İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadadan Azərbaycana qarşı təxribat - Bakıdan sərt reaksiya olacaq

4098 23.01.2023 19:01 Siyasət A A

ABŞ, Fransa və Avropa Parlamentinin ardınca Kanada da Laçın yolundakı aksiyanı bəhanə edərək, Azərbaycana qarşı təxribat hazırlayır. Belə ki, məlumatlara görə, “artsax”ın ABŞ və Kanadadakı “nümayəndəsi” Robert Avetisyan və qondama “artsax ombudsmanı” Geqam Stepanyan Azərbaycanın guya “atsaxı” blokadaya alması ilə bağlı müzakirələrdə iştirak etmək üçün Kanada parlamentinə dəvət olunacaqlar. “Daşnaksütyun”un mərkəzi ofisinin məlumatına görə, Kanada parlamentinin müxalifət fraksiyalarının köməyi ilə artıq “artsaxın blokadası” məsələsi ilə əlaqədar Kanada Parlamentinin Xarici Əlaqələr Komitəsinin xüsusi iclası çağırılıb. “Müzakirənin yekunlarına əsasən, bu məsələ ilə bağlı daha üç görüşün təşkili, o cümlədən “artsax respublikası”nın ABŞ və Kanadadakı “nümayəndəsi” Robert Avetisyan və “ombudsman” Qeqam Stepanyanın münaqişə ilə bağlı vəziyyəti müzakirə etmək üçün dəvət edilməsi qərara alınıb”, - məlumatda bildirilir.

Bundan başqa, Kanada parlamenti komitəsinin müvafiq qərarında üstəlik, “Dağlıq Qarabağ Respublikası” ifadəsi işlədilib ki, bu da açıq aşkar Kanadanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə həqarətidir.

Əlavə edək ki, 44 günlük müharibə zamanı özünü Azərbaycana qarşı aqressiv aparan ölkələrdən biri də Kanada və onun hökuməti olub. Hətta o zaman bu ölkə “Bayarktar”ların istehsalında istifadə olunan Kanada istehsallı WESCAM optik kameraların (PUA-nın “gözü” sayılır) Türkiyəyə tədarükünü dərhal dayandırmışdı.  

Adıçəkilən ölkə tərəfindən növbəti gözlənilən təxribatla bağlı rəsmi Bakı Kanadanın səfirini Xarici İşlər Nazirliyinə çağırmalıdırmı? Ön tədbirimiz nə olacaq? Kanadanın bu cür addımlarının vəziyyətə, prosesə hansısa ciddi təsirinin olması mümkünmü?

16742005956455245115_1200x630.jpg (269 KB)

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğu bəllidir. Belə olan halda hər hansı blokadadan danışmaq qərəzdir və düşmənçilikdir:

“Təəssüflər olsun ki, yenə də bəzi ölkələr beynəlxalq hüquqa arxa çevirərək Azərbaycanın ərazisi olan bir bölgənin adını təhrif edirlər, həmin bölgədəki separatçıları, cinayətlər törətmiş şəxsləri qəbul edirlər, onlarla görüşürlər. Bu cür dövlətlər və beynəlxalq təşkilatlar belə addımları ilə sülhə deyil, regionda qarşıdurmalara, gərginliyə xidmət edirlər. Çox təəssüflər olsun ki, Kanadanın da beynəlxalq hüququ pozması və sülh əleyhinə addımlar atacağı gözlənilən idi. Kanada 44 günlük müharibə dövründə də beynəlxalq hüquqa hörmətsizlik edərək işğalçı tərəfin yanında oldu. Amma nə Kanadanın, nə də onun kimi digər dövlətlərin müharibə dövründə tutduqları yol, atdıqları addımlar Azərbaycanı haqlı mövqeyindən döndərə bilmədi. Azərbaycan öz haqq davasını apardı və qalib gəldi. Kanada və digər onun kimi ermənipərəst dövlətlərin indiki hay-küyləri, qəbul etdikləri hansısa qətnamə və bəyanatların da Azərbaycanı öz haqq yolundan döndərməsi mümkün deyil. Çünki həmin dövlətlər beynəlxalq qanunları pozur, Azərbaycan isə beynəlxalq qanunlara, humanitar qaydalara uyğun hərəkət edir. Kanada parlamentinin erməni separatçılarını dəvət etməsi bu dövlətin sülhə yox, işğalçıya, separatizmə dəstək verdiyinin növbəti nümayişidir. Belə dövlətləri dünyanın mütərəqqi dövlətləri, dünya xalqları, dünya ictimaiyyəti qınamalıdır”.

Ç.Qənizadənin sözlərinə görə, Azərbaycan dövləti isə Kanadanın növbəti təxribatına qarşı qanunlara uyğun formada addımlarını atmalıdır və yəqin ki, atacaq: “Kanadadakı səfirliyimiz vasitəsilə həm bu ölkənin Xarici İşlər Nazirliyinə, həm də parlamentinə rəsmi etirazımızı bildirməliyik. Eyni zamanda Kanadanın Azərbaycandakı diplomatik təmsilçisini Xarici İşlər Nazirliyinə dəvət edərək Azərbaycan dövlətinin rəsmi etirazını təqdim etmək lazımdır. Hesab edirəm ki, belə də olacaq. Şübhəsiz ki, əgər Kanada parlamenti Azərbaycana qarşı qətnamə qəbul edəcəksə, bu da boş, mənasız kağız parçasından başqa heç nəyə yaramayacaq. Azərbaycan heç bir dövlətin ərazisinə keçməyib, aksiyanı heç bir kənar ölkənin ərazisində həyata keçirmir. Azərbaycan ekofəallarının aksiyası məhz Azərbaycanın ərazisində keçirilir. Bu aksiyanın nə üçün keçirildiyi, tələblərinin nə olduğu da dəfələrlə elan olunub. Beynəlxalq hüquq heç bir dövlətə və beynəlxalq təşkilata buna görə Azərbaycanı ittiham etmək, günahlandırmaq hüququnu tanımır. Beynəlxalq qanunları saymadan hərəkət edən Kanada kimi dövlətlərin canfəşanlığı fiaskoya uğrayacaq”.

ilyas_huseynov_150320.jpg (33 KB)

Sosial Tədqiqatlar Mərkəzinin sektor rəhbəri İlyas Hüseynov isə bildirdi ki, Laçın yolunda azərbaycanlı ekofəalların 44 gündür davam edən aksiyası həm də Azərbaycana və beynəlxalq qanunlara qarşı hansı dövlətlərin olduğunu bir daha ortaya çıxarmış oldu. Bir sıra dövlətlərin Xarici İşlər Nazirlikləri, parlamentləri ölkəmizə qarşı həqiqətdən uzaq fikrilərin yer aldığı, faktiki olaraq separatizmi dəstəkləyən bəyanatlar, qətnamələr qəbul etdilər və etməkdədirlər. Təbii ki, bu kampaniyanın arxasında erməni lobbisi, həmin dövlətlərin marginal maraqları dayanır: “Bu xüsusda 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi yenə də Kanadanın fəallığını hiss edirik. Kanada parlamentinə qondarma separatçı qurumun nümayəndələrinin dəvət olunması Azərbaycanın ərazi bütövlüyünə qarşı həqarətdir, beynəlxalq qanunların pozulmasıdır, separatizmin dəstəklənməsidir. Təbii ki, Azərbaycan tərəfi bu fəaliyyəti göz önünə gətirərək preventiv tədbirlər həyata keçirməlidir. Kanadanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılmalı, ona rəsmi etiraz notası təqdim olunmalıdır. Rəsmi Bakı dəfələrlə arqumentləşdirilmiş mövqeyimizi dünya ictimaiyyətinə bəyan etsə də görünür ki, bu, yetərsizdir. Ona görə də Azərbaycanın siyasi ekspertləri, deputatları, xarici dilləri bilən mütəxəssislərimiz xarici mediada daha geniş həcmdə çıxışlar etməlidirlər, yazıla dərc etdirməlidirlər. Biz bununla informasiya müharibəsində həqiqətlərimizi çatdırmaqda ciddi irəliləyişə nail ola bilərik. İnformasiya cəbhəsində çox ciddi aktivləşməyə ehtiyac var. Şübhəsiz ki, Kanada kimi dövlətlərin ədalətsiz addımları həm də geosiyasi savaşın tərkib hissəsidir. Ancaq Azərbaycan öz həqiqətlərini geniş auditoriyaya çatdırmalı, hətta bizə düşmən mövqedə olan dövlətlərin də fikirlərində ən azından balans yaratmağa ehtiyac var. Biz bu boşluğu doldurmadıqca onu erməni lobbisi və onlara bağlı olan qüvvələr asanlıqla doldurur və ölkəmizə qarşı qərəzli addımlar atılır. Ona görə də Azərbaycan informasiya müharibəsində daha tutarlı və kəskin mövqe nümayiş etdirməlidir”.

Etibar SEYİDAĞA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR