İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğaldan azad bölgələrdə böyük investisiya layihələri həyata keçiriləcək

1486 09.12.2022 11:19 Media A A

Ekspert: “Sahibkarlıq subyektlərinə vergi güzəştləri və güzəştli kreditlərə çıxış gələcəkdə sahibkarlığın inkişafına təkan verəcək”

Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov noyabrın 28-dən 30-dək Macarıstanda səfərdə olub. O, Macarıstanın İxracın Stimullaşdırılması Agentliyinin (HEPA) və macar şirkətlərinin rəhbərləri ilə görüşüb.

Görüş barədə mediaya açıqlama verən Emin Hüseynov deyib ki, bu görüşlərdə 20-yə yaxın firmanın rəhbərləri və əməkdaşları ilə təmsil olunmuş Macarıstan tərəfi azərbaycanlı qonaqlara təqdim edilməyə hazır olan xidmətlərin və məhsulların əvvəlki siyahısını genişləndirib. Bununla əlaqədar, o vurğulayıb ki, su təchizatı, təmizləyici qurğular, müvafiq avadanlığın istehsalı, sututarların, rezervuarların, kanalizasiya şəbəkələrinin təmiri, su ehtiyatlarının, o cümlədən yağış sularının idarə edilməsi sahəsində macarların topladığı təcrübə və qazandığı nailiyyətlər Azərbaycan üçün həmişə maraqlı olub. Bu məsələlərdə Macarıstan liderlər arasındadır. Bundan əlavə, E.Hüseynovun sözlərinə görə, Macarıstan tərəfin təklif etdiyi avadanlığın və xidmətlərin dəyəri başqa ölkələrdən olan rəqiblərin təklifləri ilə müqayisədə çox cəlbedicidir. HEPA-da keçirilmiş görüşdə məlum olub ki, artıq qüvvədə olan kontraktlar çərçivəsində yeni istiqamətlər mümkündür. Qeyd edilib ki, qaz, elektrik, su və kanalizasiya şəbəkələrini eyni vaxtda yaratmaq məqsədəuyğundur, çünki bu halda vaxta və resurslara qənaət etmək imkanı yaranır. Ona görə də Azərbaycan məhz bu rejimdə işləməyə hazır olan və bunu bacaran şirkətlərin cəlb edilməsində maraqlıdır.

Kənd təsərrüfatı üzrə ixtisaslaşan, o cümlədən istixanalar yaratmaq sahəsində təcrübəsi olan, həmçinin “yaşıl energetika” ilə məşğul olan şirkətlər də maraq doğurub. E.Hüseynov qeyd edib ki, bu çox vacibdir, çünki Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını “yaşıl zonalar” elan edib. Burada yaradılacaq yaşayış məhəllələrindəki evlər enerji effektivliyi, qışda istiliyin və yayda sərinliyin saxlanması tələblərinə cavab verməlidir. Buna görə də Azərbaycan tikinti zamanı izolyasiya materiallarından istifadə edilməsi təcrübəsi olan, həmçinin bu cür materiallar istehsalı ilə məşğul olan macar tikinti şirkətlərinin cəlb edilməsində maraqlıdır. E.Hüseynov qeyd edib ki, görüşdə belə şirkətlərdən biri onu daha çox maraqlandırıb, həmin şirkət də öz növbəsində Ağdam rayonunda ekoloji və energetik baxımdan innovasiyalı tikinti materialları istehsalı xəttinin açılmasında maraqlı olduğunu bildirib. Bu, qarşılıqlı faydalı olardı - həm yeni iş yerləri, həm də bərpa proqramı kontekstində zəruri olan məhsullar yaranardı.

Eyyub Kərimli: “Rusiya-Ukrayna müharibəsi bitməsə, çörək yenə bahalaşa  bilər”

Eyyub Kərimli 

İqtisadçı-ekspert Eyyub Kərimli də “Yeni Müsavat”a dedi ki, işğaldan azad olunmuş bölgələrdə böyükmiqyaslı, böyük investisiya tutumlu layihələrin həyata keçirilməsi nəzərdə tutulub: “İki ildə 5 milyard manata yaxın vəsait ayrılıb. Növbəti ildə yenə 3 milyard vəsait ayrılması nəzərdə tutulub. Sözsüz ki, orada əsasən taxıl əkini, kənd təsərrüfatının inkişafı, qida emalı sənayesinin inkişafına daha çox əhəmiyyət veriləcək. Bu sahədə geniş işlərin görülməsi nəzərdə tutuldu. Dövlət tərəfindən infrastruktur layihələrinə və ora köçəcək əhalinin məişət şəraitinin, mənzil şəraitinin yaxşılaşdırılması üçün tikinti sektoruna müvafiq olaraq investisiyaların yatırılması nəzərdə tutulub ki, bu da öz növbəsində orada yeni iş yerlərinin açılması, məşğulluğun təmin edilməsi, həmçinin sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına əhəmiyyətli dərəcədə nəticə göstərəcək. Digər tərəfdən, orada fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin vergi güzəştlərini və güzəştli kreditlərə çıxışının təmin edilməsi də gələcəkdə sahibkarlığın inkişafına təkan verəcək”.

Ekspert hesab edir ki, işğal altında olan torpaqlarda inkişaf edəcək sahələr kənd təsərrüfatı sahəsi, yüngül sənaye, toxuculuq, emal, tikinti materiallarının istehsalı, həmçinin gələcəkdə Laçın, Kəlbəcər və Zəngilanda turizm potensialının geniş inkişafını görəcəyik: “Belə ki, orada hava limanlarının da tikilməsi xaricdən turizm və investisiya axınını bura təmin edəcək. Həmçinin, Araz vadisi azad iqtisadi zona və Ağdam sənaye parkının salınması da orada geniş imkanlar yaradacaq. Bu həm məşğulluğun təmin edilməsi, həm də kiçik və orta sahibkarlığın inkişafına böyük təkan verəcək”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"  mövzusunda hazırlanıb.

Hazırladı: Afaq MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR