İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya Azərbaycana qoşun göndərməyə hazırlaşırdı – ADR tarixindən az bilinən fakt

240 26.07.2026 02:00 Dünya A A

1919-cu ildə Böyük Britaniya qoşunlarının Azərbaycandan çıxmasından sonra onların yerini İtaliya hərbi qüvvələrinin tutması planlaşdırılırdı.

Musavat.com xəbər verir ki, Milli Kimlik səhifəsinin Ayaz İlyasovun "Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt" kitabına istinadən yaydığı məlumata görə, 1919-cu ilin aprelində Britaniya qoşunları tədricən Azərbaycanı tərk etməyə başladı. Onların yerini İtaliya hərbi bölmələrinin tutacağı nəzərdə tutulurdu. Məhz bu məqsədlə mayın 16-da şahzadə Luici Amedeo Savoyskinin rəhbərlik etdiyi İtaliya nümayəndə heyəti Bakıya gəldi.

Xəritəyə baxdıqda bu gün Fransanın tərkibində olan Savoy və Yuxarı Savoy bölgələrini görmək mümkündür. Məsələ ondadır ki, İtaliya 1860-cı ildə bu əraziləri Fransaya güzəştə getmişdi. Lakin İtaliyanın hakim sülaləsi məhz Savoydan çıxmışdı. Savoy sülaləsi 1861–1946-cı illərdə İtaliyaya rəhbərlik edib və Bakıya gələn şahzadə də həmin sülalənin nümayəndəsi idi.

Bakı Dəmir Yolu Vağzalında ali qonağın şərəfinə Azərbaycan Ordusunun fəxri qarovulu düzülmüşdü. Şahzadəni xarici işlər nazirinin müavini Adil xan Ziyadxanov qarşılamışdı. Ertəsi gün İtaliya nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri və digər yüksək vəzifəli şəxslərlə danışıqlar apardı.

Mayın 25-də "Metropol" mehmanxanasında AXC hökuməti adından İtaliya nümayəndə heyətinin şərəfinə təntənəli qəbul təşkil olundu. Banketdə Baş nazir və hökumət üzvləri ilə yanaşı, xarici diplomatik missiyaların nümayəndələri də iştirak edirdi. Axşamın əsas qonaqları isə, təbii ki, Savoy şahzadəsi və polkovnik Qabba idi.

"Azərbaycan" qəzeti yazırdı ki, ilk nitqi Baş nazir Nəsib bəy Yusifbəyli söyləyərək İtaliyanın zəngin mədəni irsindən danışıb. Daha sonra söz Məmməd Əmin Rəsulzadəyə verilib. O, çıxışında ömrünü azadlıq uğrunda mübarizəyə həsr etmiş İtaliyanın milli qəhrəmanı Cüzeppe Qaribaldini xatırladıb.

Rəsulzadənin alovlu çıxışından sonra iştirakçıların çoxu ona yaxınlaşaraq əlini sıxıb.

Gecənin sonunda Savoy şahzadəsi və İtaliya ordusunun polkovniki Qabba Azərbaycan Xalq Cümhuriyyəti və onun əsgərlərinin şərəfinə badə qaldırıblar. Onlar Parisə yola düşəcəklərini və tezliklə xoş xəbərlərlə Azərbaycana qayıtmağa ümid etdiklərini bildiriblər.

Lakin şahzadə bir daha Bakıya gəlməyib. 1919-cu ilin iyununda İtaliyada hökumət dəyişib. Yeni Baş nazir İtaliya qoşunlarının Azərbaycana göndərilməsinin əleyhinə çıxış edib.

İtaliyanın siyasi və hərbi imkanları Böyük Britaniya ilə müqayisədə xeyli zəif idi. Buna görə də İtaliya ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında yalnız iqtisadi əməkdaşlıq və silah tədarükü ilə bağlı razılaşmalar əldə olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR