İnsanlara hürriyət, millətlərə istiqlal!

Kino Agentliyinin rəhbəri kim olacaq?- AÇIQLAMA   

1463 21.04.2022 15:45 Mədəniyyət A A

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında” fərman imzalayıb.

Musavat.com xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Azərbaycan Kinematoqrafiya İttifaqının katibi, kinoprodüser Müşfiq Hətəmov "Yeni Müsavat"a bu addımı alqışladığını, agentliyin işlək mexanizm üzərində qurulacağına, müasir dövrün tələblərinə cavab verəcəyinə inandığını bildirdi: "Bu halda Azərbaycan kinosu uğur əldə edə bilər. Kino ictimaiyyətinin iki təklifi var idi: ya Kino agentliyi,ya da Milli Mərkəzin yaradılması. Şəxsən mən Milli Mərkəz və “Asan çəkiliş” sisteminin yaradılmasını təklif etmişdim. Dünyada buna "film comission"deyilir.

Həm yaradıcılığın, həm də xidmətin düzgün tənzimlənməsi üçün Mədəniyyət Nazirliyi, Kinostudiya və özəl studiyalar arasında əməkdaşlığın təmin edilməsini istəyirdik. Hər iki təklif dünya təcrübəsində var. Kino sistemində bacarıqlı mütəxəssislərimiz çoxdur. Azərbaycan kinosunda son 10 ildə istedadlı gənclərin və peşəkarların sayı artıb. İdarəetmədə uğurlu şəxslərin yer alacağına inanıram. Kino agentliyinin komandasına uğurlar arzu edirəm!”

Rejissor Elxan Cəfərovun fikrincə, kino sahəsinin inkişafı üçün ilk addımın atılması önəmlidir: "Xəbəri sizdən eşidirəm. Çox sevindim. Kino agentliyinin yaradılması dövlət dəstəyinin göstəricisidir. Gözləntilərim müsbətdir. Fikir mübadiləsi təbii ki, olacaq. Əsas istiqamətlər təyin olunacaq: tarixi, sosial, müharibə, Qarabağ, psixoloji və s. Kinonun təsir qüvvəsi birdəfəlikdir, təsir dairəsi isə genişdir.

Sovet tərbiyəsi görsəm də, SSRİ-ni sevməmişəm. Filmlərin tərbiyəvi əhəmiyyətinin olmasını istərdim. Psixoloji dramın arxasında məzmunlu fikir olsun, komediya çəkilirsə, boşluq olmasın.  Mədəniyyət Nazirliyində kino ilə məşğul olan kifayət qədər çalışqan gənc kadrlar var. Agentlik həm də bu gənclərin sayəsində yaranıb. Bunu da qeyd etmək lazımdır. Ziyalıların agentliyin fəaliyyətinə töhfə verməsini istərdim. Məsələn, Ramiz Rövşən elə bir insandır ki, bütün sahələrdə peşəkar və psixoloji rəyi, fikri var. İdarəetmədə kim təmsil olunacaqsa,  ona kömək etməyə hazıram”.

Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsindən Musavat.com-a verilən məlumata görə, Azərbaycan Respublikası Kino Agentliyinin yaradılması ilə bağlı bundan sonra həyata keçirilməli olan prosedur ölkə başçısının müvafiq Fərmanında geniş şəkildə öz əksini tapıb: “Agentliyin rəhbərliyi məsələsi ilə əlaqədar isə bildirmək istəyirik ki, bununla bağlı zamanı gəldikdə ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, mədəniyyət naziri Anar Kərimov ötən il mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycanda Kino Agentliyinin yaradılması nəzərdə tutulur. Məqsəd kino sahəsinə investisiyaların, sərmayələrin cəlb olunması, xarici investorları kino sənayemizə cəlb etmək və bununla da Azərbaycan kinosunun inkişafına nail olmaqdır.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR