İnsanlara hürriyət, millətlərə istiqlal!

“İşxan və konyak diplomatiyası” – Həmsədrlərin kef və üzgörənlik etmək dövrü geridə qalıb

2349 26.07.2023 09:39 Yazarlar A A

Əslində hələ 2000-ci iə qədər məmləkət əhli (eləcə də bütün siyasi qüvvələr) ATƏT-in Minsk qrupundan əlini üzmüşdü, onun neytrallığına da, Ermənistan və Azərbaycan arasında faydalı vasitəçi olaraq nəsə edə biləcəyinə də ümid bəsləmirdi. Amma necə deyərlər, variant yox idi, cəlb olunduğumuz “oyun”-münaqişənin arbitri onlar idi.

1992-ci ilin 24 martında Finlandiyanın paytaxtı Helsinki şəhərində yaradılmış bu qrup, sadəcə olaraq, bizə sırınmışdı. Müstəqilliyini cəmi 3 ay öncə bərpa etmiş, hələ dünya dövlətlərinin 90 faizi tərəfindən tanınmayan ölkəmiz bir də gözünü açmışdı ki, Ermənistanın havadarlarının təşkil etdiyi bu qrup onun taleyini həll edir və bu qrupun həmsədrləri qatı erməni pasibanlarından ibarətdir.

Bunlar ABŞ, Rusiya və Fransa idi. Üç fərqli, bir-birilə intirqalı dövlət bir günün içində müttəfiqə çevrilmişdilər. Onların həmsədr olduğu illərdə heç vaxt sözləri çəpləşmədi. Biri “Ermənistan bu məsələdə haqlıdır” deyəndə, o biri əksini söyləmədi.

terpet.jpg (117 KB)

Həmsədr postuna vaxtaşırı təyin olunan yeni diplomatlar Bakı və İrəvana ildə ən azı 4 dəfə gəlib-gedir, ölkə rəhbərləri ilə uzun-uzadı danışır, eyni söhbətləri edir, həmişə də dönüb-dolaşıb bir fikrə gəlirdilər ki, tərəflər qarşılıqlı güzəştə getməldir.

Həmin qarşılıqlı güzəştlər nə idi? Ermənistan işğal etdiyi rayonlardan 5-ni qaytarır, Kəlbəcəri, Laçını, Şuşanı özündə saxlayır, Azərbaycan isə bunun əvəzində qondarma “DQR”-in müstəqilliyini tanıyır və söhbət bitir.

İşə baxın, əzəli torpaqlarımızın yarısını bizə qaytarıb, yarısını özlərinə saxlamağı bizə güzəşt kimi qələmə verirdilər.

7fe350546b330af098239cd128e2cb4e.jpg (166 KB)

Həmsədrlər bu niyyətə ikiəlli razıydılar və hər dəfə ortaya yeni bir plan çıxanda məlum olurdu ki, düz-əməlli bir yenilik yoxdur, söz dəyirmandakıdır: münaqişənin bitməsi üçün Qarabağ erməniyə verilməlidir.

Azərbaycan, təbii ki, buna razı ola bilməzdi və sona qədər də razı olmadı. Amma bir yerdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanda, arzuolunmaz qonaqlara çevrildilər, loru dildə desək, üzütüpücəkli oldular. Onların hər gəlişi mediada, ictimaiyyət arasında etiraz dalğası, hiddət, rişxənd doğururdu. Bu şəxslərə “yeyib-içib gəzənlər”, “turist həmsədrlər”, “tərəf tutan diplomatlar” deyilirdi.

Bizdən fərqli olaraq, ermənilər həmsədrlərdən çox məmnun idilər – bəzən yalandan onları tənqid etsələr də, bu, gözdən pərdə asmaq cəhdiydi. Həmsədrlər irəli sürdükləri həll planlarından, görüşlərdən sonra verdikləri açıqlamalarda ermənilərin mənafeyini yüzdəyüz üstün tuturdular.

hemsniko.jpg (8 KB)

Onlara Ermənistanda yaxşı baxırdılar. Erməniləri “işxan kababı və İrəvan konyakı” diplomatiyası bizim “kürü diplomatiyası”nı döyürdü. (Ermənilər Göyçə gölünün forelinə “işxan” deyirlər). Biz də həmsdərləri ac qoymurduq, delikateslər yedizdirir, ən yaxşı içkilərə qonaq edirdik, amma çörəyimizin duzu yox idi. Həmsədrlərin könlü həmişə onların yanında olurdu. Əslində həmsədrlərin tutduğu mövqe öz paytaxtlarının iradəsinin nəticəsiydi. ABŞ da, Rusiya da, Fransa da qəlbən və felən ermənilərin tərəfindəydi, sadəcə, bizi yola verirdilər, başımızı bişirmək, Qarabağı sənədləşdirib ermənilərə vermək, müharibəni bitirmək istəyirdilər. Ancaq Azərbaycan sona qədər ermənilərə Qarabağın idarə edilməsinə dair baş vəkalətnamə vermədi.

1650290858_3033026.jpg (465 KB)

Bəzən cəbhə bölgəsində gərginlik yarananda, ciddi atışma qeydə alnanda birinci həmsədrlər dilə gəlirdi: “Bu münaqişənin müharibə yoluyla həlli yoxdur”.

Onlar 2020-ci ilin sentyabrına qədər bu cür danışmaqda davam etdilər, hətta 44 günlük müharibənin ilk 4 günündə də səs-səsə verdilər, amma hərbi əməliyyatların qızğın vaxtında səsləri xırp kəsdi. Bir də başda Şuşa olmaqla işğal olunmuş rayonlar azad ediləndən, ermənilər təşviş içində Ağdam, Kəlbəcər və Laçını qan-qadasız qaytarmağa razı olandan sonra həmsədrlər dirçəldilər, bir dəfə çamadanlarını qablayıb regiona gəldilər.

ourlik.jpg (7 KB)

O zaman Azərbaycanda onların üzünə xoş baxan, iltifat göstərən olmadı, əksinə, babat danlandılar, pərt, məhzun, məyus duruma düşdülər. Heç Ermənistan da artıq həmsədr qulluğunda durası halda deyildi, məğlub olmuş, təlaşa qapılmış, paçasını xilas etdiyinə belə doğru-dürüst sevinə bilməyən durumda düşmüşdü.

Bir müddətdən sonra isə Ermənistanda da, Fransada da anladılar ki, Azərbaycanla hərb poliqonunda təkbətək buraxılmaq çox acı nəticələr verdiyi kimi, diplomatik müstəvidə də bu iki dövlətin üzbəüz, baş-başa qalması İrəvana sərf etməyəcək, arada nəsə bir qurum, bir qrup lazımdır ki, bufer olsun, üstəlik, Azərbaycana təzyiq göstərsin.

Hazırda Qərbin də, Ermənistanın da qəfəsə düşmüş yırtıcı kimi vurnuxması araya kimlərisə salmaq üçündür. Məhz arada harayçı olanda ermənilər özlərini arxalı, havadarlı sayır, ötkəm ola bilirlər.

l-tSUpoR9InD.jpg (82 KB)

Ortada isə belə bir qrup var – ATƏT-in Minsk qrupu. Onun həmsədrləri Bakıdan qovulsalar da, guya ki, öz mövcudluqlarını qoruyub saxlayıblar. İndi onlar yenidən mandat almaq istəyirlər.

Maraqlıdır ki, dünyanın hər tərəfində münaqişədə olan, hətta Ukraynadakı müharibədə qarşı cəbhələrdə döyüşərək, bir-birini nüvə silahı ilə hədələyən dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinə gəlincə, dərhal müttəfiqə çevrilir, 30, 20, 10 il əvvəlki kimi eyni mövqeni tuturlar.

Amma Azərbaycan 10, 20, 30 il qabaqkı təklənmiş, silahsız, zəif Azərbaycan deyil. İndi o, haqlı olduğu qədər də güclüdür.

Ona görə də Azərbaycan öz haqq işini bir daha İrəvanda qızılbalıq kababıyla erməni konyakı içə-içə günlərini gün edən lotu-bambılı həmsədrlərin iki dodağının arasına verməyəcək ki, onların sözü də həlledici olsun.

Öz riyakarlığını Ukraynada bir daha göstərən, nə Kiyevə lazımi dəstək verən, nə də məğlub olmağa qoymayan, müharibənin uzanmasından yana olan kollektiv Qərbin məkrli siyasəti ortadadır və Azərbaycan ona uyan deyil.

Faydasız, hətta ziyanlı fəaliyyəti çoxdan sübut olunmuş bir qrupun ölüykən dirildilməsi yaxşı niyyətlərdən xəbər vermir. Azərbaycanda istər iqtidar düşərgəsi, istər müxalifət cəbhəsi, istərsə də neytral qüvvələr ATƏT-in Minsk qrupunun adı gələndə üzlərini turşudurlar. Bir quruma etimad sıfırn altındadırsa, onun fəaliyyətinin bərpası necə faydalı olu bilər. Cəfəng işdir.

Ona görə də qoy ermənilər Göyçə gölünün forellərinə və tərifli erməni konyakına çox güvənməsinlər, bu dəfə o diplomatiya kara gəlməyəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR