İnsanlara hürriyət, millətlərə istiqlal!

Kahramanmaraşda “Azərbaycan məhəlləsi” neçəyə başa gələcək - rəylər

3141 02.05.2023 13:50 Gündəm A A

Ekspertlər tikintinin maliyyələşdirilməsi üçün Azərbaycan büdcəsində yetərincə vəsait olduğu qənaətindədirlər

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə qısamüddətli səfəri zamanı qardaş ölkənin zəlzələdən zərərçəkən bölgəsində həyata keçiriləcək mühüm bir layihənin icrasına başlanıb. Söhbət zəlzələnin ən çox dağıntılara məruz qoyduğu Kahramanmaraşda 1000 mənzildən ibarət Azərbaycan məhəlləsinin salınmasından gedir. Bütün təhsil, səhiyyə, mədəni və digər sosial obyektləri ilə birlikdə inşa ediləcək məhəllənin bütün xərclərini Azərbaycan qarşılayacaq. Artıq Azərbaycan nümayəndə heyəti ərazidə olaraq, ayrılan yerlə tanış olub, layihələndirmə işlərinə başlanıb. Türkiyə hökuməti Kahramanmaraşdakı Heydər Əliyev parkının yanında məhəllənin tikintisi üçün 180 hektar sahə ayırıb.

Onu da qeyd edək ki, zəlzələ baş verən ilk gündən Azərbaycan zərərçəkənlərə yardım üçün tam səfərbər olunub. Zəlzələdən ötən 1 ay ərzində Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə 940 nəfər xilasedici, tibbi personal və könüllü dəstələri, 5300 tondan artıq humanitar yük göndərib. Eyni zamanda Türkiyənin zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə 45 milyon ABŞ dollarından artıq maddi yardım göstərilib.

Mart ayında Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin Türkiyənin zəlzələ bölgəsində 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyinə dair məlumat açıqlayıb. Bu isə o deməkdir ki, Kahramanmaraşda salınacaq Azərbaycan məhəlləsinə 100 milyon dollar sərf olunacaq. Azərbaycan bu vəsaiti hansı mənbədən maliyyələşdirəcək? Dövlət büdcəsində belə imkan varmı?

Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycan Türkiyədə zəlzələdən zərərçəkənlərə ən çox yardım edən ölkələrdən biridir: “Son qərarla da min mənzillik məhəllənin inşa olunması Azərbaycanın qardaş ölkəyə dəstəyinin daha bir təzahürüdür. Bu məhəllənin salınması bilavasitə dövlət hesabına olacaq, burada özəl şirkətlərin iştirakı nəzərdə tutulmur. Dövlət yardımından söhbət gedirsə, maliyyələşmə də dövlətdən olmalıdır təbii ki. Böyük ehtimalla, vəsait dövlət büdcəsindən ayrılacaq. Tikintini də Azərbaycan şirkətləri həyata keçirəcək. Bu, qoyulan vəsaitin bir hissəsinin əmək haqqı formasında geri qayıtması deməkdir. Layihənin ümumi dəyəri və maliyyələşmə mənbələri, təəssüf ki, açıqlanmır. Azərbaycanla Türkiyənin strateji müttəfiq olması şəraitində göstərilən bu dəstək gələcəkdə iki ölkə arasında münasibətlərə müsbət təsir göstərəcək. Lakin hər bir halda, Azərbaycan hökumətinin layihənin maliyyələşmə mənbələri və həcminə dair dəqiq məlumat açıqlamasına ehtiyac var”.

Vüqar Bayramov: “Minimum əməkhaqqının artırılması vahid tarif cədvəlinin  bütün pillələrinə təsir göstərəcək”

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirir ki, Azərbaycanın Türkiyədə min mənzilin tikintisini öz üzərinə götürməsi qardaşlıq dəstəyinin daha bir təzahürüdür: “İki ölkə arasında ən yaxın strateji müttəfiqlik, qardaşlıq münasibətləri var. Azərbaycan Türkiyənin həm yaxşı, həm də çətin günlərində yanındadır. Bu gün qardaş Türkiyənin zəlzələ bölgəsinin yenidən qurulmasında dəstəyə ehtiyacı var, Azərbaycan da öz qardaşlıq köməyini əsirgəmir”.

Millət vəkili bildirir ki, Azərbaycanın layihəni maliyyələşdirmək üçün yetərincə maliyyə mənbələri var: “2023-cü ilin birinci rübünün yekunları da göstərir ki, Azərbaycan büdcəsində bu layihəni maliyyələşdirmək üçün imkanlar var. Eyni zamanda digər daxili mənbələr də var ki, Azərbaycan onlardan istifadə edə bilər. Azərbaycanın tikinti sektoru son illər ərzində yüksək inkişafa nail olub. Tikinti şirkətlərimizin həmin məhəlləni qısa müddətdə və yüksək keyfiyyətlə inşa etməsi mümkündür. Azərbaycanın tikinti şirkətlərinin belə potensialı var. Azərbaycan bu addımı ilə bir daha sübut edir ki, etibarlı müttəfiq, qayğıkeş qardaşdır, müttəfiqini, qardaşını dar gündə qoymaq niyyətində deyil”.

Maliyyə Nazirliyinin rəsmi məlumatına əsasən, cari ilin ilk 3 ayında Azərbaycanın dövlət büdcəsinə 8 milyard 290 milyon manat gəlir daxil olub. İlk rübdə büdcədən 6 milyard 566,9 milyon manat xərclənib ki, nəticədə 1 milyard 723,1 milyon manatlıq profisit yaranıb.

Aprelin 18-də Salyan rayonda səfərdə olan Prezident İlham Əliyev dövlət televiziyasına müsahibəsində dövlət büdcəsinə dəyişiklik olunacağını deyib. Bildirib ki, ilin sonunadək büdcənin profisitinin 3 milyard manatı keçməsi gözlənilir. Buna görə də Azərbaycan hökumətinə büdcəyə dəyişikliklər edərək, Qarabağın bərpası və ordu quruculuğuna əlavə vəsaitlərin ayrılmasına dair göstəriş verilib.

Dövlət büdcəsində böyük həcmdə profisitin yaranması Azərbaycanın 100 milyon dollarlıq layihənin maliyyələşdirilməsində çətinliklə üzləşməyəcəyi deməkdir.

Layihənin hansı şirkətlər tərəfindən icra olunmasına gəlincə, bu işin Türkiyədə olan Azərbaycan mənşəli tikinti şirkətlərinə həvalə olunması ehtimal edilir. Məlumat üçün bildirək ki, 2022-ci ildə Türkiyədə Azərbaycan kapitalı ilə 350 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 113 şirkət çoxdur. Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) verilən məlumata görə, hesabat dövründə qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalı da artıb. 2022-ci ilin dekabr ayında Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 164,6 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 63,2 milyon lirə təşkil edib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (291) qeydiyyata alınıb. İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 131,3 milyon lirə təşkil edib. 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 28 ixracat, 180 topdan və pərakəndə ticarət şirkəti, 20-dən çox  tikinti şirkəti qeydiyyata alınıb.

Onu da qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Kahramanmaraşda bütöv bir məhəllə inşa etməsini yüksək qiymətləndirib.  O bildirib ki, Azərbaycanın Türkiyənin zəlzələ bölgəsində inşa edəcəyi min ev, məktəb və digər sosial binalar “Bir millət, iki dövlət” olmağın reallığıdır.

Türkiyə Prezidenti onu da qeyd edib ki, zəlzələ bölgəsində ümumilikdə 650 min mənzil və kənd evi inşa ediləcək.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR