İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin sirri-o, sadə(cə) dövlət deyil...

5923 20.10.2023 15:04 Yazarlar A A

 

10 milyona yaxın əhali yaşayan, təbii sərvətlərdən kasad, hətta içməli suyu belə qıt olan ölkəyə bunca dəstəyin səbəbi nədir?

İsrailin əslində “sadə(cə) dövlət” olmadığına dünya bir daha şahidlik etməkdədir. İsrail rəsmi olaraq da belə tanınır: İsrail Dövləti. “Dövlət” burda sadəcə dil, yazılış qanunauyğunluna görə böyük hərflə yazılmır, bunun çox ciddi səbəbləri və sirləri var.

ABŞ prezidentinin hansısa ölkəyə səfəri ən azı altı ay əvvəl razılaşdırılır, aylarla təhlükəsizlik hazırlıqları görülür. Bayden isə baş vermiş hadisədən 10 gün keçmiş İsraildə peyda olur, yaşına baxmayaraq elə bir uzun yol qət edib dəstək üçün gəlir. Özündən əvvəl isə ən böyük təyyarədaşıyan gəmisini bölgəyə keşik çəkməyə göndərir, biri də hələ yoldadır deyirlər...

Britaniyanın baş naziri, Almaniya kansleri, Avropa İttifaqı rəsmiləri İsrailə artıq dəstək səfərləri ediblər.  Bu elə-belə səfərlər deyir, 10 milyona yaxın əhali yaşayan, təbii sərvətlərdən kasad, hətta içməli suyu belə qıt olan gənc dövlətin sirri nədir bəs? Yaxın Şərqdə ABŞ müttəfiqliyimi? İsrail NATO üzvü  deyil, amma torpaqlarında yeganə xarici baza da ABŞ-ındır. O cümlədən Keren dağındakı erkən xəbərdaredici radar stansiyası da... Bundan əlavə ABŞ hər il İsrailə təmənnasız milyardlarla yardım da edir. Bəs hər tərəfdən ərəb dünyası ilə əhatələnmiş (şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya, cənub-qərbdən Misir və Qəzza zolağı) İsraili hər müharibədə onların qəzəbindən  qorumağa vadar edən əsl səbəb nədir axı? İsrailin II Dünya müharibəsində soyqırıma məruz qalmasımı? Bəlkə Almaniyaya qarşı ikinci cəbhə açan ABŞ və Britaniya bu soyqırımın qarşısını almağa geçikdikləri üçün hələ də özlərini suçlu və ya borclu sayırlar? Amerika İsrailin təhlükəsizliyi üçün bu qədər narahatdırsa, bəs o zaman niyə Tramp administrasiyası BMT-nin qərarına baxmayaraq, Qüdsü (fələstinlilər  Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanıyırlar) məhz İsrailin paytaxtı kimi tanımağa qərar verdi? Bəs, Polşadakı yəhudi həbs düşərgəsini- Auşvitzi (Osvintsem) azad edən SSRİ, sonra isə özünü imperiyanın varisi elan etmiş Rusiya niyə Yaxın Şərqdə İsraillə deyil, ərəblərlə, Ərəfatla, Abbasla, hətta HƏMAS terror qruplaşması ilə dostluq edir ki? Bu təzadın səbəbi nədir: yəhudilər onların olub-qalanını yandırılmaqdan və acından ölməkdən xilas etmiş “rus-sovet əsgərinə” vəfasızmı çıxdı?

Nəhayət, necə oldu ki, bir ovuc HƏMAS(ən son bilgilərə görə, nəzarətlərində 40 minlik ordu var) silahlısı İsrail kimi qüdrətli dövləti bu cür nümayişkaranə cəzalandırdı, onun vətəndaşlarını, ölkəyə gəlmiş xarici qonaqları  maşınlara basaraq girov apardı, ölkənin etibarını yerlə bir etdi, aşağıladı? İsrailin bu regionda güclü deyil, zəif bənd olmasını göstərmək kimlərə, niyə və məhz indi lazım oldu?

İsrailin Qəzza xalqına qarşı etdiyi qırğınlara “intiqam alırlar” deyib, haqq qazandırmaq olmaz. Amma başlarına gətirilmiş o müsibəti anlamaq olar. İsrail hazırda dövlətin imicini qanla təmizləməyə çalışması qəbul edilən deyil. Amma bunu etmək məcburiyyətindədir. İsrail yaxşı bilir ki, daha bir zəiflik göstərsə, məsələn, indi danışıqlar masasına  oturarsa, Kərbəlayi İsmayıl demiş, “heç kim onu saymaz, salam verməz”. İsrail indi o intiqam hissini icra edir, təəssüf ki, başqa balaların ölməsi hesabına həm də...

Cəmi 41 km uzunluğunda və 10 km enində, iki milyondan çox əhalisi olan  Qəzzaya İsrail ordusunun daxil olması artıq saat və ya gün məsələsidir. HƏMAS  2006-cı ildə fələstinlilərin son seçkilərində qalib gəldi və növbəti ildə Qərb Sahilində yerləşən rəqibi Prezident Mahmud Abbasın FAT hərəkatını devirərək Qəzzaya nəzarəti tam ələ keçirdi.

İsrail birmənalı bəyan edir ki, Qəzzada HƏMAS-ın hökmranlığına son qoymayınca, dinc dayanmayacaq, sülh olmayacaq. İsrail ordusunu Qəzzada nə gözlədiyi də məlum deyil, ərəblər illərlə burada yer altında “şəhər-labirint” salıblar. Yəni Qəzzaya girmək indi asan görünür, amma HƏMAS-ı oradan birdəfəlik vurub çıxartmaq və ya məhv etmək o qədər də rahat olmayacaq. O səbəbdən İsrail əvvəldən xəbərdar edib ki, bu müharibə uzun çəkə bilər. Bayden gəldi, dəstək verdi, amma İsrail rəhbərliyinin Qəzzaya qoşun yeritməkdən vaz keçirə bilmədi. HƏMAS-ın (liderləri əsasən Livanda fəaliyyət göstərir) İsrail torpaqlarında məhvi Fələstin muxtariyyətinin marağındadır, ona görə o tərəfdən İsrailə ciddi hücumlar yoxdur. Amma bu müharibə Yaxın Şərqdəki Qərb(ABŞ) düşmənlərini hərəkətə keçirib ki, bu da regionda daha iri münaqişə riski yaradıb. Yəmən ərəb yarımadasının lap altında yerləşir, amma o da İsrailə tərəf “ərəblərlə həmrəylik” raketi atıb. Livan, Suriya, İordaniya, İraq və İran münaqişədə ən maraqlı ölkələrdir. Rusiya və Çin guya barışdırıcı mövqe tutur, amma Kreml bu müharibəni anti-ABŞ prosesinə çevirməyə artıq müvəffəq olub. ABŞ-ın Yaxın Şərqdəki bazalarına radikalların artan hücum cəhdləri də bunu göstərir.       

            

O regiondakı ərəb toplumunu çalışsaq belə heç cürə anlaya bilmərik. Bu dava illərdir danışıqlarla, masa söhbətləri ilə alınmır, alınası iş də deyil, amma səngiyə, bir müddət dinc fazaya keçə bilər. ABŞ sülhə hələ ki, qollarını çırmalayıb girişmir, Bayden yəhudiləri yaxşı tanıyır və onlar da ərəb toplumundan heç də az tərs deyillər. Belə olmasaydı, bunca  düşmən arasında dövlət qurmaq olmazdır.

İsrailin bir sirri də budur.

Nazim SABİROĞLU,
Musavat.com    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR