İnsanlara hürriyət, millətlərə istiqlal!

“İşğaldan azad olunmuş ərazilər qısa zaman kəsiyində əsil cənnətə çevriləcək və dünyanın nümunəvi güşəsi olacaq”

1358 23.11.2022 10:22 Media A A

Azər Badamov: “Ağalı kəndi işğaldan azad edilmiş ərazilərdə tikiləcək şəhər və kəndlərin nümunəsidir”

Ötən həftə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Sərəncamda böyük qayıdış 5 milli prioritetimizdən biri kimi mərhələli şəkildə proqramın icrası ilə bağlı konkret layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Gələn il martın sonuna qədər Ağalıya köçürülməsi planlaşdırılan şəxslərin sayı açıqlanıb.

APA xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda keçirilən beynəlxalq konfransda məlumat verib. O qeyd edib ki, planda martın sonuna qədər əlavə 100 nəfərin Ağalıya köçürülməsi var.

Qarabağa Böyük Qayıdışla əlaqədar kənd təsərrüfatı naziri İnam Kərimovun da son açıqlamaları xüsusi diqqət cəlb edir. O, “Ağıllı kəndlər: kənd yerlərinin inkişafına innovativ yanaşma” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bunları deyib: “Əsas hədəf 30 il öncə yurdlarını tərk etməyə məcbur qalan soydaşlarımızın yüksək şəraitli müasir kənd və şəhərlərə qayıdışını təmin etməkdir. Bu mənada Zəngilanda inşa olunan “Ağıllı kənd” MDB məkanında ilkdir, eyni zamanda dünyada mövcud olan digər ağıllı kəndlərdən fərqlənir”.

Deputat Azər Badamov Böyük Qayıdışla əlaqədar “Yeni Müsavat”a danışarkən öncəliklə ölkə başçısının sərəncamına xüsusi diqqət ayırdı : “Prezident İlham Əliyevin təsdiq etdiyi Böyük Qayıdışa dair I Dövlət Proqramı işğaldan azad edilmiş ərazilərin müəyyən olunmuş vaxt çərçivəsində dirçəldilməsini və reinteqrasiyasını özündə ehtiva edir. 44 günlük Vətən müharibəsinin başa çatdığı iki ildə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazilərində böyük tikinti layihələri icra edilib. İcra olunan bu layihələr yaşayış məntəqələrinin yenidən tikilməsi və bərpası üçün sosial infrastruktur layihələri olmaqla yanaşı bu ərazilərin iqtisadi potensialından da səmərəli istifadəsinin reallaşdırılmasına, həmçinin Böyük Qayıdışla öz doğma yurdlarına qayıdacaq insanların işsizlik məsələsinin də qabaqcadan həll edilməsinə imkan verəcək. Böyük Qayıdışa artıq Zəngilan rayonunun Ağalı kəndindən başlanıb. Bu kənd ağıllı kənd konsepsiyası ilə yenidən tikilməklə həm dünyada bu istiqamətdə icra olunmuş bir ilkdir, həm də Ağalı kəndi işğaldan azad edilmiş ərazilərdə tikiləcək şəhər və kəndlərin nümunəsidir. Təbii ki, yenidən qurulmasına və bərpasına ehtiyacı olan ərazilər 10  min kvadrat kilometrdən çox olmaqla böyük maliyyə vəsaitləri tələb edir  və bu ərazilərdə yüksək həyat şəraitinin yaradılması nəzətdə tutulub. Görüləcək işlərin əhatə dairəsinin geniş olması, Böyük Qayıdışla öz doğma yurdlarına qayıdacq insanların gözləntisi və bu ərazilərdə təhlükəsizlik tədbirlərinin vacibliyi Böyük Qayıdışa dair I Dövlət Proqramının təsdiq edilməsini aktuallaşdırıb. Əslində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də müəyyən olunmuş 5 prioritetdən birində  Böyük Qayıdış nəzərdə tutulub. Həm də “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da  işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası ilə əlaqədar işlərin görülməsi nəzərdə tutulur. Ölkə başçısının imzaladığı Böyük Qayıdışa dair I Dövlət Proqramında bütün bu məsələlərə komleks yanaşma ortaya qoyulur. Belə ki, proqarmda qlobal trendlər nəzərə alınmış, ərazilərin yenidən qurulması və bərpası üçün mövcud vəziyyət təhlil edilir, bu ərazilərdə təhlükəzilik tədbirləri, infrastrukturun genişləndirilməsi,  işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər, ehtimal edilən risklərin idarə olunması, müəyyən vəzifələrin yerinə yetirilməsi üçün maliyyə mənbələri və həyata keçiriləcək tədbirlər nəzərdə tutulur. Dövlət Proqramının əsas  maliyyələşməsi mənbəsi dövlət büdcəsi olması ilə yanaşı çoxşaxəli olmaqla digər maliyyələşmələrə də açıq qalır”.

Deputat fikirlərinə bu cür davam etdi: “Dövlət Proqramında hədəflərin monitorinqi və icrasının qiymətləndirilməsi də nəzərdə tutulur.  Belə ki, monitorinq məqsədilə tədbirlər üzrə ilkin, aralıq və yekun nəticələr müəyyən edilir və ildə iki dəfə görülən işlər barəsində dövlət başçısına hesab təqdim olunması tələb olunur. Bu da proqram çərçivəsində görüləcək işlər və icra olunacaq hədəflərin müəyyən olunmuş vaxtlarda keyfiyyətlə icrasına məsuliyyəti artırır. 2026-cı ilə qədər işğaldan azad olunmuş ərazilərdə müasir yaşayış məntəqələri ərsəyə gələcək və 10 minlərlə ailə Böyük Qayıdış çərçivəsində öz doğma yurdlarına qayıdaraq firavan həyatlarını davam etdirə biləcəkdir. Bütün bu işlərin görülməsinə dövlətimizin kifayət qədər iqtisadi gücü və dövlət başçısının rəhbərliyi altında çalışmaq əzmimiz var. Beləliklə işğaldan azad olunmuş ərazilər qısa zaman kəsiyində əsil cənnətə çevriləcək və dünyanın nümunəvi güşəsi olacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR