İnsanlara hürriyət, millətlərə istiqlal!

İş adamının pulunu mənimsəyib, özünü zəhərlə öldürmək istəyiblər

963 01.11.2022 15:40 Kriminal A A

Şahid: “Ağladı, dedi ki, mən Əfqanı öldürməsəydim, onlar məni öldürəcəkdilər”

Bakı Ağır Cinayətlər Məhkəməsində film kimi cinayət işi araşdırma mövzüsudur. İttiham aktından bəlli olur ki, birinci Qarabağ müharibəsi qazısı “Avtotransyol” və “Murov TSK” şirkətinin rəhbəri Əfqan Zeynalov “Azərbaycan Dəmir Yolları” QSC ilə dəmir yollarının tikintisi üçün müqavilələr bağlayıb.

Müqavilələrə əsasən tikinti üçün onun şirkətinə büdcədən külli miqdarda vəsait köçürülüb. Həmin pulları o, kadrlar şöbəsinin 34 yaşlı müdiri Nelli Fabriçnayanın evinə qoyduğu seyfdə saxlayıb. Günlərin birində isə Zeynalov xəbər tutub ki, seyfdə saxladığı pullardan düz 423 min dollar yoxa çıxıb. Həmin vaxt Əfqan Zeynalov zəhərlənib. Hüquq-mühafizə orqanlarına müraciət edən şirkət rəhbəri məsələnin araşdırılmasına nail olub. O, pulların mənimsənilməsində, özünün zəhərlənməsində Nelli Fabriçniyanın əli olduğunu iddia edib. Əfqan Zeynalov işlərin görülməsi üçün kadrlar şöbəsinin müdiri olan Nelli Fabriçnayaya etibarnamə verib. İstintaq sənədlərinə görə, Əfqan Nellinin yaşadığı evlə üzbəüz kirayə ev tutub, tenderlərdən əldə olunan pulları orada yerləşdirilən seyfdə saxlayıb.

İddia olunur ki, Nelli Fabriçnaya bir dəfə 300 min dollar, bir dəfə 100 min dollar, başqa bir dəfə isə 400 min dollar pulu seyfdən götürüb. Həmin pullardan ümumilikdə 423 minini mənimsəyib. İstintaqa ifadəsində Nelli Fabriçnaya deyib ki, pulların bir hissəsini kömək məqsədilə şirkətin xadiməsi olan Mehriban adlı xanıma, bir hissəsini isə özünün keçmiş sevgilisi Rauf adlı şəxsə verib. O, xadimə və sevgilisinə ümumilikdə 103 min xərclədiyini açıqlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Hökümə Zeynalova dindirilib. Zərərçəkmiş Əfqan Zeynalovun bacısı olduğunu deyən şahid qardaşının yaşadığı evə gələrkən onun vəziyyətinin ağır olduğunu görüb: “Əfqana yemək hazırladım, güclə yedizdirdim. Stolun üstündə mürəbbə suyu, dərman şüşəsi var idi. Əfqan yemək yeyəndən sonra həmin suyu ona verdi. Gördüm ki, qardaşımın halı pisləşdi. Elə bildim ki, xəstəlikdəndir”.

Şahid deyib ki, qonşu otaqda Nelli Fabriçnayanın telefonda kiminləsə danışdığını eşidib: “Nellidə də seyfin açarı var idi. Yarı rusca, yarı azərbaycanca kiməsə deyirdi ki, dalbadal verdim dərmanı, amma Maştağalıq olmur. Səhəri gün də qoynundan dərman çıxarıb Əfqana verən yerdə tutdum. Soruşanda dedi ki, “valerianka”dır”.

İfadəsinin davamında şahid deyib ki, qonşu otaqda namaz qılanda Əfqanın xırıltısını eşidib. Digər qardaşı Mamedə zəng vurub, təcili gəlməsini istəyib. Bundan sonra Əfqan Zeynalovu həkimə aparıblar.
Hökümə Zeynalovanın ifadəsinə görə, Nelli Fabriçnaya seyfdən pul götürdüyünü etiraf edib: “Mən pulun miqdarını bilmirəm. Nelli deyirdi ki, 400-500 min götürmüşəm, əcəb eləmişəm. Mübahisə etdik. Dedim ki, mən uşaq deyiləm, qardaşımı niyə öldürürdünüz? Sənə pul lazım idisə, mən kənddən yığar, verərdim. Ağladı, dedi ki, mən Əfqanı öldürməsəydim, onlar məni öldürəcəkdilər. Özü üzrxalıq etdi, pulları qaytarcağını dedi”.

Şahid Nelli Fabriçnayanın onlar dediyi şəxslərin kimlər olduğunu açıqlamayıb.

Məhkəmə prosesi noyabrın 14-də davam edəcək.

E.Məmmədəliyev,
Müsavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR