İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəndlər və anklavlarla bağlı son sözü kim deyəcək?

970 15.03.2024 10:08 Gündəm A A

Ermənistanın baş nazirinin gərginliyi tətikləyən açıqlamalarından sonra bu ölkədə orduya əlavə çağırışın anonsu verildi; ekspertlərə görə, Azərbaycan Ordusu istənilən vaxt işğalda olan dörd kəndə girə bilər 

Ermənistan hökuməti Qazax rayonunun anklav olmayan dörd kəndinin Azərbaycana qaytarılması ilə bağlı açıqlama verib. "AzadlıqRadiosu"nun Ermənistan xidməti qeyd edilən məsələ ilə bağlı hökumətə göndərdiyi sorğuya yazılı cavab alıb.  Məlumatda qeyd olunur ki, Ermənistan Nazirlər Kabineti Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin delimitasiya və demarkasiya prosesindən əvvəl Azərbaycana qaytarılmasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb. 

Bildirilib ki, bu cür yerləşdirmə hüquqi qüvvəyə malik sənədlər əsasında həyata keçirilməlidir. “Buna əsasən Ermənistan ərazisi de-yure Ermənistan Respublikasının, Azərbaycan ərazisi isə Azərbaycan Respublikasının idarəsi və nəzarəti altında olmalıdır”, - deyə hökumət qeyri-müəyyən cavab verib. Hökumətdən bildirilib ki, Ermənistan bu cür qərarlar əsasında sərhədi çəkməyə hazırdır.  “Ermənistan Tavuş bölgəsinə bitişik ən problemli ərazilərdə eyni düsturdan istifadə edərək həll yollarını tapmağa hazırdır”, - daha sonra rəsmi cavabda əlavə edilib. Anklavlara gəlincə, Ermənistanın bu ərazilərin de-yure hüquqi qüvvəyə malik sənədlər əsasında delimitasiya və demarkasiyanı yenidən başlanğıc nöqtəsi kimi götürdüyü onların məsələsinə daha sonra baxacağı aydındır. Yazılı suala cavabda həmçinin baş nazir Nikol Paşinyanın martın 12-də keçirdiyi mətbuat konfransında Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir ərazi iddiası olmadığı, eyni zamanda öz suveren ərazisindən imtina edə bilməyəcəyi barədə bəyanatına da istinad edilib.

Bu arada, Ermənistan ordusuna əlavə çağırışın anonsu verilib. Fransa və Hindistandan silahlar alan, daşınma üçün İran üzərindən dəhliz açılması istiqamətində hərəkətə keçən Ermənistan sülh danışıqları pərdəsi altında əslində hərbi təxribatlara hazırlaşır. Məlumata görə, aprelin 15-dən iyulun 15-dək Ermənistanda ehtiyatda olan hərbçilər üçün müntəzəm təlim-məşq toplanışları keçiriləcək. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Xəbərdə qeyd edilir ki, Ermənistanda 2024-cü il aprelin 15-dən iyulun 15-dək ehtiyatda olan hərbçilər: sıravi əsgərlər, sıravi zabitlər və birinci və ikinci kateqoriyalar üzrə qeydiyyatda olan birinci qrup ehtiyatda olan zabitlər üçün təlim-məşq toplanışları keçiriləcək. Təlim-məşq toplanışında 435 nəfərə qədər şəxs iştirak edəcək ki, onlardan 128 nəfəri sıravi və kiçik zabit, 9 nəfəri ali zabit, 298 nəfəri isə zabit korpusunun ehtiyatda olan zabitidir. Bildirilir ki, təlim döyüş vərdişlərinin ümumi səviyyəsini, eləcə də ehtiyatda olan zabitlərin hazırlığını təmin etmək məqsədilə keçirilir.

“Paşinyan mətbuat konfransında Tavuş rayonuna bitişik olan kəndləri Azərbaycana qaytarmağa hazır olduğunu təsdiqləyib. Baş nazir bildirir ki, bu kəndlər Ermənistanın suveren ərazisində deyil, 1990-cı illərdə müharibə nəticəsində nəzarətə götürülüb. Paşinyanın açıqlamalarından görünür ki, bu, birtərəfli güzəştlə olacaq və Azərbaycan qoşunlarını sərhəddən geri çəkməyəcək”. Bu barədə isə “Hraparak” nəşri yazıb. Nəşr qeyd edir ki, hazırda Tavuş istiqamətindəki 7 kəndin 4-nün qaytarılmasından bəhs edilir: “Söhbət Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərindən gedir”. Nəşr “bu kəndlər qaytarılsa, nə olacaq” sualını da araşdırıb. “Ermənistan Silahlı Qüvvələri həmin 4 kəndin ərazisindən çıxmalıdır. Bura üçüncü ordu korpusu nəzarət edir. Bu korpusa vaxtilə general Onik Qasparyan, general Qriqori Xaçaturov rəhbərlik edirdi. Ola bilər ki, bu generallar həm də bu kəndlərin qaytarılmasına görə hökumət tərəfindən təqib edilirdi. Ekspertlər bildirir ki, üçüncü korpus düşmənlə müqayisədə daha əlverişli mövqedədir. Kəndlər təhvil veriləndən sonra bu mövqelər azərbaycanlılara keçəcək və biz daha əlverişsiz vəziyyətə düşəcəyik. Bundan başqa, Gürcüstanla dövlətlərarası yol və Ermənistana gələn qaz kəməri də bu ərazidən keçir. Ermənistan yeni yol tikməli, qaz kəmərini ölkənin dərinliyinə doğru çəkməlidir. Bu, həm maliyyə, həm də zaman tələb edir”, - nəşr yazır. Göründüyü kimi, ziddiyyətli xəbərlər bir-birini əvəz edir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında növbəti hərbi toqquşmaların olacağı barədə ABŞ kəşfiyyatının xəbərdarlığı yayılıb. Eyni zamanda Ermənistan paytaxtına səfər edən ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono İrəvanda Ermənistan parlament sədrinin müavini, Türkiyə ilə danışıqlar aparan nümayəndə heyətinin başçısı Ruben Rubinyanla görüşüb. Görüşdə Türkiyə-Ermənistan normallaşma prosesinin gedişi müzakirə olunub. Tərəflər Cənubi Qafqazda təhlükəsizliyə dair məsələlərə də toxunublar. Məlumata görə, görüşdə ABŞ-ın İrəvandakı səfiri Kristina Kuin də iştirak edib.

Bundan əvvəl məlumat yayılmışdı ki, Birləşmiş Ştatlar və Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhü təşviq etmək üçün birgə işləməyi öhdəlik götürüblər. Xəbər verildiyi kimi, bu barədə Türkiyə-ABŞ Strateji Mexanizminin yeddinci görüşü ilə bağlı bəyanatında vurğulanırdı. Qeyd olunub ki, dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə 7-8 mart 2024-cü il tarixlərində Vaşinqtonda ABŞ-Türkiyə Strateji Mexanizminin yeddinci iclası keçirilib. "Cənubi Qafqaz məsələsində Blinken və Fidan Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləmək öhdəliyi götürüblər və bunun regional sabitliyə, əməkdaşlığa və rifaha kömək edəcəyinə dair razılığa gəliblər", - məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı növbəti dəfə sülh mesajını səsləndirib. “İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq”, deyən dövlətimizin başçısı daha sonra bildirib: “Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”.

Göründüyü kimi, Azərbaycan sülh mövqeyindən bəhs etdiyi halda, Ermənistanda aqressiv əhval hökm sürməkdədir. Nikol Paşinyanın gərginliyi tətikləyən açıqlamaların, Ermənistan ordusunun eskalasiyaya hazırlaşması fonunda ABŞ diplomatının bölgəyə səfəri diqqət çəkir. Bəs bundan sonra nələr olacaq?

Deputat Sahib Alıyev: "Sağalmaq üzrəyəm" | 1news.az | Xəbərlər

 Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistan rəhbərliyinin Azərbaycanın 4 kəndinin qaytarıla biləcəyi haqda üstüörtülü açıqlaması Münxen danışıqları zamanı cənab İlham Əliyevin Paşinyanın qarşısında qoyduğu tələbə qarşı tərəfin verdiyi reaksiyanın ikinci mərhələsidir: “Xatırlayırsınızsa, birinci mərhələdə onlar başqa hava çalırdılar. Ermənistan baş naziri Münxenin ardından Parisə baş çəkib döndükdən sonra əcaib bir xəritə yayaraq Azərbaycanın guya onların 31 kəndini "işğal altında, yaxud da nəzarətdə saxladığını" iddia edirdi. Görünür, Makronla məsləhətləşmədən sonra onlar bizim işğal altındakı kəndlərimizi qaytarmaq tələbimizin qarşılığında belə bir gediş etməyə, delimitasiyaya öz arzuladıqları yerdən başlanmasının təmininə çalışdılar. Həm də bilə-bilə ki, bu mümkünsüzdür. Bunun mümkünsüzlüyünü dərk etmələri üçün yəqin ki, yenə də vaxta və   xəbərdarlığa ehtiyac yaranıb".  S.Alıyev də təsdiqlədi ki,  bu haqda açıqlama Türkiyə xarici işlər nazirinin Vaşinqtondakı görüşlərinin dərhal ardından və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun regiona səfəri ərəfəsində verildi: “Fikrimcə, burada elə məhz Ermənistanın ikinci havadarının diktəsi müəyyən rol oynayıb. Vaşinqtondakılar Ermənistan rəhbərliyinə başa salıblar ki, birinci havadarlarının, yəni Fransanın məsləhəti ilə hərəkət etmələri onlara yenidən baha başa gələcək. Fransa Avropa Parlamentində Azərbaycanda onu hazırlayanlara nifrət doğurmaqdan başqa heç bir təsiri olmayan növbəti sənədi dövriyyəyə buraxmaqdan o yana gedə bilməyəcək. Açığı, ABŞ-ın yeni "balanslı" sülh təklifinin arxasında nə dayandığını bilmirəm, ancaq o dəqiqdir ki, bizim işğal altındakı kəndlərimizlə bağlı Ermənistan rəhbərliyi üçüncü mərhələyə də baş vurmalı olacaq, çünki həmən kəndlərin sayı 4 yox, 8-dir. Azərbaycanın dövlət başçısı isə həmin kəndlərin işğal altında qalmalarının dözülməz olduğunu deyib. Cənab İlham Əliyevin bu sözü elə-belə işlərmətdiyini və onun havaya deyilmədiyini isə qarşı tərəf çoxdan bilir".

Rusiya Avropa İttifaqının Azərbaycana qarşı təzadlı siyasətindən  faydalanır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə 

Politoloq Məhəmməd Əsədullazadə isə bu fikirdədir ki, Ermənistan Azərbaycanın dörd anklav olmayan kəndini rəsmən işğalda saxlayır: “Bu kəndlər qeyd-şərtsiz qaytarılmali və heç bir danışıqlar predmeti olmamalıdır. Ermənistan manipulyasiya edir, amma dolayı yolla etiraf edir ki, bu kəndlər Ermənistana aid deyil. Azərbaycan dörd anklav olmayan kəndlərin qaytarılması üçün hərbi əməliyyatlar keçirmək hüququna da malikdir. Azərbaycan danışıqlara üstünlük verir və İrəvan da bunun ciddi nəticələr olacağının fərqindədir. Anklav kəndlərlə bağlı məsələyə isə delimitasiya prosesində baxmaq olar. Amma anklav olmayan kəndlər delimitasiya predmeti ola bilməz. Ermənistan tərəfi əvvəl 31 kənd iddialarını ortaya atmışdı. Çalışırdi ki, Azərbaycandan bu kəndlərlə güzəştlər əldə etsin”. M.Əsədullazadə qeyd etdi ki, Ermənistan tərəfi danışıqlar yolu ilə torpaq geri verməyib: “Azərbaycanın ciddi təzyiqləri fonunda buna nail olur. Hesab edirəm ki, dörd kəndi Ermənistan delimitasiyaya  salmağa və xalqa göstərməyə çalışacaq ki, bu kəndlər sərhədi müəyyənləşdirəndə Azərbaycana verildi. Ermənistan buna çalışır. Ermənistan tərəfi həmin dörd kəndi Azərbaycana təhvil verəcək. Əks halda, Azərbaycan Ordusu istənilən vaxt işğalda olan dörd kəndə girə bilər”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR