İnsanlara hürriyət, millətlərə istiqlal!

İran sıxılır, xainlər üçün “sığınacaq” daralır - Azərbaycana qarşı fəaliyyət göstərənlər TƏHVİL VERİLƏCƏK?

677 12.01.2026 16:32 Gündəm A A

İranda son 1 ayda dərinləşən sosial-iqtisadi böhran, genişlənən xalq etirazları və beynəlxalq təzyiqlərin artması fonunda Tehranın uzun illər region ölkələrinə qarşı istifadə etdiyi “asimmetrik təsir alətləri” də iflasa uğramağa başlayır. ABŞ-nin İran rejiminə qarşı iqtisadi sanksiyaları sərtləşdirməsi, diplomatik təcridi dərinləşdirməsi və informasiya müharibəsini yeni mərhələyə keçirməsi Tehranın manevr imkanlarını minimuma endirib. Donald Trampın “İran xalqına yardım etməyə hazırıq” mesajı da məhz bu kontekstdə rejimin daxilində parçalanma, elitadakı çatlar və xalq narazılığı fonunda diqqət çəkir. Bu proseslər isə İran ərazisində Azərbaycan əleyhinə fəaliyyət göstərən şəxslərin taleyini birbaşa sual altına salır. Bu gün İran ərazisində Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi sərgiləyən, sosial şəbəkələr və media resursları üzərindən təbliğat aparan şəxslər arasında Tohid İbrahimbəyli, Əli Qumi, Əkrəm Hacızadə, Orxan Məmmədov və digərləri xüsusi yer tutur. Xüsusilə Tohid İbrahimbəylinin fəaliyyəti artıq təkcə ideoloji yox, birbaşa terror və silahlı cinayət müstəvisində sübuta yetirilib.

Məlumdur ki, 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində Tohid İbrahimbəyli İranın Qum və Məşhəd şəhərlərində dini təhsil alan 14 Azərbaycan vətəndaşını toplayaraq onları Suriya ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərə cəlb edib. Bu məqsədlə “Hüseyniyyun” adlı silahlı dəstənin yaradılması planlaşdırılıb. Həmin şəxslər əvvəlcə Qum şəhərində, İsgəndər Hüseynovun “Nur” Tərcümə Müəssisəsində toplanıb, daha sonra Dəməşq yaxınlığındakı hərbi hissəyə aparılıblar. Orada onlara təkcə İŞİD-lə mübarizə yox, Azərbaycanda silahlı qarşıdurmaya hazırlıq barədə açıq tapşırıqlar verilib. 25 günlük hərbi təlimdən sonra qruplara bölünən bu şəxslərin bir hissəsi Tohid İbrahimbəyli ilə birlikdə Tedemor şəhərinə göndərilib.

Sonradan yenidən Suriyaya qaytarılan qrup üzvlərindən biri - Elmir Zahidov hərbi təlimdən imtina etdiyinə görə təzyiqlərə məruz qalıb və nəticədə 2018-ci ildə Azərbaycana qayıdıb. Gəncə şəhərində sabiq icra başçısı Elmar Vəliyevə silahlı hücum edən Yunis Səfərov işi üzrə aparılan istintaq zamanı da Tohid İbrahimbəylinin adı yenidən gündəmə gəldi. Müəyyən olundu ki, 2013-2016-cı illərdə bir sıra Azərbaycan vətəndaşları maddi maraq qarşılığında Qum şəhərində toplanaraq Suriya ərazisinə göndərilib. Bu şəxslər arasında Taleh Həsən oğlu Göyüşov, Həbib Əkbər oğlu İbrahimli, Pərviz Əlimusa oğlu Musayev, Elmir Savadxan oğlu Ziyadov olub. Onların Yunis Səfərovla birlikdə həm gizli toplantılarda, həm də silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri sübuta yetirilib. Taleh Göyüşovun Gəncədə polis əməkdaşlarına qarşı soyuq silahla hücumda iştirak etməsi isə bu şəbəkənin mahiyyətini tam açır.

İLHAM İSMAYİL.jpg (83 KB)

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Musavat.com-a açıqlamasında bu şəxslərin mahiyyətini açıq şəkildə ifadə edib.

“Onlar demokrat deyil, siyasi mühacir deyillər. Onlar sırf cinayətkar fəaliyyətlə məşğul olduqları üçün İranda məskunlaşıblar. İranın maraqlarına xidmət edirlər və Azərbaycan dövlətinə qarşı yönəliblər. Onları başqa cür adlandırmaq mümkün deyil, onlar vətən xainləridir”, - deyə İlham İsmayıl bildirib.

Bundan başqa, İran prezidentinə, baş prokuroruna ötən illərdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən hazırlanmış 41 nəfərlik siyahı təqdim olunub. Həmin şəxslərin Azərbaycana qarşı təxribat-pozuculuq fəaliyyəti ilə məşğul olduqları və təhvil verilmələri istənilib. Lakin siyahı üzrə bu günə qədər İran tərəfindən kimsə ölkəmizə təhvil verilməyib. Hazırkı geosiyasi mənzərə Tehranın əvvəlki kimi davranmaq imkanını məhdudlaşdırır. Daxildə sosial partlayış, iqtisadi sistemin iflas həddində olması, ABŞ və Qərbin təzyiqləri, region ölkələri ilə münasibətlərin gərginləşməsi kimi şərtlər altında İranın Azərbaycanla münasibətləri daha da gərginləşdirmək lüksü qalmayıb. Məhz bu səbəbdən İranda sığınacaq tapan və Azərbaycana qarşı fəaliyyət göstərən şəxslərin - Tohid İbrahimbəyli, Əli Qumi, Əkrəm Hacızadə, Orxan Məmmədov və digərlərinin Azərbaycana təhvil verilməsi ehtimalı real və yaxındır.

Belə bir addımın atılması dövlətlərarası münasibətlərin və İranın öz gələcəyinin məsələsidir. İran sıxıldıqca, onun əlaltıları da sıxılır. Rejim üçün vaxtilə “təzyiq aləti” olan şəxslər indi yükə çevrilir. Azərbaycan isə bu məsələni gündəmdən çıxarmır, dövlətə qarşı silah qaldıranlar, hədyanlar söyləyənlərin cəzaya çatdırılması üçün bütün zəruri addımlar atılır.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR