İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda TRIPP pani̇kası: “99 illik nəzarət”, “74% kapital” və ABŞ-a bağlılıq mübahisəsi

592 15.01.2026 22:28 Dünya A A

ABŞ-la imzalanmış TRIPP layihəsinin yeni detallarının açıqlanması Ermənistanda geniş rezonans doğurub. Müzakirənin mərkəzində sənəddə yer alan 74%-lik amerika payı, strateji infrastrukturun 99 illiyə icarəsi və “front-office / back-office” modeli dayanır. Ermənistan mətbuatında bu mexanizm “Sünik üçün ABŞ qalxanı” kimi təqdim olunsa da, revanşist yönümlü müxalif ekspertlər bunu suverenliyin qismən güzəşti və ABŞ-a asılılığın dərinləşməsi kimi qiymətləndirirlər.

Bu çərçivədə yerli politoloq David Arutyunov layihəni “sərt neokolonializm” nümunəsi adlandırır. Onun sözlərinə görə, TRIPP klassik investisiya paketi deyil, Vaşinqtonun infrastruktur üzərində uzunmüddətli nəzarət qurmaq mexanizmidir. Arutyunov bu modeli ABŞ-ın Ukrayna resurs sektorunda, Venesuela böhranında, Qəzza idarəçiliyində və hətta Qrenlandiya girişimində tətbiq etdiyi yanaşmalarla müqayisə edir.

Erməni ekspertin iddiasına görə, İrəvan bu kompromisi Bakının Naxçıvan üzərindən birbaşa nəzarət qurması riskinin qarşısını almaq üçün qəbul edib. Yəni Ermənistan üçün seçim “tam itki” və “məhdud itki” arasında olub və hökumət Vaşinqtonu prosesə daxil etməklə özünün zəiflik zonasını kompensasiya etməyə çalışır. Bu isə suverenlik diskursunda yeni təbəqələşmə yaradır: Ermənistan formal hüquqi nəzarəti saxlayır, real əməliyyat nəzarəti isə operatora keçir.

Müzakirənin digər mübahisəli hissəsi “front-office / back-office” mexanizmidir. Bu modeldə gömrük və sərhəd funksiyalarının bir qismi özəl şirkət tərəfindən icra olunacaq, dövlət isə yalnız təsdiqləyici mərhələdə iştirak edəcək. Revanşist düşərgə bunu “suverenliyin kağız üzərində qalması” kimi təqdim edir və əsas nəzarətin ABŞ operatoruna keçəcəyini iddia edir.

Layihənin iqtisadi ayağı isə daha çətindir. İşıqlı təqdimat fonunda belə TRIPP yüksək əlavə dəyər yaratmır. Tranzit marşrutlar adətən xidmət sektoru formalaşdırır, lakin böyük mənfəət operator və yük göndəricisi ölkələrdə qalır. Arutyunovun fikrincə, TRIPP Ermənistan iqtisadiyyatında “yeni inkişaf modeli” deyil, sadəcə asılılıq sisteminin növbəti mərhələsi ola bilər: əvvəl bu asılılıq mədəndən və diaspor transferlərindən ibarət idisə, indi ona tranzit faktorunun əlavə olacağı ehtimal olunur.

Layihənin geosiyasi ölçüsü də Bakının və Ankaranın baxışından tam fərqlidir. İrəvan üçün ABŞ kapitalı və “Trump brendi” təhlükəsizlik zəmanəti kimi göstərilir. Aruyunovun sözlərinə görə biznes ordu deyil. Gərginlik yaranacağı təqdirdə investisiya dondurular və ABŞ şirkəti çıxar, risklər isə yenidən Ermənistanın üzərinə qalacaq. Üstəlik, Trampın siyasi dövrünün bitməsi TRIPP-i ABŞ daxili siyasətinin girovuna çevirə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR