İnsanlara hürriyət, millətlərə istiqlal!

Kasıb ölkənin milyarderi, milyarderin ölkəsinin kasıbları

5008 09.03.2024 08:01 Yazarlar A A

 

Dünyada ən çox kasıbın yaşadığı ölkə Hindistandır. Statistik göstəricilərə görə, bu ölkədə 900 milyon insan ac-yalavacdır, zor-bəla dolanır.

Yüz minlərlə insan küçədə yatır Hindistanda. Yaxşı ki, iqlim şəraiti imkan verir, şaxta yox, sazaq yox, həmişə istidir. Bircə musson yağışları zamanı problem olur, onda da örtülü bir yer tapır, altına girirlər.

Bu yaxınlarda İnternet resurslarında bir rus bloqerin Hindistandan hazırladığı süjet vardı, bu xüsusda maraqlı detallar açıqlayırdılar. Nyu-Dehlidə çalışan gənc özbək qadın küçədə yatanları bloqerə göstərərək deyirdi ki, 5-6 il öncə Modi hökuməti bu adamları yerləşdirmək üçün qəsəbələr tikib, bunları da aparıb evlərdə yerləşdiriblər. Amma bir müddətdən sonra onlar evlərini dəyər-dəyməzinə satıb, gəliblər təzədən parklarda, səkilərdə yaşamağa. Heç nə, altlarına bir döşək atır, yaşayırlar, hesab edirlər ki, azadlıq hər şeydən əzizdir.

Londonda hüquq təhsili alan, CAR-da vəkil işləyən, sonra ölkəsinə qayıdaraq, bir mələfəyə bürünüb də zahidanə həyat tərzi keçirən, ömrünü xalqının azadlığına həsr edən yazıq Mahatma Qandi bilsəydi ki, hindistanlılar 100 ildən sonra da 1924-cü ildəki olacaqlar, bəlkə də ingilislərlə, 4-cü Georqla, Çemberlenlə, Çörçillə üz-göz olmazdı.

İndi işə baxın ki, bütün dünya hazırda Hindistanda bir nişan mərasiminə xərclənən milyonlardan, təmtəraqdan, təntənədən, ehtişamdan danışır. Bunu ölkənin ən varlı adamı Mukeş Ambani təşkil edib.

Bir tərəfdə küçədə yatan yüz minlər, kasıbçılıq çəkən 900 milyon insan, o tərəfdə xaricdən gələn qonaqlara xərclənən milyonlar. Təkcə nişan mərasimində 5 mahnı oxuyan amerikalı müğənni Rihannaya 6,5 milyon dollar qonorar ödənilib. Hər mahnıya görə - 1 milyon 300 min dollar. 5 mahnının 4 dəqiqədən götürsək – 20 dəqiqə. Nəyinə bəs deyil? 20 dəqiqəyə kim 6,5 milyon dollar qazanır? Bizdə bərkgedən müğənnilər yarım saatlarına 10 min manat istəyəndə aləm bir-birinə dəyir.

Bir iş var ki, bizdə nə Mukeş Ambani, Lakşmi Mittal, Anil Ambani, Əzim Həşim Premji kimi milyarderlər yoxdur, nə də Rihanna, Beyons kimi oxuyanlar. Şükür gözəgörünməzə ki, kasıbçılıqdan küçədə yatanlarımız da yoxdur. Hərdən elə etmək istəyənlər olur, tutub aparırlar qocalar evinə.

Maraqlıdır, adları yuxarıda çəkilən dörd hindistanlı milyarderin 3-ü qucarat millətindədir, yalnız Mittal indusdur. Mukeş və Anil isə qardaşdırlar. Böyük qardaşın 110 milyard dolları var, balacanın 14 milyardı. Bəlkə də Anil qardaşından çox kasıbdır deyə təvazökar dolanır, ət yemir. Milyarder qardaşlar 3 ildir küsülüdür, aralarında söz-söhbət olub. Ta bilmirəm Mukeş Anili oğlunun nişanına çağırıb, ya yox. Amma yəqin ki, iyunda olası böyük toya çağıracaq – “gəlsin, xələt versin bəyin əmisi”-zad.

Mukeş özü 173 metr hündürlüyü olan evdə yaşayır. 27 mərtəbəli evdir, amma 40 mərtəbə boydadır. Tavanları hündür götürüb. Evində 600 nəfər qulluqçu, xidmətçi, mühafizəçi saxlayır. Yenə sağ olsun, 600 nəfərə çörək və ev verib (İşçilərin hamısı onunla bir yerdə yaşayır).

Yuxarıda sözügedən nişain zamanı 50 min adama, kastasından asılı olmayaraq, 3 gün boyunca yemək-içmək verilib. Hələ böyük toyda lap zırıltı olacaq. Ola bilər, Rio karnavalı kimi bir şey təşkil edəcəklər, 100 min adam qatılacaq, 7 gün kef-damaq olacağı gözlənilir. Bəs nə? İnsan həyata bir dəfə gəlir. O qədər pulu yığıb hara aparacaq, qoy xərcləsin.

Ancaq yaxşı olar ki, Ambani qardaşları və Hindistanın digər milyarderləri ölkədə çoxlu rezin məmulatları istehsal edən fabriklər açsınlar və hər gün camaata müftə-müsəlləm məmulat paylasınlar.

Bax, 30-40 il əvvəl Çinin böyükləri gördülər ki, bu templə artan əhalinin qarşısını təbii yolla ala bilməyəcək, hər cür tədbirlərə əl atdı, cütləşmələri qadağan etməsə də, döl kampaniyasını məhdudlaşdırdı, “hər ailədə bir uşaq” limiti qoydu. Nəticədə bu gün Çin əhalisinə görə dünyada ikincidir. Birinci yerdə isə Hindistandır. Onun da 900 milyonu kasıbdır.

Dünyada kasıbların sayını artırmağa nə ehtiyac var axı? Qoy Mukeşin 100 övladı olsun, hərəsinə 1 ton qızıl miras qoyacaq, yüzü də milyarder olacaq. Lap onun 1000 övladı da ola bilər, yenə hamısı varlı yaşayacaq, amma küçədə yatan Vişvanatan, sənin cibində 5 rupi pulun yoxdur,  əvəzində doqquz uşağın var. Nə xəbərdir?

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR