İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan NATO-ya üzvlük yolunda, Bakı isə superneytral rolunda

643 26.04.2023 10:10 Siyasət A A

ABŞ-ın iki hərbi təlimində iştirak etmək qərarını açıqladıqdan sonra Ermənistanın alyansa üzvlüyü haqda xəbərlər artıb, Azərbaycan isə...

Ermənistan Müdafiə Nazirliyi erməni hərbçilərin ABŞ-ın iki hərbi təlimində iştirak etmək qərarını açıqladıqdan sonra İrəvanın alyansa üzvlüyü haqda xəbərlər artıb.

Qeyd edək ki, sözügedən təlimlər 2023-cü ildə Avropa ölkələrinin ərazisində təşkil ediləcək. Rusiya dərhal reaksiya verərək İrəvanın bu qərarını pisləyib. Dövlət Dumasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin birinci müavini Aleksey Çepa “Qovorit Moskva” radiosuna açıqlamasında “İrəvan ciddi səhvə yol verib” deyib. Çepa Ermənistanın ABŞ-ın iki hərbi təlimində iştirak etmək niyyətində olması barədə danışarkən bunları deyib: “Təbii olaraq biz buna mənfi reaksiya verəcəyik. Ermənistanın mövqeyi də bizi çox məyus edir. Təəssüflər olsun ki, bunun ciddi səhv olduğunu anlayırıq. Bu, müəyyən siyasi nəticələrə gətirib çıxaracaq”.

Deputatın sözlərinə görə, Ermənistanın NATO-ya daxil olmaq şansı azdır. Onun fikrincə, alyansın əsas məqsədi Rusiya sərhədi yaxınlığında münaqişəli vəziyyət yaratmaqdır. “Erməni xalqı öz dövlətinin NATO-ya üzvlüyü haqda strateji qərarını artıq verib. Elan etməyib, amma bütün davranışları ilə şübhəyə yer qoymur: Azərbaycanla sülh sazişi bağlanandan dərhal sonra Ermənistan NATO-ya üzv olacaq”.

İlqar Məmmədov Prezidentə müraciət etdi

İlqar Məmmədov

Bunu isə REAL Partiyasının sədri İlqar Məmmədov yerli mediaya açıqlamasında deyib. İ.Məmmədovun fikrincə, Ermənistan özünün hansısa bir böyük mühafizəçisi olmadan yaşaya biləcəyinə inanmır. Rusiyanın bu mühafizəçi roluna 200 illik tarix bucağından baxanda Ermənistan özünü qazanmış yox, itirmiş hesab edir. İranı isə bu mühafizəçi rolunda ən müxtəlif səbəblərdən görmür: “Qərbpərəst partiyanın hətta son müharibədən sonra ard-arda həm ümumi, həm yerli, həm də aralıq seçkilərini qazanması bu strateji xəttin təkcə Paşinyana aid olmadığını, əhali və diaspora daxil bütövlükdə erməni elitası və xalqına aid olduğunu aydın göstərir. Müxalifət də, sadəcə, Rusiyanı aldadır, onda yalançı ümid yaradır. İran özünün Ermənistanla sərhədini itirməmək üçün Azərbaycana qarşı ciddi iş aparır, amma fakt olaraq bunun nəticəsində yaxın gələcəkdə özünün NATO ilə sərhədini böyütmüş olacaq”.

REAL sədri deyib ki, Ermənistanın arxasında NATO duranda o, İranla tamamən başqa cür davranacaq. İ.Məmmədov qeyd edib ki, Azərbaycanın NATO-ya üzvlüyü yaxın və orta müddətli gələcəyə baxanda çox dumanlıdır: “Ermənistanın perspektivi qədər aydın deyil. Hələlik daha böyük ehtimalla demək olar ki, Azərbaycan heç zaman oraya üzv olmayacaq, superneytral mövqeyində daha da möhkəmlənəcək”.

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov hesab edir ki, Paşinyan bu xülyaya düşərsə, onun üçün bədəli ağır olar: “Ermənistanda son dövrlər gedən proseslər nə deyir? Paşinyan Qərb layihəsidir. Hansı ki, Saakaşvili və Zelenski kimi... Saakaşvili ölkəsini Qərbləşdirə bildi. Amma nəyin bahasına? Osetiya və Abxaziyanı itirmək hesabına. Zelenski də eyni ilə. Ukraynanın 20 faizə yaxın ərazisi işğal edilmiş, milyonlarla qaçqını var. Paşinyan nə etdi? Azərbaycanın işğal edilmiş torpaqlarında rəqs elədi. Bizi təhdid elədi. Qərbin havasına, Rusiyanın da dəyişkən hərəkətlərinə əsaslandı. Ordusu darmadağın edildi. Azərbaycan qarşısında məğlub oldu. Dərhal nə etdi? Rusiyanı sətiraltı ittiham elədi. KTMT-yə "kəllə" vurdu. Yekunda Paşinyan bir layihədir. Amma təbii erməni şovinizminin çalarları olan layihə. Tarixən erməni elə ermənidir. Kommunist idi Şaumyan və Mikoyan, amma elə erməni idilər. Liberal idi Ter-Petrosyan, amma erməni idi. Ona görə Ermənistan NATO-ya meyl edə bilər. Amma bu sevdaya düşənlərin aqibəti bəllidir. Gürcüstan və Ukraynanı götürək, NATO nə etdi? Arada minnətlə silah verir. Sonra deyir ki, “ayə, çox uzağa atma”, “yaman çox atırsan”. Qərb kapitalist imperializmin simasıdır. Rusiya isə ənənəvi imperial yanaşmaların. Azərbaycan düz edir. Bizim bölgədə region ölkələrinin maraqlarnı nəzərə alaraq hərəkət eləmək lazımdır. Onsuz da bizim qardaşımız Türkiyə NATO-nun onurğasıdır, sütunudur. Türk ordusu olmasa, NATO quru qoşunları Avropanın içərisində, müdafiə nazirlərinin cizgi filminə bənzəyən qoşunlarıdır. Ermənistanın NATO-ya girməsi onun arzusu ola bilər. Lakin bu arzu Ermənistanın yaxın gələcəkdə NATO-ya girməsi demək deyil. Amma biz gərək ayıq olaq, qələbə sərxoşluğu bizi almasın. Güclənməyə davam edək. Bunun üçün Türkiyə ilə əlbir olmaq lazımdır. Digər tərəfdaşlar isə müvəqqətidir".

Asif Nərimanlı:"Biz deyirik Ankara, bunlar deyir ...."

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlının fikrincə, Ermənistan Gürcüstanı əvəz edə bilər: “Ermənistanın NATO-ya üzvlüyü məsələsinə həm İrəvanın, həm də Şimal Alyansının gələcək planları fonunda baxmaq olar. İrəvan Rusiyadan xilas olmaq və indiyə qədər Moskvanın himayəçiliyini Şimal Alyansı ilə dəyişmək niyyətindədir. NATO isə Cənubi Qafqaza Ermənistan üzərindən gələ bilər. Ermənistan NATO üçün bölgədə Gürcüstanı əvəz edə bilər. Gürcüstanın ittifaqa üzvlüyü daha aktual olub, lakin Abxaziya və Cənubi Osetiya məsələsi bunun önündə maneədir. İstisna deyil ki, Azərbaycan-Ermənistan münasibətləri tənzimləndikdən sonra hər hansı münaqişədə iştirak etməyən İrəvanın ittifaqa üzvlüyü aktuallaşsın. Bütün bunlar istək olaraq da görünür, Rusiyanın buna qarşı hansı addımı atacağı da həlledici məqamdır. Moskva maksimum mane olmağa çalışacaq, hər şey buna nə qədər nail olacağından, yaxud Paşinyan hakimiyyətinin nə qədər duruş gətirə biləcəyindən asılıdır. Azərbaycanın seçimi isə artıq bəllidir. Bu, Türkiyə ilə strateji müttəfiqlik fonunda daha müstəqil siyasət yürütməkdir”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR