İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda həbsdə olan Fərid Səfərlinin anası DÖVLƏTƏ MÜRACİƏT ETDİ

996 27.02.2024 16:17 Son xəbər A A

İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Musavat.com xəbər verir ki, Dilarə Əsgərova müraciətində oğlunun vəziyyətinin yaxşı olmadığını qeyd edib.

D.Əsgərova bildirib:

"Cənab Prezident, hörmətli Mehriban xanım, oğlum Fərid Səfərli artıq bir ildir ki, İran həbsxanasında heç bir günahı olmadan, yalnız Azərbaycan vətəndaşı olduğuna görə cəza çəkir. Onun hazırda ciddi sağlıq problemləri var. Artıq 5-6 aydır ki, gündə bir neçə dəfə diş qıcanması ilə gedən nevroloji tutmaları yaranıb. Bu səbəbdən dişləri də tökülməyə başlayıb. Mən onun üzünü axırıncı dəfə 1 il əvvəl görmüşdüm: xoşbəxt, həyat dolu bir gənc idi. İndi o, İran həbsxanasında heç bir ziyarətçisi olmayan, ruh düşkünlüyü yaşayan bir insana çevrilib. Dəfələrlə xahiş etsə də, bizi bir dəfə də olsun görüntülü danışdırmırlar. Mən oğlumun gələcək taleyindən də çox nigaranam. Onun İran həbsxanalarında necə ağır bir dönəm yaşadığını təsəvvür edirəm. Özüm həkim olduğum üçün bilirəm ki, bu hal gələcəkdə onun səhhətində hansı ciddi problemlər və ağrılar buraxa bilər. Eyni zamanda, onun bu travmalardan reabilitasiyası uzun illər çəkəcək.

Cənab Prezident, qarşıdan tariximizin ən önəmli bayramı sayılan Novruz bayramı gəlir. Bu bayram hər bir azərbaycanlı ailəyə sevinc və hüzur gətirir. Düşünürəm ki, bir azərbaycanlı olaraq bizim də sevinmək haqqımız var. Mən keçən Novruz bayramını İranın Tehran, Qum şəhərlərində oğlumu axtararaq gözüyaşlı keçirdim. Görünən odur ki, bu bayramı da mən Fəridsiz əzabla keçirəcəyəm. Amma mən bir ana olaraq bunu təsəvvür etmək istəmirəm".

Dilarə Əsgərova dövlət başçısından Fəridin Azərbaycana gətirilməsinə köməklik etməsini xahiş edib: "İnanıram ki, Siz mənim müraciətimə biganə qalmayacaqsınız!"

Xatırladaq ki, Fərid Səfərli ötən ilin fevralında İran İslam Respublikasına səfər edib. O, eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib, lakin orada həbs olunub. Azərbaycan Respublikasının vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi, 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli casusluqda ittiham edilib. İran məhkəməsi ona 2 il yarım həbs cəzası kəsib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR