İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın etməli olduğu: tarixdən ibrət, inqilab ixracından imtina, dinc qonşuluq...

3988 23.10.2022 09:00 Analitika A A

ABŞ-ın keçmiş dövlət katibi Con Bolton bu günlərdə 1 aydan bəri İrandadavam edən ictimai-siyasi böhranı 1979-cu ildə şah İranında yaranmış vəziyyətlə müqayisə edib, xalq itaətsizliyinin o dövrü xatırlatdığını deyib.

Söz yox, yaşlı amerikalı siyasətçilərin əksəri kimi Bolton da bu məsələləri yaxşı bilir, çünki 43 il öncə İranda baş verənlər ABŞ-la sıx şəkildə bağlıydı. Bu tarix həm də o zamanlar İranla yaxşı müttəfiqliyi olan ABŞ-ın xarici siyasətinin tarixidir.

Bir az dərinə varanda İranın xarici siyasəti onun 1980-ci ildəki davranışlarını da xatırladır.

1980-ci ildə İran Şatt-əl-Ərəb çayı üstündə İraqla müharibəyə cəlb olunmuşdu.

Bu savaşın əsas səbəbi Səddam Hüseynin neftlə zəngin Xuzistan vilayətinə və Şatt-əl-Ərəb çayına iddiası olsa da, savaşın alovlanmasında İran tərəfin də rolu olub.

Məsələ ondadır ki, 1979-cu ildə şah rejimini devirərək İranda hakimiyyətə gələn teokratik qüvvələr onlar üçün uğurla nəticələnmiş inqilabdan vəcdə gələrək, şiə çoxluğun yaşadığı İraqda da islam inqilabı etməyi planlaşdırıblar, müəyyən hazırlıqlar görüblər, tərəfdar toplayıblar.

375px-Saddam_Hussein_1982.jpg (42 KB)

İraqın yeni və iddialı rəhbəri Səddam Hüseyn isə İranın yeni hakimiyyətini qabaqlamaq, həm də 1975-ci ildə Şatt-əl-Ərəb çayına dair imzalanmış “alçaldıcı saziş”ə yenidən baxmaq üçün müharibə hazırlığına başlayıb. S.Hüseynə belə kəşfiyyat məlumatları veriblər ki, inqilabdan sonra İranın ən yaxşı hərbçiləri ya ölkəni tərk edib, ya da repressiyaya məruz qalıblar, ona görə də İran ordusu çox zəifləyib, üstəlik, İranın daxilində revanşist qüvvələr var, onlar daxili sabitliyi pozurlar, milli azlıqlar, Xuzistanda yaşayan ərəblər və kürdlər yeni hökumətə qarşı üsyana hazırdırlar və s.

Bu məlumatlar Səddam Hüseyni İranın üzərinə hücuma keçməyə həvəsləndirib. İlk başda İraq ordusu İranın daxilinə soxula bilsə də, sonra geri oturdulub, İran ordusu İraqın daxilinə keçib. Sonra 8 il boyunca qanlı mövqe döyüşləri gedib. Hər iki tərəf kimyəvi silahdan və uşaq döyüçülərdən istifadə edib. Kürdlər və ərəblər, eləcə də şah tərəfdarları İranda üsyana qalxmadığı (hərçənd müharibə ərəfəsində bir qiyam cəhdi olub və bu, 600 zabitin həbsi və edamı ilə nəticələnib) kimi, ayətullah Xomeyninin çağırışı ilə İraq şiələri də Səddam Hüseyni devirməyiblər.

Nəticədə məzhəb etibari ilə ikisinin də əhalisi əsasən şiələrdən ibarət olan İran və İraq 8 il biyunca bir-birini əldən salıblar, bir-birinə çoxmilyardlıq ziyanlar vurublar. Real informasiyalara əsasən İraq müharibədə 250 min hərbçi (həlak olmuş və itkin düşmüş), İran isə 500 minə yaxın hərbçi itirib. Axırda bu savaş heç-heçə bitib, tərəflərin sərhədləri dəyişməyib, heç bir tərəf heç nə əldə etməyib.

Iran-Iraq_war-gallery.png (848 KB)

1980-ci ildə də İranın eynilə indiki kimi beynəlxalq aləmdə ciddi dəstəkçiləri olmayıb, ölkə ətraf dünyadan təcrid olunmuş durumda olub. Dövrün iki hegemon dövlətinin (ABŞ və SSRİ) hər ikisi, eləcə də Böyük Britaniya, AFR, Fransa, İtaliya, ərəb ölkələri İraqın tərəfində olub. Çin, Pakistan, Vyetnam, Suriya, Liviya, İsveç kimi ölkələr isə İrana dəstək verib. İranın tərəfində duranlardan biri də İsrail olub. Bu dövlət sırf gələcəkdə Səddam Hüseynin aqressiyasının hədəfi ola bilər deyə İrana yardım göstərib.

O vaxtdan bəri İranın xarici siyasətində çox şey dəyişməyib. Bu dövlət yenə də öz “yaşıl inqilab”ını başqa ölkələrə ixrac etmək istəyir, regional güc mərkəzinə çevrilmək üçün Yəmən, Suriya kimi ölkələrdə hərbi mövcudluğa çalışır, İsraili hədəf seçərək müsəlman dünyasında liderliyə can atır, əli yetən qonşularının daxilində lazımi anda ortalığı qarışdıra biləcək rəğbət qrupları və casus şəbəkəsi saxlayır, inqilab hazırlayır.

Hazırda İranın regionda əsas müttəfiqi Suriya və Ermənistandır. Suriyanın durumu bəllidir. 10 ildən artıqdır böyük dövlətlərin, beynəlxalq terror təşkilatlarının müharibə poliqonuna çevrilmiş bu ölkə nəinki İrana lazımi dəstək vermək gücündə deyil, heç bir qom qarğı-qamışla öz başının milçəyini qoruya bilmir.

555.JPG (41 KB)

Böyük güclərin arasında vurnuxmaqda olan, iki türk dövlətinin arasına pərçim olunmuş vəziyyətinə baxmayaraq başından böyük iddialar sərgiləyən və buna layiqli cavabını alan Ermənistan isə İrana ondan ötrü lazımdır ki, rəsmi Tehran onu Azərbaycana qarşı maşa kimi istifadə eləsin. Elə ermənilər də düşünürlər ki, İranın molla rejiminin anti-Azərbaycan ovqatından öz mənafeləri üçün yararlansınlar. Başqa sözlə, tərəflər bir-birindən məhz Azərbaycana qarşı istifadə etmək istəyirlər.

42 il əvvəl olduğu kimi yenə də iki dövlətin arasından axan başqa bir çayın (Araz) adı hərbi təlimlərdə hallanır. Bu məkandakı su və torpaq dövlətlərarası mübahisə predmeti olmadığından müharibə gözlənilmir, amma tərəflərin arasında münasibətlər gərginləşməkdədir. Bunun rəsmi səbəbi İranın heç bir haqqı olmadan Ermənistan ərazisindən Naxçıvana gedəsi nəqliyyat dəhlizinə qarşı çıxmasıdır. İran bunu özünün qırmızı xətti elan edib. Ancaq Ermənistan dövləti beynəlxalq və regional güclərin təzyiqi ilə bu dəhlizə razılıq versə, Tehran pis vəziyyətdə qalacaq, verməsə, özü pis duruma düşəcək.

1624081668_0001 (1).jpg (22 KB)

Əslində isə İranı narahat edən Azərbaycanın güclənməsi, Türkiyənin Orta Asiya respubliaların quru və kəsə yol əldə etməsidir. Prinsipcə, Zəngəzur dəhlizi”nin açılması avtomatik olaraq İran-Ermənistan sərhədinin bağlanması anlamına gəlmir və bu, heç mümkün də deyil. Dəhliz hər iki tərəfi 5 metrlik divarla hasarlanmış muxtar bir ərazi olmayacaq. Başqa bir dəhliz bu dəhlizi də çarpaz şəkildə kəsib-keçə bilər. Həm də söhbət beynəlxalq ticarət yollarının qovşağından gedir, hər hansı bir dövlət onu inhisarına almağı, başqalarını üzünə qapatmağı və ilhaq etməyi planlaşdırmır.

İran, nəhayət, qonşuluğundakı din qardaşları ilə öcəşməyi tərgitməlidir, anlamalıdır ki, bu hərəkət mehriban qonşuluq münasibətlərində problemlər yaradır, nə dünyəvi, nə də dini dəyərlərlə bir araya sığmır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR