İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan bombanın fitilini çəkir: Moskvanı Metsamor AES-dən də çıxarırlar...

1751 22.02.2023 10:50 Siyasət A A

Paşinyan Moskvada imzaladığı sazişi pozur, stansiyanın qurulmasında “Rosatom”un xidmətindən imtina edir, üzünü ABŞ-a tutur; halbuki AES-in modernləşdirilməsinə Rusiya 270 milyon xərcləyib, lakin iki ilə yaxındır Ermənistan krediti qaytarmır

Ermənistanın Rusiyaya qarşı növbəti demarşı haqda məlumatlar yayılıb. Belə ki, baş nazir Nikol Paşinyan Ermənistanın Metsamordakı AES-in yenidən qurulmasında “Rosatom”un xidmətlərindən imtina etməyi planlaşdırır. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, ABŞ-ın Nüvə Tənzimləmə Komissiyası ilə saziş artıq təsdiqlənib və bu komissiya Ermənistanda yeni AES-in lisenziyalaşdırılmasına, kadr hazırlığına, təhlükəsizliyin qiymətləndirilməsinə və stansiya layihəsinin digər əsas elementlərinə nəzarət edəcək. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-a son səfərində mülki nüvə enerjisi sahəsində strateji əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdı. Nüvə anlaşma memorandumları ABŞ və tərəfdaş ölkə arasında strateji əlaqələri gücləndirən və genişləndirən diplomatik mexanizmlərdir ki, mülki nüvə enerjisi məsələləri üzrə əməkdaşlıq və hökumət, sənaye, milli laboratoriyalar və akademik qurumların ekspertləri arasında qarşılıqlı əlaqə üçün çərçivə təmin edir.

2022-ci ilin aprelində Nikol Paşinyan da Moskvaya səfəri zamanı Rusiya ilə Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilənin bağlanmasının 25-ci ildönümü ilə bağlı bəyanat imzalanıb. Bəyanatda çoxsaylı maddələrlə yanaşı, Metsamorun köhnəlməsi nəzərə alınaraq, Rusiyanın yardımı ilə yeni AES-in tikintisi ilə bağlı maddə var. Lakin göründüyü kimi, Paşinyan hökuməti məlum addımı ilə sözügedən razılaşmanı da pozmuş olur... AES-in modernləşdirilməsi üzrə layihəyə Rusiya  270 milyon dollar xərcləyib ki, bunu Ermənistan kredit şəklində qaytarmalı idi. İki ilə yaxındır Ermənistan krediti qaytarmaq istəmir. Bu səbəbdən mümkündür ki, Rusiya daha ermənilərə müftə işləmək istəmir, Paşinyan da bunu fürsət bilib ABŞ-a üz tutur.

Qeyd edək ki, AES-in istehsal etdiyi enerji Ermənistanın elektrik ehtiyacının 40 faizindən çoxunu təşkil edir. 1976-cı ildən istismara verilən stansiyada 2015-ci ildən etibarən yenidənqurma işləri aparmaq üçün Rusiya ilə müqavilə imzalanıb. Rusiya stansiyanın yenidən təmirinə avadanlıqlar verəcəyinə söz versə də, Paşinyan etiraf edib ki, bütün bunlar yalnız vədlərdən ibarət olub. Ona görə Metsamorun təhlükəli vəziyyətdə olduğu nəzərə alınaraq ABŞ-ın Nüvə Tənzimləmə Komissiyası ilə saziş təsdiqlənib.  Müxtəlif beynəlxalq təşkilatların və atom sahəsi üzrə mütəxəssislərin artıq istismar müddəti bitmiş Metsamor AES-i “bütün bölgə üçün təhlükə” adlandıraraq xəbərdarlıq etmələrinə baxmayaraq, Ermənistan nəinki stansiyanın fəaliyyətini dayandırmır, əksinə, onun fəaliyyəti 2026-cı ilə və ondan sonrakı müddətə uzadılıb. Məlumdur ki, ABŞ-ın Ermənistanda bioloji laboratoriyaları var. Moskva bu yaxınlarda rəsmi şəkildə İrəvandan ABŞ-ın Ermənistandakı bioloji laboratoriyasında aparılan tədqiqat işlərinin hesabatını tələb edib. Bundan əvvəl də Ermənistan rəsmilərinin açıqlamaları, laboratoriyaların fəaliyyəti barədə məlumatları yetərsiz olduğundan Rusiya məsələyə daha ciddi yanaşır. İndi isə Paşinyan hökuməti Rusiyaya qarşı daha bir addımı atır ki, bu dəfə ölkələrarası “partlayış” daha güclü ola bilər...

Razi Nurullayev: "Bu gün həyatımın acı anlarından birini yaşadım, son  günlər məni axtarıb" - FOTO

Razi Nurullayev

Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin bildirdiyinə görə, Paşinyan Qərb dairələrini inandırıb ki, Rusiya və Azərbaycan arasında razılaşma var, bizim ərazilərimizi guya işğal edəcək, gəlin bizə dəstək olun. R.Nurullayev hesab edir ki, rəsmi Bakının belə bir niyyəti yoxdur və bizim tələbimiz sərhədləri dəqiqləşdirməkdir: “Azərbaycanın Rusiya ilə belə bir anlaşması ola bilməz, əksinə, Kremldən narazıyıq ki, üçtərəfli sənədin müddəaları niyə tam icra edilmir. Paşinyan qərbpərəstdir, Moskva görüşlərində boynubükük oturur, Avropa platformasında sərbəst görünür. Rusiya ona görə Ermənistana qəzəblidir ki, mənim orbitimdə olan ölkədə Qərbin nə işi var. Eynilə Paşinyana qəzəblidir. O demək deyil ki, Ermənistana və ermənilərə münasibətdə belədir. Bəzi ekspertlər hesab edirlər ki, Rusiya Ermənistandan üz döndərəcək. Qətiyyən, bunlar fantaziyadır, Putin Ermənistandan üz döndərməz, Paşinyandan, ayrı-ayrı şəxslərdən üz döndərə bilər. Bu, birmənalıdır”.

Vaxt varıydı ayaqqabısını yalayardı" - Elşad Musayev bu sözləri kimə dedi?  - VİDEO

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin qəzetimizə bildirdiyinə görə, Paşinyanın bütün istiqamətlər üzrə anti-Rusiya siyasəti özünü qabarıq göstərir: “Duma sədri Volodinin xəbərdarlığı və Ukraynanı nümunə gətirməsi İrəvana mesajdır. Paşinyan hazırda ABŞ-ın dəstəyindən və imkanlarından yararlanmaq istəyindədir. Amma o, istənilən vaxt müttəfiqini satmağa hazırdır. Sadəcə, bəxti gətirdi ki, Türkiyədə zəlzələ oldu, Ankaranın başı qarışdı, yoxsa bölgədə ciddi dəyişikliklər olacaqdı”. Partiya sədrinin fikrincə, bununla belə, Rusiya Paşinyanın addımlarını cavabsız qoymayacaq: “Çünki Ermənistan iqtisadiyyatı rusların əlindədir. Rusiyanın Ukraynadakı müharibəyə başını qarışsa da, o demək deyil ki, kiçik Ermənistana gücü çatmayacaq”. E.Musayevin sözlərinə görə, Rusiya Ermənistandan yox, hakimiyyətindən narazıdır.

Oxu.az - Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə  ekstradisiya edilən terrorçu görünmür” - MÜSAHİBƏ

Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədovanın fikrincə, keçmiş SSRİ məkanında hansı ölkə strateji seçimini dəyişəcəksə, Rusiyadan zopa görəcək: “Moldova, Gürcüstan, indi Ukrayna, paralel Ermənistan yuxarı-aşağı oxşar taleləri yaşamaqdadırlar. Rusiya dünyaya meydan oxuyur ki, peykimə yaxınlaşmayın, çevrəmdəki ölkələri yandıra bilərəm. Putin bu siyasəti daha da aqressivləşdirib və Ukraynada sərt formasını nümayiş etdirir. Rusiya lideri üç il əvvəl bəlkə də Kiyevə raket zərbəsi endirməyi ağlının ucundan keçirməzdi, indi şəhərlərə od yağdırır. Ermənistana isə onun sadiq tulası kimi baxıb və rus siyasi xadimləri həmişə əminliklə söyləyirlər ki, bu ölkə mövcudluğuna, dövlət kimi qalmasına görə Rusiyaya borcludur. Ona görə postsovet məkanında strateji seçimini dəyişməyi, Avrointeqrasiya siyasəti yürütməyi mənəvi cəhətdən ən az haqq edən Ermənistandır. Rusiya ermənilərə deyir ki, Gürcüstan, yaxud Qazaxıstan Qərbi seçə bilər, amma sizin buna haqqınız çatmır, bizim hesabımıza dövlət olmusunuz. Bax, bu yanaşma indi Rusiya-Ermənistan münasibətlərini kəskinləşdirib. Daha doğrusu, keçmiş müttəfiqlər də adlana bilərlər, nə qədər ki, Paşinyan iqtidardadır...”

Ekspertin fikrincə, Ermənistanda hakimiyyət dəyişikliyi hələlik mümkün görünmür: “Çünki amerikalılar Paşinyanı müdafiə edirlər. İrəvandakı Amerika səfirliyi heç də əl-qolunu sallamayıb. Hətta Paşinyan komandası onlarla məsləhətləşib siyasi qərarlar qəbul edirlər. Rusiyanın gözü qarşısında bu ölkədə küçə hərəkatı qalib gəlib və 5-ci ildir ki, Putin çevriliş edə bilmir. Amma Paşinyana qulaqburması vermək, onu sıxma-boğma etmək güclənəcək. Çünki təkcə Metsamorun yenidən qurulması ilə bağlı ruslardan imtina edilməyib, eləcə də bir sıra komponentlərdə anti-Moskva siyasətini görmək mümkündür: Gümrüdəki hərbi baza önündə aksiyalar, KTMT əleyhinə nümayişlər, Paşinyanın açıq şəkildə Rusiyanın onun ölkəsində hərbi mövcudluğunu Ermənistan üçün təhdid adlandırması, habelə İrəvanda KTMT sammitində sənədə qol çəkməkdən imtina etməsi, əhalidə antirus ovqatını gücləndirmək, məktəblərdə rus sektorlarını bağlamaq, son olaraq Avropa İttifaqının müşahidəçi missiyasını sərhədə yerləşdirmək, içində fransız və alman polislərinin olması sözsüz ki, Rusiya əleyhinə siyasətin elementləridir. O baxımdan ABŞ-Rusiya qarşıdurması Ukraynada olduğu kimi, Cənubi Qafqazda, xüsusən Ermənistanda getdikcə dərinləşəcək və Metsamoru amerikalıların qurması da bunun tərkib hissəsidir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR