İnsanlara hürriyət, millətlərə istiqlal!

“İranda vəzifədə olanların böyük əksəriyyəti azərbaycanlılardır”

3266 12.07.2024 08:50 Ölkə A A

Ceyhun Məmmədov: “Hazırkı məqamda İran belə bir həssas addım atmağa məcbur idi”

İranda ötən həftə keçirilən növbədənkənar prezident seçkisinin ikinci turunda etnik azərbaycanlı Məsud Pezeşkian qalib gəlib. İranda nazir, nazir müavini, parlament spikerinin birinci müavini olan ixtisasca həkim 70 yaşlı Pezeşkianın İranın həyatında necə rol oynayacağı günlərdir müzakirə mövzusudur. 

Xüsusilə Azərbaycanda yeni dönəm İranında baş verəcəklər diqqət mərkəzindədir. İranda yaşayan milyonlarla soydaşımızın ana dilində təhsil almaq hüquqlarına münasibət və s. dəyişəcəkmi? 

Məsud Pezeşkian müsahibələrindən birində deyib ki, o, türkdür və Azərbaycanda doğulub, evdə uşaqlarını farsca danışmağa qoymayıb, Azərbaycan dilini nəzərdə tutaraq “türkcə” danışdıqlarını söyləyib. Bu və digər məsələləri nəzərə alsaq, İranda nələr dəyişə bilər? 

Mövzu ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovun fikirlərini öyrəndik. 

“Yeni Müsavat”a açıqlamasında millət vəkili qeyd etdi ki, azərbaycanlının İranda prezident seçilməsi, Azərbaycan dilində çıxış etməsi, Azərbaycanla bağlı xoş fikirlər söyləməsi həqiqətən sevindirici və qürurverici hadisədir: “Dünyanın müxtəlif ölkələrində uğur qazanan azərbaycalılarla fəxr etməliyik və edirik də. Amma bir məsələni nəzərə almaq lazımdır ki, İranda prezident bütün məsələləri həll etmir, Ali dini lider həll edir. Prezidentin məsuliyyətinin müəyyən bir çərçivələri var. Buna görə də İranda azərbaycanlının prezident seçilməsi ilə cənubda yaşayan bütün soydaşlarımızın problemlərinin həll olunacağını düşünmək sadəlövhlük olardı. 

Əslində bizim İranla münasibətlərimiz yüksək səviyyədədir. Azərbaycan Prezidenti İranın yeni prezidentinə zəng edib. Bugünlərdə Azərbaycanın İrandakı səfirliyinin açılışı olacaq. İki ölkə arasında münasibətlər inkişaf etməlidir. Amma insanlarımız bilməlidir ki, İran bu prosesdə çox uğurlu siyasət həyata keçirdi. Daha çox seçicini seçki prosesinə cəlb etmək üçün, seçkilərin demokratik keçdiyini göstərmək üçün belə bir addım atdı. İranda seçkini hazırlayan texnoloqlar, siyasətçilər prosesi uğurlu, ağıllı formada irəliyə apardılar. Onlar qarşıya qoyulan məqsəd və hədəflərə nail ola bildilər. 

İlk növbədə onu qeyd etmək lazımdır ki, İranda hazırda müəyyən gərginlik var. Dünyanın müxtəlif yerlərində İrana qarşı təzyiqlər artır. Buna görə İran hazırkı məqamda belə bir həssas addım atmağa məcbur idi. Daha çox seçicini prosesə cəlb etmək, demokratik görüntü yaratmaq, İranda yaşayan xalqlarla bağlı mesajlar vermək mütləq idi. Ona görə ki, İran müxtəlif xalqların hüquqlarının pozulmasında və onlara qarşı müxtəlif addımların atılmasında davamlı olaraq günahlandırılırdı. Lakin son proseslər bu fikirləri aradan qaldırdı və İranın öz məqsədinə çatmasına imkan verdi".

Deputat hesab edir ki, bütün  hallarda qazanan İran dövlətidir: “Hazırkı prezident də İranın dövlətin siyasətini həyata keçirəcək. İranda sistem işləyir, dövlətçilik ənənələri çox güclüdür. İranın dövlət maraqları hər zaman öndədir. Bu mənada hazırkı prezidentin öz siyasətində ciddi dəyişiklik edəcəyi ehtimalı aşağıdır. Müəyyən təşəbbüslər göstərilə, addımlar atıla bilər, lakin bu ali dini liderin rəhbərliyi ilə müəyyənləşdirilməlidir. 

Bəzən Azərbaycandan İrana fərqli baxırlar. Mən İranı çox yaxşı araşdırıram. İranda hazırda vəzifədə olanların böyük əksəriyyəti azərbaycanlılardır. Ali dini lider də, müdafiə naziri də azərbaycanlıdır. Yüksək vəzifədə olanların azərbaycanlılarla qarışığı olanlar da çoxdur. Onların məsələyə yanaşması fərqlidir. Onlar düşünürlər ki, İran dövləti var. Əgər kiməsə birləşmək lazımdırsa, digərləri İrana birləşməlidir. Hətta görüşlərdə açıq-aydın deyirlər ki, Türkiyədən sonra ən çox türkün yaşadığı ikinci ölkə İrandır. 

Yəni İranın bizə baxışı, yanaşması tam fərqlidir. Onlar hesab edirlər ki, İran ərazisi tarixi İran torpaqlarıdır. Bu baxımdan hesab edirəm ki, populizm, emosiyalara qapılmaqdan uzaq olmaq lazımdır. İnsanlar məsələlərə soyuqqanlı, təmkinli yanaşmağı bacarmalıdırlar. Bizə hazırkı dövrdə İranla münasibətləri qorumaq, inkişaf etdirmək lazımdır. İran bizim tarixi qonşumuzdur. İranla davamlı olaraq əlaqələrin inkişafına bizim də, onların da ciddi ehtiyacı var".   

Hazırladı: Nigar HƏSƏNLİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR