İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda “9-cu bənd” xofu - “Azərbaycanın hücumu qaçılmazdır” təlaşı

910 12.03.2024 11:26 Ölkə A A

Polkovnik: “Rusiya bir qarant dövlət kimi üçtərəfli bəyanatın 9-cu maddəsinin icrasının reallaşdırılmasına nail olmalıdır”

“Azərbaycanın Ermənistana hücumu qaçılmazdır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini oxuyun. Azərbaycan bunu mütləq həyata keçirəcək”.

“Yeni Müsavat”ın məlumatına görə, bu iddianı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, general Movses Akopyan 168.am saytına müsahibəsində irəli sürüb. 

Xatırladaq ki, 10 noyabr üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, regionda bütün iqtisadi və nəqliyyat əlaqələri blokadadan çıxarılmalı, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələri və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilinə zəmanət verməlidir. Dəhlizə nəzarət isə Rusiya FTX-nin Sərhəd Xidmətinə həvalə olunub. Bəyanatda habelə vurğulanır ki, Azərbaycan və Ermənistan arasında razılaşmaya əsasən, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Akopyanın fikrincə, bu bəndin (Zəngəzur dəhlizinin) reallaşması məsələsində Azərbaycanı heç nə dayandıra bilməz - hətta sülh müqaviləsi də. 

“Bəs Azərbaycanın hücumu zamanı Ermənistana hansı ölkə dəstək ola bilər, xüsusən nəzərə alanda ki, Ermənistan hakimiyyəti KTMT ilə münasibətləri dondurub və Rusiya sərhədçilərinin Ermənistandan çıxarılacağını  elan edib” təxribatçı sualına isə Akopyan belə cavab verib ki, Ermənistanı kimin dəstəkləyəcəyini bilmir və ümumiyyətlə, bu sualın cavabı yoxdur.

Ermənilərin Naxçıvanadək sərhəd təxribatlarının sirri

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndini Ermənistan yerinə yetirməkdən faktiki olaraq imtina edir. Ona görə də Movses Akopyanda sənədin bu bəndinin reallaşdırılmasının sonda məcburi həyata keçiriləcəyini düşünür. Azərbaycanın üçtərəfli bəyanatın 9-cu maddəsinin yerinə yetirilməsi üçün yaxın zamanlarda hərbi güc tətbiq etməsi gölzənilmir: “9-cu maddə də qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, Ermənistan Respublikası nəqliyyat vasitələri və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir, nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti orqanı həyata keçirir, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat-komunikasiya xəttinin inşası təmin edilir. Azərbaycan 9-cu maddənin tələblərinin yerinə yetirilməsi üçün üzərinə düşən öhdəliyi yerinə yetirib. Yəni yolun Azərbaycan hissəsindən keçən hissəsini inşa edib. Ermənistan isə bu günə qədər öhdəliyinin yerinə yetirmək istiqamətində heç bir addım atmayıb. 10 noyabr bəyanatını məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin imzalayıb. Rusiya qarant dövlət kimi imzalayıb. Ermənistanın həmin sənədin hər hansı maddəsini yerinə yetirməməsi həm də Rusiyaya qarşı saymamazlıqdır. Ona görə də Rusiya bir qarant dövlət kimi üçtərəfli bəyanatın 9-cu maddəsinin icrasının reallaşdırılmasına nail olmalıdır. Rusiya isə maraqlıdır ki, bunun üçün praktiki addım atmır, susur. Necə ki, həmin sənədin 4-cü maddəsinin tələbləri Ermənistan tərəfindən yerinə yetirilməyəndə Rusiya susurdu, indi də eyni vəziyyətdir. Azərbaycan 3 ilə yaxın gözlədi və tam əmin olanda ki, Ermənistan 4-cü maddənin tələbini yerinə yetirmək fikrində deyil və Rusiya da Ermənistanı buna məcbur etmir məsələni özü həll etməli oldu. Sentyabrın 19-da Azərbaycan öz ərazisində bir sutkalıq antiterror tədbiri həyata keçirərək Ermənistan silahlı birləşmələrinin bölmələrini və erməni terror qruplaşmalarını tamamilə təmizlədi. Beləliklə, üçtərəfli bəyanatın 4-cü bəndinin həyata keçməsini Azərbaycan təmin etdi. 

Bu gün Rusiya ilə Ermənistan arasında gərginlik heç vaxt olmadığı qədər gərgindir, Ermənistan KTMT-də fəaliyyətini dondurub, Rusiya sərhədçilərinin İrəvanın Zvartnos hava limanında xidməti dayandırıb ərazini tərk etməsi tələbi qoyulub. Güman edirəm ki, Azərbaycandan çox Rusiya üçtərəfli bəyanatın 9-cu maddəsinin icrasını həyata keçirmək üçün hərəkətə keçməlidir. Hesab edirəm ki, bu istiqamətdə Rusiya tərəfindən Ermənistana təzyiqlər olacaq və Movses Akopyan da bunu hesablayıb. Akopyan, sadəcə, erməni xislətinə uyğun olaraq Azərbaycana qarşı iddia ilə çıxış edib. Azərbaycan artıq bəyan edib ki, bu məsələni güc yolu ilə həll etmək fikrində deyil".

Hərbi ekspert vurğuladı ki, ancaq Ermənistan Azərbaycanın bu xoşməramlı davranışından sui-istifadə etməməlidir: “Ümid edirəm ki, bu məsələ Ermənistan hökuməti ilə danışıq yolu ilə həllini tapacaq. Əgər Ermənistan Azərbaycana qarşı hər hansı bir təxribat törədərsə, təbii ki, Azərbaycan bu zaman öz təhlükəsizliyini qorumaq üçün ciddi tədbirlərə əl atacaq. Toqquşma bu halda baş verə bilər. Ola bilsin Ermənistan ordusunun sabiq baş qərargah rəisində ölkəsinin Azərbaycana qarşı təxribatlara əl atacağı haqda informasiya var. Ona görə də həmin açıqlamanı verib. Akopyan da bilir ki, Azərbaycan təxribat törədən tərəfi cəzalandırmaqda qətiyyətlidir. 

O ki qaldı belə vəziyyət meydana çıxarsa, Ermənistanı kimlərin müdafiə edib-etməyəcəyinə, Azərbaycan artıq onu da bəyan edib ki, Ermənistanın hər hansı havadarından çəkinmir. Ermənistana Fransa silah göndədir, sabah Azərbaycanla hərbi toqquşma olarsa, istisna deyil ki, Fransa İrəvana ənənəvi formada dəstək verəcək. Amma nə etsələr belə, Azərbaycan öz haqq yolundan dönəsi deyil. Çünki Azərbaycan ədalətli mövqedədir". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR