İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiberhücumdan necə qorunmalı? - DETALLAR

899 03.03.2023 14:55 Texnologiya A A

"Yeni Müsavat" Media Qrupuna aid "TV Musavat" resursu artıq iki gündür naməlum hakerlər tərəfindən oğurlanıb.

Musavat.com xəbər verir ki, əvvəlcə "TV Musavat"ın yayımlandığı Yutub platformasına bağlı gmail hesabı, daha sonra isə Yutub hesabı ələ keçirilib. Bütün proses 9 dəqiqə çəkib. Bu da heyrət doğurmaya bilmir. Üstəlik, bir sıra suallar yaradır: necə olur ki, ciddi qorunma mexanizmi olan "google"a bağlı e-poçt 2-3 dəqiqə içərisində ələ keçirilir? Yutub hesabı da yaxşı qorunur: onun zəbt olunması, daha sonra bütün videoların (8 min video) stoplanması, kanalın adının dəyişdirilməsi və saxta kriptovalyutaların dələduzluq məqsədi ilə reklamının veriliş kimi başladılması... daha 5 -6 dəqiqə sürür. Parolları, kodları bilən hər hansı əməkdaşımız bu qədər qısa zamanda bütün bu prosesləri etməkdə çətinlik çəkərdi. Yalnız bu fakt sübut edir ki, kifayət qədər peşəkar, qrup şəklində işləyən bir haker heyəti ilə üz-üzəyik. Bu heyət "TV Musavat" kimi populyar bir resursu iki gündür ələ keçirib və onun fəaliyyətinin dayanmasına səbəb olub.

373e29991065bd942a1d1f81e96e9bf4.jpg (269 KB)

"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu Musavat.com-a deyib ki, haker hücumunun nəticələrini aradan qaldırmaq üçün gecə-gündüz çalışırlar: "Dövlət Təhlükəsizliyi Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq idarələri dayanmadan çalışırlar. Bütün proses mənimlə də koordinasiya edilir, gəlinən nəticələrə dair qənaət və məlumatlar bölüşülür. Biz özümüz də ciddi bir fəaliyyət göstərməkdəyik. Bakıdakı heyətə Kanada, İngiltərə və ABŞ-dakı dostlarımız da qatılıb. "Google" və Yutub mərkəzləri ilə əlaqə saxlamışıq, çoxsaylı yazışmalarımız var. Ciddi bir mərhələ keçmişik. Bu halda proses yavaş irəliləyir, amma biz məsələni, prinsipcə, həll etmişik. Yaxın zamanlarda "TV Musavat"ın geri qayıdacağı mütləqdir. Lakin bu cür problemləri olan kanallar minlərlədir. Bu da gətirib problemli kanalların növbə gözləməsinə çıxarır. Əlimizdən gələn bütün vasitələrlə məsələni daha sürətli həll etməyə çalışırıq. Düzgün addımlarımız bizi ciddi nəticələrə gətirib çıxarıb".

R.Arifoğlu bildirib ki, haker qrupu Azərbaycanda başqa resurslara da zərər verib: "Mən DTX-nin müvafiq qurumunun fəaliyyətini təqdir edirəm. Bu məsələ ölkəyə kibertəhdid səviyyəsində diqqətə alınıb, araşdırılır. Mənə dedilər ki, iki qrupa dair şübhələr var. Həmin qrupların hansı ölkələrə bağlı olduqları da məlumdur. Bir sözlə, ciddi iş gedir və uğurlu nəticəyə az qalıb".

Məlum olduğu kimi, bir neçə gündür ki, "Səs" İnternet Televiziyasının Yutub, eləcə də "Səs TV" xəbər kanalı haker hücumuna məruz qalıb.

"Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev Musavat.com-a açıqlamasında bildirib ki, hər iki kanalın müəlliflik hüququ var idi və bu hadisələrə görə, "Baku CMS" və "Youtube" şirkəti cavabdehlik daşıyır.

-7c21c08016022415959888602631068894.jpg (391 KB)

B.Quliyev qeyd edib ki, hər iki şirkət barəsində kanala dəymiş ziyana görə, təzminat davası açılacaq və məhkəməyə müraciət olunacaq: "Dövlətçilik ideologiyasına xidmət edən media qurumları hədəfə tuş gəlir. "Səs" informasiya agentliyi dəfələrlə Ermənistan tərəfindən haker hücumuna məruz qalıb. Yutub platformasının özəlliyi budur ki, kanalın təhlükəsizliyinə cavabdehlik onun öhdəliyindədir. Budəfəki hücum böyükdür. Hücum edilən kanallar dövlətçiliyə xidmət edən kanallardır. Dünyanın müxtəlif ölkələrində yaşayan şəxslər tərəfindən idarə olunan böyük müxalifət kanallarına hücum olmayıb. Düşünürəm ki, bu, İranın sırf kiberhücumlarla məşğul olan təşkilatının hücumu ola bilər. Çünki Cənubi Azərbaycan mövzusu gündəmə gələndən demək olar ki, hər gün bir canlı efir bu mövzuya həsr olunurdu. Bizim media qurumuna əvvəlki dövrlərdə İrandan da hücumlar olmuşdu. Təhlükəsizliyimiz güclü təşkil olunmuşdu deyə hücumun qarşısını vaxtında ala bildik. Bu dəfə isə təəssüf ki, kanalı qoruya bilmədik”.

Bəhruz Quliyev vurğulayıb ki, kanalın bütün videoları silinib: "30 mindən artıq video silinib. Təxminən 200 min abunəçimiz var idi. Biz bu kanalı 12 il öncə yaratmışıq. Kanal üzərindən reklamlar yayımlanırdı, yəni öhdəliklərimizi yerinə yetirə bilmirik. Bizə maddi və mənəvi ziyan dəyib. Açığı, kanalın satıla biləcəyindən qorxuram. Kanalın bərpa olunması ilə bağlı konkret müddət bildirilməyib. Araşdırma aparılır, iş gedir".

"Yeni Müsavat" Media Qrupunun əməkdaşı Məhəmməd Türkmən isə bildirib ki, qabaqlayıcı tədbir kimi lisenziyaların əldə edilməsi mütləqdir, əks halda kiberhücum üçün şərait yaranır: "Hazırda Azərbaycanda əksər kompüterlərdə viruslar var, çünki hər kəs proqramların pulsuz versiyalarından istifadə edir. "Google"a gəlincə, özünün müdafiə sistemi var, amma bəzən bu sistem işə yaramır. Uzun müddət istifadə edilən kompüterə sızma mümkün olduqda o kompüter kənardan idarə olunur, nəticədə "Google" onu daimi istifadəçi kimi qəbul edir. Bunun qarşısını almaq üçün "Google"un bütün müdafiə sistemlərini tətbiq etməli, ehtiyat elektron poçt ünvanı güclü qorunmalıdır, əlaqə nömrəsi daim aktiv olmalıdır və ən önəmlisi, giriş icazəsi hər hansı problem yarandıqda müdaxilə edə bilmək üçün anlayışı olan birində, yaxud mütəxəssisdə olmalıdır. Çünki 10 dəqiqə ərzində müdaxilə etmək lazımdır. İstənilən xırda problemdən sonra cihazlar formatlanmalı, şifrələr yenilənməlidir. Hesabın böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, sosial şəbəkələrdəki şifrələr dəyişilməlidir. Hər biri fərqli olmalıdır".

6dce5a7f-1d8e-4ace-b268-284c379d3321_850.jpg (116 KB)

Mətbuat Şurası da kiberhücumlarla bağlı bəyanat yayıb:

""Musavat TV" və "Səs TV" haker hücumuna məruz qalıb. Bu media orqanlarının emailləri ələ keçirilib, bazaları silinib. Mətbuat Şurası ölkəmizin digər aparıcı kütləvi informasiya vasitələrinin də oxşar xoşagəlməz aqibətlə üzləşəcəyi ehtimalının yaranmasından narahatdır. Hadisənin, demək olar, eyni vaxtda baş verməsi belə bir təhlükənin mövcudluğundan xəbər verir. Baş vermiş hadisə kiberhücumlara qarşı mübarizəyə ciddi yanaşmağı aktuallaşdırmaqdadır. Hadisə, eyni zamanda, kibertəhlükəsizliyin təminatına yönələn məqsədyönlü, ardıcıl və təxirəsalınmaz tədbirlərin görülməsi, hazırda həyata keçirilən işlərin gücləndirilməsi zərurətini doğurmaqdadır. Yalnız adını çəkdiyimiz media orqanlarının deyil, ümumilikdə, milli resurslarımızın bazalarının qorunması, həm də ölkəmizin informasiya təhlükəsizliyinin mühüm komponentidir. Hadisə onu da göstərir ki, media orqanlarımızın öz bazalarını milli resurslarda yerləşdirmələrinə ehtiyac var. Ötən illərin də təcrübəsi bu baxımdan xarici ölkələrdəki xidmətlərdən istifadənin kifayət qədər effektiv olmadığını, maksimum təhlükəsizliyə zəmanət vermədiyini söyləməyə əsas verir. Mətbuat Şurası ölkəmizin aparıcı media qurumlarını bunu nəzərə almağa, mövcud istiqamətdə fərdi tədbirlər görməyə çağırır. Mətbuat Şurası, həmçinin, aidiyyəti dövlət orqanlarını baş vermiş hadisəyə həssas yanaşmağa, onun araşdırılması, tez bir zamanda hüquqi qiymətin verilməsi, günahkarların tapılaraq məsuliyyətətə cəlb edilməsi ilə bağlı operativ tədbirlər həyata keçirməyə çağırır. Şura əmindir ki, müvafiq strukturlar digər media orqanlarımızın da eyni xoşagəlməz hallarla üzləşməmələri üçün fəaliyyətlərini daha da gücləndirəcəklər".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR