İnsanlara hürriyət, millətlərə istiqlal!

İş adamının sevgi münasibəti, narkotik və hamamda törədilən dəhşətli qətl - CİNAYƏT DOSYESİ

1132 05.02.2026 18:37 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Yasamal rayonunda tanışını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə proses keçirilib.

Musavat.com
xəbər verir ki, Emil Ağacanovun  vəkili prosesin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Emil Ağacanov vəsatəti müdafiə edib.

Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi və onun vəkili vəsatətin təmin edilməməsini istəyiblər. Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra prosesdə şahid qismində Elnur Həbibov ifadə verib. O bildirib ki, 2024-cü ilin iyul ayında Emil Ağacanovun psixoloji durumu normal olmayıb: “Emil deyirdi ki, ona vəhy gəlib, özünü Mehdi adlandırırdı. Anasına dualar etdirməyə çalışırdı. Bir gün zəng edib məni evə çağırdı. İçəri girən kimi mənə kəllə atdı, "sən şeytansan" deyib diz çökdürmək istədi. Onu həkimə apardıq, sakitləşdirici iynə vurulmalı idi, amma alt paltarında pəncərədən qaçdı. Dalınca qaçıb, tutdum. Hər şeydə məni günahlandırırdı”.

Şahidin sözlərinə görə, Emil Ağacanovla İradə Muradovanın yaxın münasibətləri olub və qadın onun ən çox ünsiyyətdə olduğu şəxslərdən biri sayılıb: “İradə zənglərimizə cavab vermirdi. Narahat olub evinə getdik. Qapının arxasından qışqıra-qışqıra edilən dualar eşidilirdi. İçəri girəndə gördüm ki, Emil hamamda İradəni qucaqlayıb, qışqıraraq dualar oxuyur”.

İttihama əsasən, qətl 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda baş verib. Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında, vannada paltarsız vəziyyətdə aşkarlanıb. İlkin araşdırmalar qadının xüsusi amansızlıqla qətlə yetirildiyini müəyyən edib. İstintaq materiallarına görə, Emil Ağacanov uzun müddət sevgi münasibətində olduğu İradə Muradova ilə birlikdə narkotik maddənin təsiri altında dini musiqilərə qulaq asıb, daha sonra qadını bıçaqlayaraq öldürüb.

Qeyd edək ki, ilkin mərhələdə Emil Ağacanov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan onun anlaqsız vəziyyətdə olduğu nəzərə alınaraq psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb edilməsi və polisin nəzarətinə verilməsi barədə qərar qəbul olunub.

Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC-nin, həmçinin “Port Baku” ticarət mərkəzində fəaliyyət göstərən italyan brendi “YAMAMAY” mağazasının sahibi olub. Qətlə yetirilən İradə Muradova isə həmin mağazada icraçı direktor vəzifəsində çalışıb. Emil Ağacanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham olunur.

Növbəti məhkəmə iclası fevralın 12-nə təyin olunub. 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR