İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandakı xalqlar rejimə qarşı birləşir - Hakimiyyətin “qara günləri” bitməyib

636 07.01.2023 08:30 Gündəm A A

İranşünas: “Güneylilərin iştirakı olmadan İranda milli məsələdə heç bir uğur qazanmaq mümkün deyil”

İranda rejimə qarşı etirazlar yeni 2023-cü ildə də davam edir. Çünki bu etirazları yaradan səbəblər hələ ki, dəyişməz qalır. Fakt budur ki, molla hakimiyyəti hicabla bağlı müəyyən güzəştlərə və yumşalmaya getsə də, özünün islami dəyərlərlə bir araya sığmayan qəddar mahiyyətini saxlayır. Başqa sözlə, rejimin kosmetik dəyişikliklərlə vəziyyətdən çıxacağı mümkün görünmür.

Elə yazı hazırlanarkən məlum oldu ki, İranın Mazandaran vilayətinin məhkəməsi ölkədə baş verən iğtişaşların liderlərindən biri olduğu iddia edilən Arşia Takdastan barəsində ölüm hökmü çıxarıb.

Bu barədə məlumatı “ISNA” agentliyi yayıb. Takdastanın 18 yaşı olduğu bildirilir. Xatırladaq ki, İranda baş verən etiraz aksiyaları ilə bağlı ölkənin müxtəlif bölgələrində azı 6 nəfər edam cəzasına məhkum edilib.

Bir sıra təhlilçilərə görə, Xomeneyinin məlum bəyanatından sonra da etirazlar dayanmasa, rejimin “tolerantlığının” yerini daha sərt, daha qəddar repressiv tədbirlər ala bilər. Qeyd olunur ki, Xameneyinin bəyanatında bir tərəfdən rejimin etirazlardan duyduğu qorxu əksini tapıbsa, digər tərəfdən, bu, rejimin öz ideoloji təməlləri ilə bağlı hər hansı güzəştə getmə fikrində olmadığını göstərir. Yəni rejim müvəqqəti olaraq belə bir tədbirə əl atıb, amma bütün resursları öz əlində saxlamaq istəyir.

Söhbət həm də İran adlı dövlətdə farslar xaric, digər köklü xalqların elementar haqlarının on illərdir tapdanmasından gedir. Təsadüfi deyil ki, bir neçə gün öncə - köhnə ilin tamamında İranda yaşayan müxtəlif xalqların təşkilatları bu ölkədəki etniklərin azadlıq mübarizəsi, davam edən etirazlar fonunda qarşıda duran hədəflərlə bağlı birgə bəyanat yayıb. Bəyanat milli haqların tanınmasınadək birgə mübarizəni nəzərdə tutur.

Bəyanatdan sitat: “İranın işğalçı rejimləri tərəfindən qeyri-fars millətlərin torpaqlarının yüz ilə yaxın işğalı dövründə bu xalqları məhv etmək üçün sistemli qırğınlarla yanaşı, müxtəlif assimilyasiya, repressiya, məcburi köç, coğrafi dəyişikliklər, demoqrafik dəyişikliklər və s. tətbiq edilib. Bu gedişlər xalqların müqavimətini darmadağın etməyə hesablanıb. Etnik qrupların işğalçılara qarşı birliyini pozmaq üçün fars işğalçıların əsas siyasətlərindən biri də işğal olunmuş ərazilərdə coğrafi və etnik dəyişikliklərin aparılması olub. Lakin bütün amansız repressiyalara baxmayaraq, yüz ildən sonra bu xalqların qeyrətli övladlarının müstəqillik fəryadları regionda və dünyada böyük rezonans doğurdu”.

Bu məqsədlə İranın işğalı altında olan xalqların işğaldan müstəqilliyə keçid üçün 10 müddəadan ibarət platforma təqdim edilib. Ortaq bəyanat bu sözlərlə bitir: “Biz bəyan edirik ki, irançıların bu xalqlardan hər hansı birinin işinə hər hansı hücumu, yaxud müdaxiləsi bütün bu xalqların işlərinə hücum, müdaxilə hesab olunacaq və buna birgə cavab veriləcək”. Sənədi Güney Azərbaycan türklərinin əsas təşkilatları ilə yanaşı, bəlucları, ərəbləri və kürdləri təmsil edən qurumlar imzalayıb. 

Bəs ilk dəfə ərsəyə gələn belə bir birgə sənəd aborigen xalqlara nə vəd edir, ortaq mübarizə nə dərəcədə mümkün olacaq?

VİDADİ MUSTAFAYEV YAZIR: – Azərbaycan Ruznaməsi

 Vidadi Mustafayev

İranşünas Vidadi Mustafayev mövzu ilə bağlı “Yeni Müsavat”a öncə dedi ki, bəyanatı imzalayanlar elə də nüfuzu olmayan təşkilatlardır: “Halbuki Cənubi Azərbaycanda 10-dan çox təşkilat var, onlar arasında az-çox tanınanları var. Onların heç biri bəyanatı imzalamayıb. İranda belədir, Cənubi azərbaycanlıların iştirakı olmadan, ya da zəif iştirakı ilə İranda milli məsələ sahəsində heç bir uğur qazanmaq mümkün deyil. Orada bəluclar 1 milyon, ərəblər də 500-700 min nəfər təşkil edir. Kürdlər də qarmaqarışıqdır, düzdür həm təşkil olunmuş, həm mübarizə aparandılar, amma öz aralarında yola getmirlər. Yəni milli məsələ ilə bağlı bu cür müraciətlər ehtimalı zəifdir. Ona görə diqqət Cənubi Azərbaycana olmalıdır. Hazırda ən az və zəif iştirak edən bölgələrdən biri Cənubi Azərbaycandır. Bu hadisələr İran rejimin gücünü artırır. İrançılarla farslar milli azlıqları təmin etmirlər, əgər bunlar arasında az-çox gərginlik olsa, bu o deməkdir ki, rejimin işi daha da asanlaşacaq”.

İranşünasa görə, İran İslam Respublikasının elmi fikri qeyri-fars xalqların milli hüquqlarının təmin edilməsinə yox deyir: “Sonuncu ümummilli konfranslardan birində ”Əsas Qanunun 15-ci maddəsi, “perspektivlər və nəticələr” adlanırdı. Konfransın elmi katibi Məhəmməd Reza Pasiban açılış çıxışında belə dedi: “Hətta yadellilərin belə fars dilini himayə etməsi və yayması, belə məsələnin qoyuluşu hamının ziyanınadır”.  Keçmiş İrşad naziri və keçmiş deputat Seyid Məhəmməd Hoseyni isə deyib ki, ölkənin rəsmi dili ilə etnik dillər arasında qarşıdurma yoxdur, iranlılar rəsmi dili zəiflətməsinlər, xarab etməsinlər, etnik mədəniyyətə ona görə diqqət göstərilirdi ki, Qərbin mədəni hücumuna qarşı vasitə idi. 2009-cu il Ali Mədəni İnqilab Şurası" qanun qəbul etdi. Universitetlər məhəlli dilləri qorumaq və onların unudulmasının qarşısını almaq üçün  öz məhəlli dillərini tədris edə bilərlər. Unutmayın ki, inqilabdan sonra müxtəlif tədbirlərlə xalqda öz dilinə maraq yaradıldı. “Fars dili bir etnosun dili olmayıb, padşahların dili idi və əmr etdilər ki, hamı bu dildə danışsın. Xorasanda yayıldı, sonra oradan başqa yerlərə yayıldı. ”Bürhane qate" izahlı lüğətində deyildiyi kimi, fars dili öz-özünə rəsmi dil olub. İran türk və ərəblər hücum edənlərə (təcavüzkarlara) öz dilini qəbul etdirdiyi kimi, qalanlara da qəbul etdirəcək" - deyə Dəştbani əlavə edib.

Mustafayev qeyd edib ki, inqilabların, ictimai çevrilişlərin, doğrudan da cəmiyyətin köklü maraqlarına, ictimai tərəqqi tələblərinə cavab verməsinin bir ölçüsü olmalıdır: “Yoxsa ki, çevriliş nəticəsində hakimiyyətə gələnlər, cari hakimiyyəti icra edənlər və onların hakimiyyətinə bəraət qazandıranlar, yəni yeni ideoloqlar təzə hakimiyyət sistemini eninə-uzununa tərifləsələr də, daim onu legitimləşdirən tədbirlər keçirsələr də, bir gün görürlər ki, demə, xalq onların hakimiyyətindən cana doyub. Çünki ”inqilabçılar"ın hərəkətləri onların inqilabda iştirak etmiş xalqın ilkin ideallarından xeyli geri çəkildiyini, hakimiyyətdə olanların davranışına xas olan hakimiyyət inhisarına meylini və onun yaratdığı bütün iqtisadi, siyasi, mədən, sosial, mənəvi fəsadlar girdabına yuvarlandıqlarını əyani şəkildə nümayiş etdirir. Hakimiyyətə gəlmiş “inqilabçılar”ın keçirdiyi belə metamorfozun ən yaxşı göstəricilərindən biri hakimiyyət və sərvəti ata və babalarından irs ala bilməyən “inqilabçı” övladlarının “əks-inqilab” cəbhəsinə keçməsidir. Buna İranda nümunə kimi İslam inqilabının memarlarından, eyni zamanda sərt və qəddar mövqeyi ilə seçilən ayət. Haşmi Rəfsancaninin hakimiyyətdə iştirakdan kənarlaşdırılan övladları, xüsusən atasının prezidentliyi dövründə deputat belə seçilmiş qızı, son etirazlar zamanı Xameneyinin diktatorluğuna qarşı çıxan bacısı və bacısı qızı, nəhayət “inqilabın” qələbəsindən sonra Xameneyinin razılığı ilə özünü İnqilab tribunalının başçısı elan edərək şah rejiminin ölkədən qaça bilməmiş yüksək rütbəli siyasi, mülki və hərbi məmurlarını iki-üç dəqiqə ərzində mühakimə edərək ölümə göndərən Sadiq Xalxalının qızıdır. O, son etirazların ən fəal iştirakçıarı və teorisyenlərindən biri hesab olunur.

Əgər xalqın sıravi nümayəndələri deyil, inqilab rəhbərlərinin övladları artıq mövcud olan rejimə qarşı çıxırsa, deməli, inqilab xalqın ən ümumi ehtiyaclarının ödənilməsinə deyil, inqilabçı adı ilə və inqilab dalğası üstündə hakimiyyətə gəlmiş bir qrup insanın maraqlarına xidmət edir və həmin ədalətsdizlik  bütün xalqın, hakimiyyətin müqavimətinə baxmayaraq, onun aradan qaldırılması üçün hərəkətə keçməsini zərurətə çevirir.

İranda “İslam inqilabı”ndan sonra  həmin ədalətsizliyə qarşı  dəfələrlə irili-xırdalı, məhdud və geniş miqyaslı çıxışlar baş verib və 16 sentyabr 2022-ci ildə  başlanmış sonuncu belə çıxış  hələ də davam etməkdədir. Hazırki etirazlar bir nəticə verməsə, mütləq yeni, daha geniş, daha mütəşəkkil və daha qətiyyətli çıxışlar olacaqdır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR