İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan regiona nüvə təhdidi - Atom bombası mollakratiyanın əlinə düşsə...

975 31.12.2022 08:35 Gündəm A A

Cənub qonşumuz İran beynəlxalq birliyin təpkisinə və ölkə daxilindəki ictimai-siyasi təlatümlərə rəğmən, atom silahına nail olmaq yönündə irəliləməyə davam edir. Atom enerjisi sahəsində bir çox mütəxəssislər bu minvalla Tehranın cəmi 1-2 aya nüvə bombası yarada biləcəyini mümkün sayırlar. Bu da ən çox onun yaxın və uzaq qonşuları üçün, ilk növbədə də İsrail dövlətinin varlığı üçün böyük təhdid deməkdir.

Sözsüz ki, təhlükənin ciddiliyini rəsmi Təl-Əviv hamıdan yaxşı anlayır.    

“Biz İranın nüvə obyektlərinə hücum etmək imkanına malikik”.

Bunu İsrail Müdafiə Nazirliyinin siyasi-hərbi idarəsinin keçmiş rəhbəri, “Mossad”ın keçmiş kəşfiyyat direktoru Zohar Palti deyib.

“Ordu İranın nüvə obyektlərinə hücum əmri verildiyi təqdirdə hazır olacaq”.

Bunu isə İsrail Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Aviv Koçavi bildirib.

Onun sözlərinə görə, İranda əməliyyata hazırlıq səviyyəsi kəskin yüksəlib. “Daha çoxunu deyə bilərəm: nüvə proqramına qarşı hərəkət etmək əmri verilən günədək İsrail Müdafiə Qüvvələri hazır olacaq və öz missiyasını yerinə yetirəcək”.

Xatırladaq ki, bu günlərdə İranın ali dini lideri Əli Xamneyinin müşaviri Kamal Xərrazi III Tehran Dialoq Forumunda çıxışı zamanı deyib: “Bizim nüvə bombası istehsal etmək imkanımız var, lakin biz bunu etmək fikrində deyilik”.

O qeyd edib ki, İran nüvə silahı istiqamətində gedərsə, region ölkələri də bu silahları yaratmağa çalışacaq.

Ancaq İran rəsmisinin atom silahı yaradılmayacağı haqda səmimiyyətinə inanmaq mümkünmü, əgər burdan-bura Rusiyaya Ukraynaya qarşı zərbə dronları və raketlər satdığını açıq-aşkar danırsa?

İkinci tərəfdən, rəsmi Tehran həqiqətən nüvə bombası yaratmaqda maraqlı deyilsə, o zaman nədən uranı sürətlə zənginləşdirməyə davam edir və faktiki atom bombası üçün kifayət edəcək səviyyəyə yaxınlaşıb? Daxildə dinc etirazçılara, uşaqlara belə aman verməyən, misilsiz qəddarlığa əl atan mollakratiyanın əlinə atom silahı düşsə, görün bölgə üçün hansı təhdidlər yarana bilər.

Fikrət Yusifov yazır: Görəsən, talançı məmurların gözləri nə vaxt doyacaq?

Fikrət Yusifov: “İran nüvə silahı ilə indikindən 10 dəfə təhlükəli olacaq”

Sabiq maliyyə naziri Fikrət Yusifov İranın bu silahı əldə edəcəyi halda indikindən 10 qat təhlükəli həddə çata biləcəyini söylədi: “Mən bu barədə dəfələrlə bildirmişəm. İranın dünya birliyi qarşısında bu qədər güvənli davranmasının səbəblərindən biri də onun atom silahı istehsal etməyə yaxın olmasıdır. Bəlkə də İran artıq bu silaha sahibdir, sadəcə, dünya birliyini üzərinə qaldırmamaq üçün bu barədə hələlik danışmır. Lakin İrana qarşı hər hansı bir hərəkətlilik baş verərsə, bu zaman İran həmin silahdan istifadə edəcək.

Bütövlükdə ABŞ, Avropa və İsrail İran probleminin həllinin bu qədər uzanmasına imkan yaratmamalı idilər. İran nüvə sazişindən çıxan kimi bu ölkə ilə bütün hesablar dərhal çəkilməli idi. İran və Rusiya kimi dövlətlərin mövcudluğu sivil dünya birliyi üçün böyük bir təhlükə və böyük bir təhdiddir. Bu kimi problemlərin həlli uzandıqca onların çözülməsi daha da çətinləşir. Baxın, bu gün İran ətrafında olan hansı ölkələrə hədə-qorxu gələrək onları təhdid edir? Region ölkələrinə qarşı eyni mövqe Rusiya tərəfindən sərgilənir. Bu aqressiyanın qarşısı alınmadıqca hər iki ölkənin hakimiyyətləri qonşularına və digər region ölkələrinə qarşı daha böyük təhlükəyə çevrilirlər.

İran və Rusiya problemini dünya birliyi tezliklə, hər iki dövləti içərisindən parçalamaqla həll etməlidir. İranda baş verən iğtişaşlar molla rejiminin devrilməsi üçün maksimum istifadə olunmalıdır. Eyni addımlar Rusiyaya qarşı atılmalı və bu ölkədəki müxalif qüvvələrə ciddi maliyyə və digər formada dəstək verilməlidir. Gecikmək təhlükəlidir. İran nüvə silahı ilə indikindən 10 dəfə təhlükəli olacaq".

Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov bildirdi ki, dünyada hərbi-siyasi vəziyyət çox dəyişib: “Ukrayna-Rusiya müharibəsi, Qafqazda olan gərginlik, İran-Azərbaycan gərginliyi, İsraillə İranın məlum münasibətləri göz önündədir. Bilirsiniz ki, Tehran nüvə silahının zənginləşdirilməsi üzərində uzun illərdir çalışır. İstisna deyil ki, burada rus barmağı da var. Onlar Rusiyanı dronlarla təmin edirlər. Ola bilər ki, hansısa danışıqlar aparılsın. Nüvə silahının istehsalını qısa bir zamanda başa çatdırmağa çalışırlar. Rusiya ola bilər ki, bu istiqamətdə yardımını göstərir. Bu da region, dünya üçün təhlükədir.

Regionda Türkiyə kimi böyük bir dövlət var. İranın nüvə çabaları təkcə İsrail üçün deyil, Türkiyə üçün də böyük bir təhlükədir. Əgər cənub qonşumuz bu silahı istehsal edərsə, inanıram ki, Türkiyənin də nüvə silahı istehsalına başlaması ehtimalı arta bilər. İsrailin hərbi-siyasi rəhbərliyi dəfələrlə bildirib ki, İran bu silahı istehsal etdiyi halda zərbələr endirəcək. Bir növ müharibə xəbərdarlığı edib. Son günlər müdafiə nazirinin çıxışı və ordunun tam şəkildə hazırlıqlı vəziyyətdə olması barədə dedikləri ciddi siqnaldır. İrana heç cür inanmaq olmaz. Dini liderin çıxışı zamanı bildirməsi ki, qonşu dövlətlər də bu silahı istehsal edə bilər, bu fikirlərə qəti inanmaq olmaz. Bugünkü gündə nüvə silahı İran üçün bir sığortadır. Ona görə də nəyin bahasına olursa olsun, nüvə silahının istehsalını dayandırmayacaq. Bu proses bir an da dayanmır. Baxmayaraq ki, Amerika və başqa dövlətlər tərəfindən təzyiqlər var, rəsmi Tehran prosesi davam etdirməkdə qətiyyətli görünür".

Kəlbəcərdən əməliyyata başlamaq Nəcməddin Sadıxovun ideyası idi” - ŞOK İDDİA

Rövşən Məhərrəmov: “Tehranın heç bir xoş münasibətinə inanmaq olmaz”

Hərbi ekspert İranın bu davranışlarının Azərbaycan və Cənubi Qafqaz üçün də ciddi təhlükələrə yol aça biləcəyindən narahatdır: “İran nüvə silahı olmaya-olmaya Azərbaycanı dəfələrlə təhdid edib, hökm dilində danışmağa cəhd göstərib. Türkiyə və Azərbaycan sərhədində təlimlər keçib. Bütün bunların hamısı İranın təhdidləridir və bunlar aranın qarışmasına gətirib çıxarır. İsraili bir o qədər də çox önə çəkmirəm, çünki bu dövlətin İranla gərginliyi çox uzun illərdir davam edir. Bir neçə dəfə İran tərəfindən raketlər buraxılıb, İsrail istiqamətə. Bu baxımdan inanmıram ki, İsrail bu məsələni başlı-başına buraxsın.

Bilirsiniz ki, hazırda İranda dinc etirazlar gedir. Bu aksiyalar zamanı çoxlu sayda insan həbs edilib, edam olunanlar var. Bir sözlə, İranın daxilində vəziyyəti heç də yaxşı deyil. Rəsmi Tehran nəyin bahasına olursa-olsun, gərginliyi səngitmək niyyətində görünmür. Ruslar kimi bunlar da öz çirkin iddialarından əl çəkmirlər. Ən əsası burada bizim üçün dəfələrlə İran tərəfindən bizə qarşı olan təhdid dolu açıqlamalar, davranışlardır. Kimliyindən, hansı dövlət olmasından asılı olmayaraq, cavab verəcəklərini durmadan bəyan edirlər. Onların heç bir xoş münasibətlərinə inanmaq olmaz. Həmişə ehtiyatı saxlamalıyıq. Düşünürəm ki, atom silahını istehsal etmək ərəfəsindədir. Bunu Amerika, İsrail və başqa dövlətlər çox gözəl bilir. Zamanı tezləşdirmək üçün ehtimal edirəm ki, burada Rusiya onlara çox yardım edir. Bu gərginliyin artması Rusiya üçün də çox vacibdir. O ərazidə müharibənin başlamasını Kreml çox vacib hesab edir. Sonda qeyd edim ki, dünya bəlkə də gecikir, qısa zamanda İranın qarşısı mütləq şəkildə alınmalıdır. Çünki İran nüvə əldə edərsə, dünyada daha bir təhlükə mənbəyi yaranacaq. Başqa dövlətlər də ard-arda analoji addımları ata bilərlər. Bununla da vəziyyət daha da gərginləcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR