İnsanlara hürriyət, millətlərə istiqlal!

Kino İttifaqına sədr seçkisi bu səbəbdən olmadı - Rasim Balayev açıqladı

744 17.01.2024 15:59 Ölkə A A

Şeyx Əbdül Mahmudbəyli: “Bu qədər özbaşınalıq, biabırçılıq olarmı?”

Ötən ilin sonlarında Kino İttifaqına sədrik postu uğrunda mübarizə qızışsa da, sonradan proses səngidi. Məlumdur ki, Xalq artisti Rasim Balayev birləşmiş kino ittifaqlarının sədrliyinə namizəd olub. Ləğv olunmuş digər qurum, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovanın namizədliyinin irəli sürüldüyü deyilirdi.

İddialara görə, Kino Birliyinə yeni bir namizəd Cəmil Quliyevdir.  İctimai TV-nin keçmiş rəhbəri Cəmil Quliyev ötən ay yıxılıb qolunu qırandan sonra bu barədə danışmayıb. Bildirilirdi ki, daha bir nəfər AKİ-nin sədri postuna namizədliyini irəli sürmək niyyətindədir. Həmin şəxs kinorejissor, “Space” TV-nin keçmiş rəhbəri Vaqif Mustafayevdir.

Kino Ittifaqına seçkilər niyə olmadı? 

Xatırladaq ki, ötən ilin iyul ayının 26-da Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kinematoqrafçılar İttifaqı birləşəcəyi barədə bəyanat yaymışdılar. Bildirilirdi ki,  yeni ad kimi Kinematoqrafçılar Birliyi təklif edilib. Xalq artisti Rasim Balayev mətbuata açıqlamasında birliyin qurultayının ilin sonuna doğru olacağını demişdi.

 Bəs Kino Ittifaqına sədr seçkisi niyə olmadı? 

Rasim Balayev Kimdir?1948, Filmləri, Aldığı Mükafatlar.

Rasim Balayev 

Mövzu ilə bağlı Xalq artisti Rasim Balayev “Yeni Müsavat”a qısa açıqlama verərək bunları dedi: "Bəli, düşünürdük ki, ötən ilin noyabr, ya da dekabr ayında qurultay keçirək. Həmin qurultayda da seçki olmalı idi. Lakin sonradan bizə belə məsləhət gördülər ki, bu qurultayı fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisindən sonraya saxlayaq. Yəni prezident seçkisindən sonra qurultaya hazırlaşacayıq".

Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyli isə məsələyə bu cür münasibət bildirdi: “Ümumiyyətlə, belə görünür ki, kino ilə bağlı aidiyyəti insanlar narahat olmaq istəmir. Hərəsi bir yerdə özünə yer edib oturub, kinonun adından istifadə edib, kef edirlər. Kino ilə yalnız kinonun tozu-torpağını udub, onu yaşadanlar, yaradanlar, ehtiyac içində qalıb yaşayanlar narahat olur. 

Şeyx Əbdül Mahmudbəyov: “Rasim Balayevi həbsdən çıxarıb kinoya gətirmişəm,  ona haram olsun”

Şeyx Əbdül Mahmudbəyli

İlk öncə onu qeyd edim ki, eyni adda iki ittifaq dövlət büdcəsindən maliyyələşə bilməz. Birinin adı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, digərinin adı isə Azərbaycan Kinematoqrafçılar İttifaqıdır. Belə çıxır ki, Azərbaycan başqa, Azərbaycan Respublikası başqadır? Rəsmi surətdə Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kinematoqraflar İttifaqının sədrləri, üzvləri Nizami Kino Evində böyük bir tədbirdə bir araya gəldilər. Hər iki ittifaqın sədri bu rüsvayçılığa son qoymaq üçün yazılı bəyanat verdi.

İttifaqların fəaliyyəti donduruldu. Qərara əsasən bir ay müddətində yeni qurultay təşkil olunmalı və hər iki ittifaq bir araya gələrək, sədr seçməli idi. Bu məsələnin üzərindən aylar keçməsinə baxmayaraq, hələ də qurultay təşkil olunmayıb. Hesab edirəm ki, aidiyyəti qurumlar bu məsələni araşdırmalıdır. Axı biz müraciət etmişik. Bu ittifaqların nizamnamələri ləğv edilməlidir. Bəla kinonun başında fırlanır. Kino çəkən, kinonu yaradan yazıqdır. Nəhəng bir mədəniyyət mərkəzi boğula-boğula qalıb. Hərə bir təşkilat yaradıb, özü üçün qazanc yolu seçib.

Hər iki kino ittifaqının sədri hesabat versinlər görək ki, onlar bu illər ərzində necə işləyiblər. Biz də birlikdə müzakirə edək, onların işinə qiymət verək, daha sonra isə namizədləri irəli sürək, səsvermə yolu ilə sədr seçək. Amma bütün bu məsələlər kənarda qaldı. 

Onu da qeyd edim ki, Şəfiqə Məmmədovanın rəhbəri olduğu ittifaq 7 ildir ki, qurultay keçirmir. Yəni nizamnaməyə əsasən quruma sədr seçki yolu ilə seçilməli idi, amma 7 il qurultay, seçki keçirilmədi. Belə çıxır ki, Şəfiqə Məmmədova 7 il ildir qeyri-legitim işləyib, dövlətdən qanunsuz olaraq maaş alır. 

Rasim Balayev də deyib ki, namizədliyi irəli sürülüb. Bu qədər özbaşınalıq, biabırçılıq olarmı? Namizədlər də qurultay yolu ilə seçilir və səs çoxluğu ilə namizədliyi irəli sürülür. Amma bunlar artıq öz namizədliklərini elan ediblər. 

O ki qaldı Kino Birliyinə Cəmil Quliyevin və yaxud Vaqif Mustafayevin rəhbər gəlməsinə, bu, heç kimin istəyi ilə həyata keçirilə bilməz, qeyd etdiyim kimi, yalnız və yalnız qurultay və seçki olmalıdır. Həm Cəmil Quliyev, həm də Vaqif Mustafayev rejissordur. Kino ittifaqı kino xadimlərinindir və kino xadimlərinin də rəhbəri tarixən rejissorlardır və bütün dünyada belədir. Ona görə də, əlbəttə, Cəmil Quliyev, Vaqif Mustafayev və yaxud digər rejissor bu quruma sədr seçilə bilər. Əsas odur ki, bu seçki qanuni, nizamnaməyə əsasən keçirilsin". 

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR