İnsanlara hürriyət, millətlərə istiqlal!

İtkin gəlin

2171 24.07.2022 16:19 Yazarlar A A

“Aradan xeyli vaxt keçəndən sonra, qocalanda, Msarianın arvadı ürək ağrısıyla xatırladı ki, o yabanı güllərdən başqa ona gül bağışlayan olmayıb”.

(gürcü yazıçı Qoderzi Çoxeli-nin “Yabanı gül dəstəsi” hekayəsindən)

Bu yaxında Qax-Şəki zonasında iki turist meşədə azmışdı, biri Perudan, o biri İtaliyadan idi. Əlaqədar orqanlar onları dərhal tapdılar. Xəbərdə mənim ən xoşuma gələn cümlə axırda yazılmışdı, iyulun 12-dən, bu xəbəri oxuduğum gündən bəri həmin cümlənin təəssüratları altındayam: “Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində hər iki əcnəbi turist Qaxbaş kəndi ərazisindəki meşə massivində tapılaraq qaldıqları hotelə yerləşdiriliblər”.

Əlbəttə, ölkəmizdə turizmin inkişafı, meşələrimizin artıq Peru və İtaliya sakinlərinin diqqətini cəlb etməsi sevindirici haldır, çünki vələsin kölgəsini təkcə ərəblərə beş manata satmaqla bir yerə çıxmaq çətin olardı. Hətta Hindistan kimi cəngəllik yerin vətəndaşları ana yurdumuza səyahətə gəlirlər. O qədər çox gəlirlər, bəziləri itkin düşür. Ümid edək həmin qardaşımız da tapılsın. Hərçənd, kim bilir, bəlkə heç o hindistanlı itkin düşməyib, adını-soyadını dəyişib, Məmməd Əhmədov adlı azərbaycanlıya çevrilib, Azərbaycanda yaşamaq qərarına gəlmişdir? Belə hadisələr azmı olur? Beyləqanda, Bərdədə yaşayan əfqanlar, idman komandalarımızın üzvləri olan Sotomayor Əliyev və Çan İbrahimova, Mariya xanım, Saşa müəllim, İra bacı... Çoxdur belə zəhmətkeşlər. Onlar respublikamızın sürətli inkişafına, dərinləşən islahatlara valeh olur, bir daha buradan çıxıb getməyi ağıllarına gətirmirlər. (Ən təzə medianı dərinləşdirdik, hazırda beş metrdən neft çıxır).

Bəs necə, axı hazırda dünyada ən sabit yer Azərbaycandır. Mən elə 30 ildir qiymətlərin daim, sabit şəkildə yüksəldiyini görürəm. Kasıblar sabit şəkildə kasıblaşır, varlılar stabil formada varlanır. Dəyişiklik cüzi ola bilər, ümumilikdə vətənimiz qaya parçasıdır. Şair demişkən: “Bənzərəm bir qocaman dağa ki, dəryadə durar”.

Qayıdaq girişdəki cümləyə, niyə ona valeh olduğumu izah edim. Fikir verin, orqanlar turistləri tapdıqdan sonra özbaşına buraxmamışdır, aparıb qaldıqları hotelə yerləşdiribdir. Doğrudan da, sən əgər düzgün turistsənsə, niyə qaldığın hoteldən çıxıb meşəyə gedirsən, itirsən? İtmək olmaz. Yerləşdiyin yeri də icazəsiz tərk eləsən, axırda o hindistanlı qardaşın gününə düşürsən. Belə ehtimallar var ki, onu ayılar yemişdir. Ancaq mən yuxarıda yazdım, yenə təkrar edirəm, bu versiya qətiyyən inandırıcı deyil. Bizdə heç bir ayı icazəsiz, şəhər icra hakimiyyətindən müvafiq izin almadan adamları yemir. Nəinki ayı, Bakı Şəhər İcra Hakimiyyətindən icazəsi olmayan it də küçədə adamı qapa bilməz. Qapsa aparıb “Toplan” mərkəzində 10 sutkalığa yerləşdiririk.

Lənkəran tərəflərdə də bir qadın itkin düşmüş, xoşbəxtlikdən səhərisi gün tapılmışdır. Gəlin bacımızın qaynanası telekanallara intervüsündə qeyd edir ki, məlum obyekt meşədən böyürtkən yığmağa getmiş, itkin düşmüşdür. Meşədə azarkən huşunu itirmişdir, əlaqədar orqanların səyi sayəsində kolun dibində yatdığı zaman aşkarlanıb tərəfimizdən götürülmüşdür.

Mən bu məsələyə başqa yöndən baxıram: bəlkə o gəlin elə bizim – cəmiyyətin əlindən meşəyə gedərək itkin düşmək istəmişdir? Yaponiyada buna oxşar meşə var, adamlar ora girib qəsdən azırlar. Cənub bölgəsində dini təzyiqlər, sosial vəziyyətin ağırlığı, patriarxal basqılar qadınları xüsusən hüquqsuz kölə vəziyyətinə salır. Bəzi kəndlərdə qadına ümumiyyətlə insan kimi baxmırlar, onu inək sağan, yer əkən, uşaq əkilən alət, maşın, vasitə kimi görürlər. Əgər haçansa o qadın öz həyatını gözünün önünə gətirsə, bəlkə bütün ömrü boyu yeganə azad yaşadığı günün həmin o itkin düşdüyü gün olması qərarına gələcəkdir.

İndi söz əlaqədar təşkilatlarındır: siz haçan itirsiniz?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR