İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın “qırmızı xətt” riyakarlığı - səfir yenə sərsəmlədi

759 19.04.2024 15:04 Siyasət A A

Tehran ərazi bütövlüyümüzü tanıyır, ya yox?

İranın Ermənistandakı səfiri Mehdi Sübhani yenə “gül” vurub. Azərbaycan əleyhinə danışıb, ölkəmizi şantaj edib. 

Erməni mediasına müsahibəsində diplomat İsraili Cənubi Qafqazda qeyri-sabitliyin əsas mənbəyi adlandırıb və daha sonra deyib: “Sionist rejim Cənubi Qafqazın hərbiləşdirilməsinə və regionun ayrı-ayrı ölkələri ilə İran arasında münasibətlərdə gərginliyin artmasına töhfə verir. Üstəlik, Qarabağda erməni əsgərləri əsasən İsraildən gələn silahlarla öldürülüb”, - deyə o gileylənib.

Səfir onu da bildirib ki, Tehran “İsrail təxribatlarına uymamaq” üçün Qafqaz regionu xalqlarının müdrikliyinə güvənir. Halbuki Güney Qafqazda təxribatla əsasən hansı ölkələrin məşğul olduğu çoxdan bəllidir. Onlardan biri də elə öz gözündə “tiri” görməyən İrandır. 

İkinci yandan, erməni əsgərlərinin Qarabağda nə iti azmışdı ki, yad torpaqlarda ucuz ölümə də tuş gəlsinlər? Məgər onlar işğalçı Ermənistan ordusunun hərbçiləri deyildi? İran səfiri bunu bilmirmi? Bilir. O zaman nədən Azərbaycanın ərazi bütövlüyünün yox, işğalçı ordunun gəbərdilən əsgərlərinin dərdini çəkir? “Qırmızı xətlər” nə oldu bəs? Və əgər İsrail silahları təcavüzkarı cəzalandırmaq üçün istifadə olunubsa, burada xoşagəlməz nə var?  

Əlbəttə, Sübhani özünün yox, təmsil etdiyi dövlətin mövqeyini ifadə edir. İranın erməni işğalı dövründə və ondan az sonra hansı oyunlardan çıxdığını isə Azərbaycan xalqı çox yaxşı xatırlayır. Səfirin son açıqlaması da bir daha sübut edir ki, rəsmi Tehran şablon bəyanatlara rəğmən, Bakının Qarabağ üzərində öz suverenliyini bərpa etməsindən hələ də məmnun deyil. 

Ümumiyyətlə, bu cür təxribatçı açıqlamalarla İran nə demək istəyir, Azərbaycana nəyin mesajını verir?

Xatırladaq ki, M.Sübhani bir neçə ay öncə erməni mediasına müsahibəsində “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə haqqından” dəm vurmuşdu. 

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, biz bu kimi absurd, təxribatçı bəyanatlara adət etmişik. İranın Ermənistandakı səfiri həmişə ermənilərdən çox ermənilik edir. İranın Ermənistandakı səfiri ilə Fransanın Ermənistandakı səfirinin vaxtaşırı verdikləri bəyanatlar bir-birinə çox bənzəyir. Sanki bu bəyanatları eyni adam yazıb onlara verir ki, səsləndirsinlər: “Eyni zamanda bu dəfə İran səfirinin haqqında söhbət gedən fikirləri dilə gətirməsi İran rəsmilərinin son günlər Azərbaycanla bağlı səsləndirdikləri fikirlərlə ziddiyyət təşkil edir. İran bir tərəfdən Azərbaycanla münasibətləri normallaşdırmaq istədiklərini deyir, o biri tərəfdən İranı təmsil edən səfir Azərbaycana qarşı təxribatçı iddialarla çıxış edir. Tehran bu məsələyə reaksiya verməlidir. Ya Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olduqları barədə bəyanatlarının qeyri-səmimi olduğunu, ya da səfirin Tehrana tabe olmadığını, İrəvandan sifarişlər aldığını etiraf etməlidirlər. Əgər səmimidirlərsə o zaman səfirin dediklərini təkzib etməlidirlər. Cənubi Qafqaza kənar və təhlükəli qüvvələri Azərbaycan deyil İran daxil edir. Avropa İttifaqının müşahidə missiyası adı altında Ermənistan öz ərazisinə İranın özünə düşmən kimi gördüyü qüvvələrin kəşfiyyatçılarını yerləşidirib. Bununla da İranın elan etdiyi qırmızı xətti Ermənistan keçir. Ona görə də Tehran ona təhlükənin Azərbaycandan deyil, Ermənistandan gəldiyinin fərqində olmalıdır. Ermənistan müşahidə missiyası adı altında faktiki olaraq NATO-nun gizli qüvvələrini öz ərazisinə gətirib. Bu da o deməkdir ki, Ermənistan Cənubi Qafqazı, bütün bölgəni plasdarma çevirmək niyyətindədir. Bunun zərbəsini İran görəcək. Ona görə də İranın səfiri Azərbaycana böhtan atmaqdansa fəaliyyət göstərdiyi Ermənistan dövlətinin bölgəni fəlakətə sürükləməsinə münasibət bildirməlidir. İranın və onun səfirinin Ermənistanın bölgəyə yad ünsürləri cəmləməsinə səssiz yanaşması çox ciddi suallar yaradır”. 

Ekspert qeyd etdi ki, Azərbaycanın istənilən dövlətdən silah alması suveren hüququdur. İranın bu hüquqa hörmətlə yanaşması lazımdır. Azərbaycan bu silahları İrana qarşı istifadə etmək üçün almır. Azərbaycan öz ərazisini və suverenliyini qorumaq üçün silah alır. Kimdən silah alması isə onun öz seçimidir. İran bu seçimə hörmətlə yanaşmalıdır: “Biz məhz bu zaman İranın səmimiyyətinə inanarıq. Ermənistanın isə öz ərazisində Fransa və digər bölgədə qarşıdurmada maraqlı olan dövlətlərin kəşfiyyatçılarını mülki missiya adı ilə yerləşdirməsi bütün bölgə üçün təhlükə yaradır. İran hakimiyyəti daha yaxşı olar ki, səmimiyyət ortaya qoysun və bu məsələyə adekvat reaksiya versin. 5 apreldə Nikol Paşinyanla keçirilən məlum görüşdən və razılaşmalardan sonra da Tehran Ermənistana qarşı hər hansı mövqe ortaya qoymursa, səssiz yanaşırsa İranın səmimiyyətindən danışmağa ümumuyyətlə lüzum yoxdur. Belə çıxır ki, İranın ”şeytan" adlandırdığı dövlətlərlə gizlində işbirliyi olduğu barədə deyilənlər reallığı əks etdirir. Cənubi Qafqazı hərbiləşdirən, kənar güclərin plasdarmına çevirməyə çalışan Ermənistandır. Bunu görməməzlikdən gəlib, səfirin Azərbaycanı Cənubi Qafqazı hərbiləşdirməkdə və İranın maraqlarına qarşı addımlar atmaqda ittiham eləməsi gülüncdür, təxribatdır. Kollektiv Qərb adlanan qüvvələri bölgəyə Ermənistan hakimiyyəti gətirir. İran məgər bunu görmür?! Görür, sadəcə Ermənistanı dayandırmaq əvəzinə ona susmaqla şərait yaradır. Belə bir reallıq ortada olduğu bir vaxtda İranın Ermənistandakı səfiri Azərbaycanla bağlı sussa daha yaxşı olar. İran Rusiya ilə anlaşmalarına, Rusiyaya qarşı da naxələflik edir".  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR