İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim Putinin nazirlərini niyə qovdu? – ŞOK DETAL

2098 20.06.2024 19:00 Dünya A A

Putinin 2 günlük Şimali Koreya səfəri dünya mediasında müzakirə olunur. Bu səfər kontekstində rusiyalı nazirlərin Kim Çe ilə görüşü zamanı baş verən insident də diqqət çəkir. Belə ki, Şimali Koreya rəsmisi Kim Çen Indan əvvəl iclas zalına daxil olan Rusiya nazirlərini oradan qovub.

Musavat.com xəbər verir ki, bunu görüşün “Komsomolskaya Pravda” YouTube kanalında canlı yayımının görüntüləri göstərir.

İclas zalında Rusiya xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, səhiyyə naziri Mixail Muraşko, habelə Rusiya baş nazirinin birinci müavini Denis Manturov və baş nazirin müavini Vitali Savelyev olub. İştirak edənlər arasında Roskosmos korporasiyasının rəhbəri Yuri Borisov da olub.

Rusiya nümayəndə heyətinin üzvləri danışıqlar masası arxasında öz yerlərini tutmağa başlayandan sonra Şimali Koreya rəsmisi onlardan otağı tərk etməyi xahiş edib. Bu tələbin səbəbi ilə bağlı suala cavab olaraq rəsmi cavab verib ki, görüş otağına əvvəlcə Kim Çen In daxil olmalıdır. Bu, protokoldur, Kim Çe avtoritarizmidir, yoxsa Rusiyaya münasibət?

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Rusiya rəsmilərinin iclas zalından qovulmasının diplomatik protokolla heç bir əlaqəsi yoxdur:

f5ce6e2915e7ae1d337069f920b9ef3e.jpeg (277 KB)

“Diplomatik protokolda kimin harada oturması prinsipi var. Zaldakı masaların üzərinə diqqətlə baxsanız, orada şəxslərin adının yazıldığını görə bilərsiniz. Bu o deməkdir ki, rus yetkililər də özlərinə aid yerdə oturublar. Zaldan qovulanlardan biri də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov idi. Bu adam diplomatiyaya yeni gələn birisi deyil. Saçını-saqqalını bu vəzifədə ağardıb. Hətta rəqibləri belə, onun təcrübəli, yerini, sözünü bilən adam olduğunu etiraf edirlər. Mümkün deyil ki, Lavrov adi protokol qaydalarını bilməsin. Dünyanın ən təcrübəli diplomatının zaldan qovulması onu göstərir ki, Şimali Koreya başqa dünyadır. Onun Yer kürəsi adlanan planetlə yaxından-uzaqdan əlaqəsi yoxdur. Zərrə qədər əlaqəsi olsaydı, Putinin nümayəndə heyəti o cür rəzil vəziyyətə düşməzdi”.

O ki qaldı Rusiyaya münasibətə, Heydər Oğuzun fikrincə, Vladimir Putin Şimali Koreya üçün “əvəzedilməz nemət, Allahın o məmləkətə bəxş etdiyi ən böyük töhfə”dir:

“Avropa ölkələri üçün Vladimir Putin arzuolunmaz sayıla bilər. Bu təbiidir. Ancaq Şimali Koreya üçün isə lider məhz belə olmalıdır. Hər halda Kim Çen İn heç bir parametrlərinə görə Putindən geri qalmır. Hətta Rusiya liderindən fərqli olaraq, o, əmisini, əmisini oğlunu belə şirlərə yem edəcək qədər acımazsızdır. Vladimir Putinin Kim Çen İndən üstünlüyü onun daha böyük dövlətə rəhbərlik etməsi, dünya imperializminə meydan oxuması, Avropanı, ABŞ-ı vahiməyə salıb tir-tir titrətməsidir. O, Şimali Koreyada əsl bayram kimi qarşılanmalı idi və qarşılandı da. Məhz bu bayram əhval-ruhiyyəsinin təzahürü idi ki, Pxenyan küçələri həmin vaxt rus bayraqları və Putinin fotoları ilə bəzədilmişdi. Təbii ki, belə bir adamın əshabələri də onun qədər qiymətli ola bilər. Bu baxımdan Putinin komandasının zaldan qovulması Rusiyaya və ya onun liderinə hörmətsizlikdən irəli gəlmirdi. Sadəcə Pxenyan rəsmiləri öz liderlərinə və ölkələrinin hörmətli müsafirinə tərbiyəsizlik edən şəxsləri zaldan qovmuşdular. Bu şəxslərin “tərbiyəsizliyi” Pxenyan rəsmiləri üçün o qədər heyrətamiz idi ki, onların qənimət insan olduqlarını belə unutmuşdular”.

Bu baxımdan 3-cü versiyanın daha inandırıcı olduğunu bildirən Heydər Oğuz bu biabırçılığın əsl günahını Rusiyanın Şimali Koreyadakı diplomatik nümayəndəliyində görür:

“Çünki Lavrov Şimali Koreyada davranış qaydalarını bilməyə bilər. Amma oradakı diplomatik nümayəndəliyin bunu bilməməsi mümkün deyil. Fikrimcə, Rusiya səfirliyi Putindən tutmuş ən xırda məmura qədər hər biri üçün protokol qaydaları tərtib etməli və onları bu görüşə hazırlamalı idi. Görünən budur ki, bunu etməyiblər. Bu da səbəbsiz deyil. Çünki Şimali Koreya elə bir yerdir ki, oraya heç kimin yolu düşmür. Putinin özü 25 illik hakimiyyəti dövründə ikinci dəfə idi ki, bu ölkəyə səfər edirdi. Bundan əvvəlki səfəri isə 24 il əvvələ təsadüf edirdi. Yəqin ki, həmin dövrdə orada səfir fəaliyyəti ilə məşğul olan diplomat artıq başqa yerdədir. Ondan sonra təyin olunanlar isə bütün fəaliyyətləri boyunca ya Sarı dənizin, ya da Yapon dənizinin sahillərində özlərini günə veriblər. Şimali Koreyanın ictimai həyatından isə xəbərləri olmayıb”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR