İnsanlara hürriyət, millətlərə istiqlal!

İsa Qəmbər başqanlığa geri dönür - keçmiş müsavatçılar da qayıdırmı...

1306 04.04.2024 12:25 Siyasət A A

Xəbər verildiyi kimi, Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin rəhbərliyə geri dönəcəyi barədə xəbərlər yayılıb. Müsavatçıların partiyanın mayın 4-də keçiriləcək qurultayında sabiq başqanın namizəd olmasını israrla istədikləri, bunun üçün ondan xahişlərin edildiyi də bildirilir. 

Qeyd edək ki, martın 30-da Müsavat Məclisinin iclasında İsa Qəmbərin namizədliyi irəli sürülüb. Belə bir təşəbbüslə Məclis sədri Nüşabə Sadıqlının çıxış etdiyi qeyd olunur. Hələlik İ.Qəmbər qərarını açıqlamayıb. Amma 30 martdakı iclasda namizədliyini irəli sürən hər kəsə təşəkkür etdiyi və yaxın günlərdə qərarını açıqlayacağı ilə bağlı vəd verdiyi bildirilir.

Xatırlatma verək ki, İsa Qəmbər Müsavat Partiyasının 2014-cü ildə keçirilən qurultayında başqanlığa namizədliyini irəli sürməyib. Həmin qurultayda 4 namizəd var idi. Onlar hazırkı Müsavat başqanı Arif Hacılı, AĞ Partiya başqanı Tural Abbaslı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu və Səxavət Əlisoy olmuşdu. Arif Hacılı başqan seçildikdən sonra bu şəxslər daxil çoxlu sayda müsavatçılar onun idarəçiliyinə etiraz edərək partiyadan uzaqlaşdılar. 

İsa Qəmbər Müsavat başqanlığına qayıdarsa, keçmiş müsavatçılar da geri dönərmi? Onun gəlişi Müsavatı gücləndirə, əvvəlki nüfuzuna qaytara bilərmi?

Bu suallarla tanınmış simalara müraciət etdik. 

Talıbovları qolu qandallı görəcəyikmi? Onunla savaşan Səxavət Əlisoy  "CANLI"da - SENSASİON detallar

Səxavət Əlisoy: “Ömürlərini tam şəkildə siyasətə həsr edənlərdən geri dönənlər ola bilər”

İ.Qəmbərin başqanlığı dönəmində bir müddət onun müşaviri olan Səxavət Əlisoy dedi ki,  bir halda keçmiş partiyasına qayıda bilər: “Bu barədə mənim də məlumatım var. Məlumatı mediadan almışam. Açığı, bu baş verərsə, buna təəccüblənərəm. Çünki zaman-zaman bu söhbət ortaya çıxanda İsa bəy deyirdi ki, başqanlığa qayıtmayacam. Mənim nə Arif Hacılı, nə də İsa Qəmbərlə şəxsi problemim var. Sadəcə, Arif Hacılı ilə zehniyyət, düşüncə fərqimiz var idi. O, populizmin, mən təkamülün tərəfdarı idim. Onlar "inqilabçılar" idi. Elə düşünürdülər ki, inqilabi fikirlər söyləməklə nəyəsə nail olmaq olar. Zaman göstərdi ki, bunlar utopik söhbətlər idi.  Arif Hacılıgil o partiyadan gedəcəyi təqdirdə Müsavata qayıtmaq barədə düşüncəmin olduğunu dəfələrlə mətbuata demişdim. Amma konkret İsa Qəmbərlə bağlı deyildi. Açığı, Müsavatın əvvəlki gücə qayıdacağına inanmıram. Qatar keçib getdi. Bu partiyanın toparlanması üçün bir ömür lazımdır. Partiya strategiyasında, taktikasında dəyişikliyə getməlidir. Yeni qüvvələr ortaya çıxmalıdır. Mən  həkiməm. Ömrünün 30 ilini biri partiyaya qoyub sonda heç nə əldə etmirsə, insan təzədən geri dönərmi? Amma ömürlərini tam şəkildə siyasətə həsr edənlərdən geri dönənlər ola bilər".

Adil Qeybulla istefa verdi - ANS - Xəbərlər

Adil Qeybulla: “Partiyaya geri dönməklə bağlı təklif gəlsə...”

Müsavatın sabiq Divan üzvü Adil Qeybulla indidən bir söz demək fikrində deyil: “Açığı, hansısa siyasi partiyada təmsil olunmaq fikrim hələ ki yoxdur. Gənclər irəli getməlidir. Getdiyimiz təşkilata geri dönmək bir az düzgün görünməzdi. Amma istənilən halda hələ ki nəsə bir söz demək mümkün deyil. Proseslər getsin, baxaq, görək nələr baş verir. İndidən bir söz demək çətindir. Təbii ki, partiyaya geri dönməklə bağlı təklif gəlsə, hər halda, düşünüb, dəyərləndirib qərar verərik. Situasiyaya baxmaq lazımdır. Onu da deyim ki, İsa bəy başqanlığa qayıtsa belə Müsavat əvvəlki gücünü bərpa edə bilməyəcək. Ona görə də o vaxt onun başqanlıqdan getməsinin tərəfdarı deyildik. Burada hər şey İsa Qəmbər faktoruna bağlı deyil . Düzdür, birinci şəxsdən çox şey asılıdır. Təəssüf ki, o zaman onun başqanlıqdan getməməsinə nail ola bilmədik. İndi insanlar yaşlaşıb, həyatdan köçənlər var. Burada siyasi perspektiv məsələsi də rol oynayır. Partiyanın zəifləməsində həm bu faktorlar rol oynayıb, həm də təbii ki, başqan faktoru da rol oynamamış deyil. Amma istənilən halda İsa Qəmbər partiyaya qayıdarsa, partiyanın toparlanması olacaq. Lakin partiyanın keçmişdəki gücünə qayıdacağını real görmürəm”.

Yadigar Sadıqlı Müsavat Partiyasından istefa verdi

Yadigar Sadıqlı: “İsa Qəmbərin başqanlığının müzakirə olunması...”

Son qurultayda Müsavat başqanlığına namizəd olan Yadigar Sadıqlı isə hələ də incikdir: “İsa Qəmbər başqanlıqdan getsə də, partiyanın zəifləməsi təkcə Arif Hacılının işi deyil. İsa Qəmbərin də buna çox ciddi "töhfəsi" oldu. Yadınızdadırsa, 2014-cü il qurultayından sonra toz-duman yatmağa doğru gedərkən kənardan necə görünməsindən asılı olmayaraq, İsa Qəmbər “mübarizə hakimiyyətlə Müsavat arasında gedir” deməklə Vurğun Əyyub, Qubad İbadoğlu və digərlərini hakimiyyətin maşası olmaqda günahlandırdı. Ondan sonra həmin insanlar daxil, çoxlu sayda istefalar oldu. Təəssüflər olsun ki, İsa Qəmbər partiyada aparılan şər-böhtan, qarayaxma kampaniyasına dur demədi. Ona qarşı tənqidi fikirlər səsləndirən insanların partiyadan uzaqlaşdırılmasının tərəfdarı oldu, onları buna bir növ təhrik etdi. Həmin insanların partiya üçün hansı xidmətlərinin olması, onların nüfuzu nəzərə alınmadı. Düşünülmədi ki, bütün bunlar partiyanı zəiflədir. Bu baxımdan onun başqanlığa qayıtması ilə mənim partiyaya qayıtmağım tamamilə absurd bir şeydir. Ümumiyyətlə, belə bir fikrim yoxdur. Çünki çox təəssüf ki, o partiyanı məhv etdilər. Əslində bu gün İsa Qəmbərin başqanlığının müzakirə olunması partiyanın nə qədər iflas etməsinin bir göstəricisidir. Başqanlığa namizəd olmağa adam tapılmır. Partiyadan istefa verəndə yazmışdım ki, partiya rəhbərliyində, müavinlikdə, Divanda təmsil olunan insanların heç biri siyasi fiqur deyil. Cəmiyyət arasında heç bir nüfuzları yoxdur. Əgər olsaydı, yəqin ki, onların arasından biri başqan olardı".

Nizaməddin Quliyev: “İsa Qəmbərin partiya başqanı olaraq qalmasının  tərəfdarı idim”

Nizaməddin Quliyev: “İsa bəy qayıtsa, bu barədə düşünərəm”

İ.Qəmbərin sabiq müşavirlərindən olan Nizaməddin Quliyev isə dedi ki, bu barədə düşünə bilər: “Əvvəldən Müsavatda böyük qismin fikri bu idi ki, İsa bəy getməsin. O dönəmdə İsa bəyin qalmasının qatı tərəfdarı idim. Sadəcə, ortalığa nizamnamə-filan məsələləri atmışdılar. Qurultay çarəsini tapa bilərdi. İsa bəy qayıtsa, bu barədə düşünərəm. Hər şeyi zaman göstərəcək. Amma xeyli adam qayıda bilər. Siz, biz daxil hamımız o işin içərisində olmuşuq. Vəziyyət elə yaranmışdı ki, çox adamlar incik düşdülər, incik salındılar. İndi o gedənlərdən xeyli adam qayıda bilər. Təəssüf ki, Müsavatda vəziyyət mən düşündüyümdən qat-qat pis oldu. Bir-birinə dəstək verən müsavatçılar var idi. Hamı pərən-pərən düşdü. Əslində burada hamımız uduzduq. İndi Müsavatın güclənməsi üçün ikiqat çalışmaq lazım gələcək. O zaman bəlkə nəyəsə nail olmaq olar. Hər şey İsa bəydən asılıdır, yəni qayıdıb-qayıtmama qərarı. Başqa namizəd də zatən yoxdur. Çünki Arif Hacılının dönəmi bitib. Belə götürəndə kim olmalıdır? Hər kəs başqan ola bilər. Amma biz də uşaq deyilik. Başqan olmaq xatirinə olmaz. Məsələn, Qubad bəy, rəhmətlik Vurğun bəy olsaydı, deyərdim ki, bunlardan biri ola bilər. Xeyli müddətdir ki, partiyadan uzaqlaşmışam. Təmaslarım da yoxdur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR