmir. O hesab edir ki, “rus diktatoru ölkəsindən kənara çıxmaqdan çox qorxur” və böyük ehtimalla toplantılara gəlmək istəməyəcək. 

Maraqlıdır ki, bugünlərdə Rusiya xarici işlər nazirinin müavini Mixail Galuzin ölkəsinin rəsmilərinin Ukraynanın təşkil etdiyi növbəti sülh sammitində iştirak etməyəcəyini söyləmişdi. Galuzin bunu onunla izah etmişdi Ukrayna prezidentinin sülh formulu “tamamilə çıxılmaz” motivlər ehtiva edir və “ultimativ” xarakter daşıyır. Rusiya isə heç bir ultimatuma boyun əymək niyyətində deyil. Rusiya rəsmisi bu fikirləri söyləyərkən Ukrayna prezidenti öz sülh təklifini irəli sürməmişdi. 

Bəs bu təklif Rusiya tərəfindən müsbət qarşılana bilərmi? Ümumiyyətlə, dünənə qədər Rusiya lideri ilə görüşməyə tam qarşı çıxan Zelenskinin indi onu sülh sammitinə dəvət etməsi  hansı zərurətdən irəli gəlir? 

Heydər Oğuz Naxçıvanda ona nələrin təklif olunduğunu AÇIQLADI

Heydər Oğuz

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a  açıqlamasında bildirib ki, Zelenskinin bundan əvvəl irəli sürdüyü “Rusiyasız sülh sammiti” formulu mübahisəli yanaşma idi: “Çünki sülh danışıqları yalnız iki qarşı tərəfin iştirakı ilə mümkündür. Onlardan birinin danışıqlarda iştirak etməməsi sülhyaradıcı missiyanı öz hədəfindən uzaqlaşdırır və real sülh əldə etməyin qarşısını alır. II Qarabağ müharibəsindən sonra, hətta ondan əvvəl Minsk Qrupu çərçivədində Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları da sübut etdi ki, vasitəçilər nə qədər çox olarsa, danışıqlar bir o qədər perspektivsizləşir. Çünki bütün vasitəçilər öz maraqlarını da müzakirələrin gözünə qatırlar və əsas tərəflərin anlaşmasına izn vermirlər. Əksinə, vasitəçilərsiz və birbaşa aparılan danışıqlarda daha tez və effektli nəticələr əldə etmək mümkündür. Bu mənada Zelenskinin II Sülh Sammitinə Rusiya tərəfini də dəvət etməsi uğurlu addım kimi qiymətləndirilə bilər”. 

Bununla belə, siyasi şərhçi Rusiyanın sözügedən təklifə müsbət yanaşacağına inanmır: “Məsələ burasındadır ki, Kraml Ukraynanın çarəsiz vəziyyətə düşdüyündən bu təkliflə çıxış etdiyini düşünür. Zelenskinin Vaşinqtonda keçirilən NATO sammitindən sonra həmin təklifi irəli sürməsi də Moskvanın bu düşüncəsini möhkəmləndirir. Belə təsəvvür yaranır ki, Ukrayna tərəfi Vaşinqtondan arzuladığı dəstəyi ala bilmədiyindən bu fikrə düşüb. Üstəlik, bu cür düşünən təkcə Rusiya da deyil. Ukraynanın müttəfiqləri belə, ABŞ-ın sona qədər Kiyevin arxasında dayanacağına inanmırlar. 

Avropa ölkələrinin bu inamsızlığının ən bariz nümunəsi Böyük Britaniyanın yeni baş naziri ilə Zelenski arasında Vaşinqtonda əldə edilən razılaşmanın aqibətidir. Bilirsiniz ki, NATO sammitinin ilk günü İngiltərə baş naziri ilə Zelenski arasında əldə olunan razılaşmaya əsasən, Ukrayna bu ölkədən aldığı uzaqmənzilli silahlardan Rusiyanın dərinliklərinə atəş aça bilərdi. Üzərindən 2 gün keçməmiş London bu sazişdən geri çəkildi. Böyük Britaniyanın Müdafiə Nazirliyindən mediaya verilən açıqlamada “Storm Shadow” (“Fırtına Kölgəsi”) raletlərinin 3 dövlətin birgə istehsalı olduğu açıqlandı və bildirildi ki, ondan necə istifadə edilməsi barədə razılıq da bütün istehsalçılardan alınmalıdır, bu isə mümkün deyil". 

Bənzər hadisənin Polşa ilə də yaşandığını bildirən siyasi şərhçi xatırlatdı ki, sammitdən əvvəl Polşa baş naziri Donald Tuskla Zelenski arasında Ukraynanın hava sahəsini birgə müdafiəsi ilə əlaqədar saziş bağlanmışdı: “İyulun 10-da isə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi mövzu ilə bağlı demişdi ki, ABŞ bu ideyanın əleyhinədir. Çünki müharibənin  yayılmasına yol aça bilər və bu, "nə ukraynalılar, nə polyaklar, nə də başqaları üçün yaxşı nəticələnər". 

İyulun 14-də Ukraynada telemarafonda çıxış edən NATO Baş katibi Stoltenberq isə sözügedən anlaşmaya bu sözlərlə nöqtə qoymuşdu: “NATO-nun siyasəti dəyişməz olaraq qalır - biz bu münaqişədə iştirak etməyəcəyik. Biz münaqişənin bir hissəsi olmayacağıq. Beləliklə, biz Rusiya təyyarələrinin məhv edilməsində Ukraynaya dəstəyimizi davam etdirəcəyik, lakin NATO birbaşa iştirak etməyəcək”.

Heydər Oğuza görə, NATO ölkələri rəsmiləri bu cür çıxışları ilə faktiki olaraq Ukraynanı hələ indidən Rusiya qarşısında müdafiəsiz qoymağa qərar veriblər: “Qabaqdan bir də NATO-nun əsas lokomotivi sayılan ABŞ-da Trampın hakimiyyətə gəlmə ehtimalı getdikcə qüvvətlənir. Trampın isə Ukrayna savaşına münasibəti bəllidir. Böyük ehtimalla o, Rusiyanı bir od topu kimi Avropa ölkələrinin qucağına atıb özü kənara çəkiləcək. Nəticədə ABŞ-ın bu hərəkətindən ən çox əziyyət çəkən Ukrayna olacaq. Məncə, Zelenski bu qaranlıq perspektivi anlayır və indidən Rusiya ilə danışıqlara başlamağa çalışır. Amma dərd burasındadır ki, Putin də Ukraynanın həssas durumla qarşılaşdığının fərqindədir və bu da onu daha çox aqressivləşdirə və zaman qazanmağa həvəsləndirə bilər”. 

Rusiyanın yaranmış fürsətdən istifadə edib Ukrayna ilə bərabər digər Baltikyanı və Balkan ölkələrindən də qisas almaq fikrinə düşə biləcəyindən ehtiyatlanan Heydər Oğuz ABŞ-ın da onu ekskalasiyaya həvəsləndirməsinin mümkünlüyünə inanır: “Açığı, ABŞ-ın müharibənin tezliklə bitirilməsində maraqlı olduğunu sanmıram. O, çalışdığı qədər Avropa ilə Rusiya arasındakı gərginliyi artırmaqda maraqlıdır. Çünki Avropa ilə Rusiya arasında gərginlik nə qədər çox davam edərsə, həm Çinin bu qitəyə marşrutu üzərində böyük əngəllər yaranacaq, həm Avropa ölkələri ondan daha çox silah alacaq, həm də Avropa ABŞ-a daha çox sığınıb onun hegemonluğu altına girəcək. ABŞ Dövlət Departamentinin  sözçüsü Metyu Millerin bu təklif barədə fikirləri də göstərir ki, Vaşinqton Ukraynanın sülh axtarışlarından qətiyyən məmnun deyil. Miller açıqlamasında vurğulayıb ki, Ukrayna "diplomatik danışıqlara nə vaxt, necə və hansı formada başlayacağına özü qərar verir" və Birləşmiş Ştatlar “bu yolu seçsələr, dəstəkləyəcək”. Bununla belə, o, “Kremlin əsl diplomatiyaya heç vaxt şəffav olmadığını” da sözlərinə əlavə edib.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR