İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada, hokkey və Melani...

2345 26.10.2023 00:01 Yazarlar A A

Kanada hökuməti “ağızlarının içindəki” faşistin kim olduğunu bilmir, naziri gəlib Ermənistandan bizə meydan və moizə oxuyur

Əvvəllər, daha konkret sovet vaxtı Kanada ancaq hokkeyi ilə tanınırdı. Xüsusən, SSRİ-Kanada oyunları çox gərgin olardı və hər bir qarşılaşmada mütləq əlbəyaxa dava da düşərdi. SSRİ-nin oyunçuları adətən, döyərdilər, amma kanadalılar da yaxşı oynadıqları kimi buz meydanında “qabaqlarından yemirdilər”. Bu, əslində təkcə iki güclü komandanın oyunu deyildi, iki fərqli sistemin, iki fərqli sivilizasiyanın qarşıdurması, toqquşması idi. Ləzzətli oyunlar idi, baxanlar bilir...“Alma-almaya bənzər” filmində də bazardakı almanı tərifləyən satıcının da “Kanada, hokkey...”dediyini yəqin ki, çoxları xatırlayır. Kanada bizim üçün hokkeydən başqa heç bir assosasiya doğurmayıb.

İndi dövr də başqadır, Kanada da, hətta hokkey də. Kanada əvvəlki kimi bizdən yenə çox uzaqdır, bizim onlarla, onların bizlə nə işi ola bilər ki?

Doğrudur, bizim müstəqilliyi ilk tanıyanlar(1991-ci il, 25 dekabr) sırasında Kanada da olub, səfirliyimiz 2004-cü ildə açılıb, hazırda səfir yoxdur, Vasif Abdullayev müvəqəti işlər vəkilidir. Azərbaycanlıların da Kanada haqda bigiləri xeyli artıb, daha çox da yaxşı yaşamaq arzusunda olanlar. Bizimkilərin Kanadadakı sayı haqda dəqiq bilgim yoxdur, amma son illər daima yaşamaq üçün gedənlərin olduğu bəllidir. Dünya böyükdür, kimin harada yaşamaq arzusu varsa, nə demək olar... 

7a277e0fbc9d95f6366251fab1fa524d.jpg (419 KB)

Kanadanın adı xüsusilə 44 günlük müharibədən sonra Azərbaycanda mənfi mənada çox hallanır ki, bu da təsadüfi deyil. Bu ölkə erməni və Ermənistanı özünə dost bilib, Azərbaycana münasibətdə isə qərəzli mövqe tutub. Nə pisliyimiz keçib, anlamaq çətindir. Kanada ilk belə qərəzli bəyanatı 2020-ci ildə, 10 noyabr sənədinin imzalanmasından dərhal sonra verib. İşğalçıya qarşı “Bayrakdar”lardan istifadə də Kanadanın xətrinə dəymişdi və Türkiyəyə PUA-lar üçün optik cihazlar satmağı qadağan da etmişdi. Təxminən 34 milyonluq Kanadanın 60 minlik erməni diasporasının təsiri altında olması bir az da qəribədir. Amma fakt budur ki, bu ölkənin hökuməti bu toplumu məmnun etmək üçün davamlı(və ya fasilələrlə) anti-Azərbaycan mövqeyi tutmaqdadır.

Bu anti-Azərbaycan fəaliyyətdə ən fəallıq göstərən isə Kanadanın 2021-ci ilin 26 oktyabrından(iki ili tamam oldu) xarici işlər naziri olan Melani Jolidir. O, ermənilərin sıx məskunlaşdığı Monrealda anadan olub. Bəlkə də ermənilərə xüsusi rəğbəti də buradan qaynaqlanır. Melani oktyabrın 25-də Ermənistanda əlkəsinin səfirliyini açıb, lap əcəb edib. Amma bu o demək deyil ki, ermənilərin könlünü xoş etmək üçün Azərbaycanı ittiham edəsən. Bu adamın bioqrafiyasına baxın, əsasən xarici siyasətə dəxli olmayan nazirliklərdə işləyib. Baxmayaraq ki, hüquqşünasdır, görünür ki, Qarabağ probleminin tarixindən ya anlayışı yoxdur, ya da erməni dostlarından eşitdiklərindən bu cür qərəzli nəticə çıxarıb. Bunun başqa adı yoxdur.

İrəvanda mətbuat konfransında da deyib ki, “Azərbaycana qarşı mümkün sanksiyalar məsələsi gündəmdədir”. Kanada “Böyük 20-lik” ölkələri sırasındadadır, NATO yaranandan da onun üzvüdür. Bizimlə iqtisadi əlaqələri zəifdir, məlum deyil, bu xanım öz ölkəsinin adından danışır, yoxsa hansı qurumların. Hansı müzakirələrdən, hansı sanksiyalardan söhbət gedir? Bu nə üslubdur? 

1122787.jpg (30 KB)

Xanım nazir deyib ki, Kanada həmçinin Azərbaycan hökumətini “bu yaxınlarda Dağlıq Qarabağdan didərgin salınmış ermənilərin geri qayıtmaq hüququna hörmət etməyə və onların təhlükəsiz qayıtmasını təmin etməyə çağırır”. Sonra tarixə də “ekskurs” edib, 1915-ci il qondarma soyqırımı yada salıb, “Dağlıq Qarabağı əsrlər boyu öz vətənləri hesab edən ermənilərdən” danışıb. Ermənilərin Qarabağa köçürülməsinin bilinən tarixi 100 il eləmir, amma bu xanım əsirlərdən danışır. Məsuliyyətsizlikdir, savadsızlıqdır, adı nədirsə, Azərbaycan XİN cavab bəyanatında deyib. Deyəsən, elə savadsızlıq deyib...Doğru sözə nə deyəsən...

Kanadanın xarici işlər naziri oktyabrın 27-də “humanitar böhranın yaratdığı vəziyyətlə yaxından tanış olmaq, köçkünlərin ailələri ilə görüşmək üçün” Jermuxa gedəcəyini deyib. Getsin, görsün. Məlum, Qarabağda qalmaq istəməyən ermənilər ağlayıb-sızlayacaqlar, o da göz yaşı tökdü bəlkə, amma bu birtərəfli “araşdırma” olacaq. Gəlib hələ də erməni işğalı səbəbindən 35 ildir yataqxanalarda əziyyət çəkən azərbaycanlı qaçqınları da, ermənilərin bu yurdu necə xaraba qoyduqlarını da görsün... 

Screenshot_4.png (588 KB)

Kanada bir neçə həftə əvvəl bir rüsvayçılığa səhnə oldu. Söhbət II Dünya Müharibəsi zamanı faşistlərə xidmət edən 98 yaşlı Yaroslav Hunkdan gedir. Məlumdur ki, Ukrayna prezidenti Vladimir Zelenski Kanada parlamentində olarkən, baş nazir Trudo da daxil olmaqla əli yüzlərlə günahsızın qanına batmış keçmiş nasisti ayaqüstə salamlamaları, onun qəhrəman kimi təqdim edilməsi ciddi narazılıq doğurmuşdu. Hunkanın ölkə parlamentinə dəvət edilməsi Kanada adına böyük biabırçılıq idi və nəticədə parlamentin spikeri istefa verməyə məcbur oldu. Baş nazir isə dedi ki, “Hunkanın kimliyindən xəbəri olmayıb”. Bu yalnız Kanadanın baş nazirinin ayıbı deyildi, ümumiyyətlə “demokratiya, haqq-ədalət” deyib bağıran ölkə üçün böyük rüsvayçılıq idi. 

0c23f203879271ae69a2f8b2e63b50d3_o.jpg (146 KB)

İndi bu ölkənin naziri şəkililər demiş, “ağızlarının içindəki” faşistin kim olduğunu bilmir, amma gəlib uzaq Cənubi Qafqazda kimin haqlı olub-olmaması haqda moizə oxuyur.

Kanada hokkeylə tanınanda doğurdan da daha yaxşı idi...

 

Nazim SABİROĞLU,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR