İnsanlara hürriyət, millətlərə istiqlal!

"İrandakı terror hadisəsi bölgədəki gərginliyi daha da artıracaq, çünki... "

609 04.01.2024 22:40 Dünya A A

"İranın Kerman şəhərində general Qasım Süleymaninin öldürülməsinin ildönümü mərasimində partlayış nəticəsində onlarla iranlının həlak olması bölgədəki gərginliyi daha da artıracaq".

Musavat.com bildirir ki, bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu İranda törədilən terror hadisəsindən danışarkən deyib.

Elxan Şahinoğlu qeyd edib ki, Tehranın bu partlayışda İsraili ittiham edəcəyi ehtimalı az deyil. Bu isə o deməkdir ki, İran ərazisində İsrail kəşfiyyatına bağlı olduğu iddia edilən şəxslərin çoxsaylı həbslərinə rəğmən, şəbəkə gücünü itirməyib:

elxan-sahinoglu (1).jpg (74 KB)

"Türkiyənin özündə də İsrail kəşfiyyatına bağlı şəxslərin kütləvi həbsi həyata keçirilib. Qasım Süleymanini amerikalılar öldürdülər. Tehran intiqam vədi versə də, Amerikaya zərər verər bilmədi. Əsl zərər “Həmas” qruplaşmasının oktyabrın əvvəlində İsrailə hücumu ilə Tel-Əvivə dəydi. Təsadüfi deyil ki, hücumun arxasında Tehranın dayandığına dair mülahizələr səsləndi. Görünür, İran Süleymaninin mərasimidəki partlayışa da adekvat cavab verməyə çalışacaq, bölgədə İrana bağlı silahlı qruplaşmaların daha da fəallaşacağını proqnozlaşdırmaq olar".

Siyasi şərhçi həmçinin vurğulayıb ki, İranın hakim dairələri və güc strukturları Kerman şəhərində baş verən qətliama cavab aksiyasının miqyası və ünvanı barədə düşünürlər. Ancaq bundan əvvəl terror aksiyasının hansı qüvvəyə və ölkəyə bağlılığı aşkar edilməlidir:

"ABŞ və İsrailin adını hallandırmadan əvvəl partlayıcı maddənin harada hazırlandığı və İran ərazisinə neçə keçirildiyi (İranın içində də hazırlana bilər) müəyyənləşdirilməlidir.

İrandakı bəzi dairələr son illərdə bəzi olaylarda əsassız olaraq Azərbaycanın adını hallandırıblar, guya bəzi dövlətlər ərazimizdən İrana qarşı istifadə ediblər. Oxşar ittihamlarının heç bir əsası yoxdur. Çünki Azərbaycanla İran arasında quru sərhədi bağlıdır. İran ABŞ və İsraillə birbaşa qarşıdurmadan hər zaman çəkinib, onlara qarşı mübarizədə müxtəlif dövlətlərdəki dəstək verdiyi qruplardan istifadə edib. Bu həssas məqamda biz də təhlükəsizlik tədbirlərini artırmalıyıq".

Xatırladaq ki, yanvarın 3-də İranın Kirman əyalətində İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin keçmiş komandanı general Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yoldakı yürüş zamanı terror törədilib.

İnsident nəticəsində 103 nəfər həyatını itirib, yüzlərlə insan xəsarət alıb.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR