İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan üzərində Azərbaycan dronları - bir şokedici çəkilişin təfərrüatı  

1081 09.01.2024 14:19 Dünya A A

Təhlükəsizlik eksperti: “Hərbi dronlar Ermənistan paytaxtında hər hansı bir obyektə hücum etməyib”

Xəbər verildiyi kimi, az öncə CBC telekanalı İrəvan səmasında dronla çəkiliş aparıb və şəhərlə bağlı süjet hazırlayıb. Bu isə Ermənistanda “Azərbaycan dronları başımızın üzərində gəzir” müzakirələrinə səbəb olub. Yerli media Azərbaycan telekanalına məxsus dronun İrəvan səmasında necə çəkiliş apardığını anlamağa çalışır.

Nyus.am yazıb ki, dron çəkilişinin aparılması iki halda mümkün ola bilər: ya Azərbaycan dronları həqiqətən də İrəvan səmasında uçuşlar həyata keçirib, ya da burada “vasitəçilər” var. Azərbaycan dronlarının İrəvan səmasında çəkiliş aparması Ermənistanın təhlükəsizliyindəki boşluq kimi qiymətləndirilir. Lakin erməni mediası bunu qəbul etmək istəmir, ona görə əsasən “vasitəçilər” versiyası üzərində dayanır.

“Yəqin ki, bu işdə onlara ”vasitəçilər" kömək edib. Lakin Azərbaycan telekanalının İrəvanda və Ermənistanın digər yerlərində çəkilişləri necə təşkil etdiyi hələ də müəmmalı olaraq qalır", - sayt yazır. Hətta iddia edirlər ki, Azərbaycana İrəvan səmasından çəkiliş aparmağa ABŞ şirkətləri yardımçı olub. Ermənistan mediasında dron çəkilişini Azərbaycanın “xüsusi əməliyyatı” kimi təqdim edənlər də var.

Qeyd edək ki, CBC-nin çəkiliş qrupunun Ermənistana səfər etdiyi və görüntüləri oradan çəkdiyi bildirilir. Məlumata görə, CBC ekspedisiyası İrəvanda azərbaycanlıların memarlıq irsinin qəsdən dağıdılması faktlarını aşkara çıxarmaq məqsədilə dronlardan istifadə edərək havadan çəkiliş aparıb. Çəkilişlər hərtərəfli hazırlıq sayəsində mümkün olub. Bu məqsədlə çəkiliş əraziləri müəyyən edilərək öyrənilib, dronun uçuş marşrutu elə planlaşdırılıb ki, artıq diqqət cəlb etməsin. Nəticədə unikal videoçəkiliş aparmaq və Ermənistan hakimiyyətinin İrəvanın tarixi ilə bağlı həqiqətləri gizlətməsinə dair əsaslı sübutlar aşkarlanıb.

Bəs gerçəkdə çəkiliş necə mümkün ola bilərdi? 

İlham İsmayıl: “Hücum zamanı səfirliyin əməkdaşları niyə heç bir müqavimət  göstərməyiblər?” Pravda.az

İlham İsmayıl

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, Azərbaycan televiziyasında nümayiş olunan videokadrların İrəvanda təlaş yaratması başadüşüləndir: “Azərbaycandan İrəvana çəkiliş məqsədilə dron göndərməyin müxtəlif yolları var. 2-ci, 3-cü ölkələrin vasitəsilə də bunu etmək olar. Əlbəttə ki, söhbət hərbi dronlardan getmir. Azərbaycan İrəvana hərbi təyinatlı dronlar göndərməyib. Göndərsəydi, bu halda Ermənistanın Hava Hücumundan Müdafiə Sistemi işə düşərdi. Ermənistanın Hava Hücumundan Müdafiə Sistemi Rusiya hərbçiləri ilə birgə idarə olunur. Azərbaycan telekanalları istənilən bir ölkənin paytaxtında aparılan dron çəkilişlərini əldə edə bilərlər. İrəvan da istisna deyil”.

Ekspert deyib ki, Azərbaycan tərəfinin İrəvanda dron çəkilişi niyyəti olsa, bunu etmək o qədər də problemli məsələ deyil: “Digər ölkələrin vətəndaşları vasitəsi ilə İrəvanda çəkilişlər etmək mümkündür. Təbii ki, belə çəkilişlər qarşı tərəfdə panika yarada bilər və yaradır”.

Ekspert maraqlı bir məqama da toxundu: “Azərbaycanın CBC telekanalının İrəvan səmasında dronla çəkiliş aparıb və şəhərlə bağlı hazırladığı süjet Ermənistanda ikitərəfli istifadə olunur. Bir tərəfdən təbii olaraq həyəcan, təşviş yaranıb. Digər tərəfdən, bu süjetdən hakimiyyət uğrunda mübarizənin tərkib hissəsi olaraq, mövcud hakimiyyətə qarşı istifadə olunur. Hakimiyyətə "siz ölkəni müdafiə edə bilmirsiz, təhlükəsizliyə təminat verə bilmirsiz, Azərbaycan dronları başımızın üzərində gəzir" şəkilində müzakirələrə yol açıb. Faktiki isə Azərbaycanın hərbi dronları İrəvanda hər hansı bir obyektə hücum etməyib, heç müharibə günlərində də belə hal olmayıb. Bu məsələdə hərbi tərəf yoxdur. Dronla çəkiliş üçün Rusiyadan, Gürcüstandan və digər istənilən bir ölkədən İrəvana kimsə gedib çəkiliş edə bilər. Sonradan həmin çəkiliş istənilən ölkənin internet məkanında yayıla bilər və Azərbaycan televiziyaları da həmin vudeodan istifadə edə bilərlər. Vacib deyil ki, İrəvana bu məqsəd üçün sırf Azərbaycan tərəfindən kimsə göndərilsin".

Yada salaq ki, ötən ilin dekabrında azərbaycanlı hərbi ekspert Telman Qasımov İrəvana səfəri ilə bağlı video yaymışdı. Həmin video da İrəvanda təlaş, panika yaratmışdı. 

Erməni cəmiyyətində panika ilə qarşılanmış həmin çəkilişlə bağlı Telman Qasımov “Yeni Müsavat”a bunları demişdi: “Uşaqlığım İrəvanda keçib. İrəvan mənim ata yurdumdur. Evimə getməyə şansım az idi. Çox xahiş etdikdən sonra icazə verdilər. Səhər saatlarında gediş-gəliş az olduğu üçün o saatları seçdik. Özüm də başqa formada idim. Qapımıza qədər getdim, amma qapını döyə bilmədim...”

Videodan aydın olurdu ki, Telman Qasımov 35 ildən sonra doğma şəhəri İrəvana səfər edib. O, 17 yaşına qədər İrəvandakı Komitas küçəsi 5A ünvanında yaşayıb. Telman Qasımovun İrəvana səfər etməsi, öz evlərinə baş çəkməsi azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsinin aktuallığı fonunda xüsusilə diqqət çəkmişdi. Qarşı tərəfi qorxuya salan da məhz bu amil idi.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR