İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda seçki böhranı pik həddə: Karapetyanın bloku Konstitusiya Məhkəməsinə müraciət etdi

759 19.06.2026 12:06 Dünya A A

"Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" müxalifət bloku iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinin ləğv edilməsi tələbi ilə Ermənistan Konstitusiya Məhkəməsinə müraciət edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı blokun mətbuat katibi Marianna Kaqramanyan sosial şəbəkə hesabında paylaşıb. Onun sözlərinə görə, iyunun 19-da "Güclü Ermənistan" blokunun rəsmi nümayəndəsi Aram Vardevanyan Konstitusiya Məhkəməsinə rəsmi ərizə təqdim edib. Siyasi qüvvə seçki prosesi zamanı hakimiyyət tərəfindən kütləvi və mütəşəkkil qanun pozuntularına yol verildiyini əsas gətirərək, Mərkəzi Seçki Komissiyasının (MSK) iyunun 14-də açıqladığı yekun qərarının ləğvini, seçki nəticələrinin etibarsız sayılmasını və alternativ variant kimi səsvermənin ikinci turunun təyin edilməsini tələb edir.

Qeyd edək ki, MSK-nın rəsmi bəyanatına əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyası səsvermədə 49,7%-dən çox səs toplayaraq yeni hökuməti təkbaşına formalaşdırmaq hüququ qazanıb. Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23,3%-lə ikinci, sabiq prezident Robert Koçaryanın "Ermənistan" alyansı isə 9,9%-dən çox səslə üçüncü yerdə qərarlaşıb. Ölkədə fəaliyyət göstərən digər altı müxalif qüvvə də seçkilərin legitimliyini tanımadıqlarını bəyan etsələr də, Baş nazir Nikol Paşinyan müxalifətin saxtakarlıq ittihamlarını rədd edərək ölkədə hər hansı yeni seçkinin keçirilməyəcəyini qəti şəkildə vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR