İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadçı: “Bu, Azərbaycanın Avropaya qaz satmaq planına mane olmur”

415 18.01.2023 17:33 İqtisadiyyat A A

Avropada qazın birja qiymətləri 2021-ci ilin avqust ayının sonundan bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 600 dollardan aşağı düşüb.

Musavat.com xəbər verir ki, bu barədə “Vedomosti” yazıb.

Xəbərdə bildirilir ki, ötən gün Niderlandın TTF qovşağında təbii qazın növbəti fevral fyuçers müqaviləsinin qiyməti MVt/saata 53,5 avroya və ya 1000 kubmetr üçün təxminən 590 dollara düşüb.

f07a3359-f8a2-36cb-97a8-97916ea945e8_850.jpg (102 KB)

Avropada qazın qiymətinin aşağı düşməsinin əsas səbəbi nədir?

Əvvəllər analitiklər bunun səbəbini Avropanın yeraltı qaz anbarlarında (UGS) əhəmiyyətli qaz ehtiyatlarının olmasında görürdülər. Avropanın Qaz İnfrastrukturunun (GIE) 15 yanvar tarixli məlumatına görə, Avropadakı UGS obyektləri 81.49% doludur. Bundan əlavə, qaz qiymətlərinə yüksək külək enerjisi istehsalı və isti hava təsir edir.

Bilirik ki, müharibə səbəbindən Rusiyaya edilən sanksiyalardan sonra Avropa təbii qaza olan ehtiyacını ödəmək üçün bir çox ölkələrə, eləcə də Azərbaycana müraciət edib. Yeri gəlmişkən, hazırda Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi 82 faizdir ki, bu da analoji dövr üçün maksimum göstəricidir. Avropada temperaturun iqlim normasına qədər soyuyacağı barədə proqnozlar fonunda əksər ölkələrdə anbarlardan qaz götürülməsi prosesi artmağa başlasa da, uzun illərin göstəriciləri ilə müqayisədə minimum səviyyədə qalır. “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, yanvarın 14-də Avropa İttifaqı ölkələrinin yeraltı anbarlarına 59 milyon kubmetr qaz vurulduğu halda, onlardan 253 milyon kubmetr qazı çıxarılıb (2012-ci ildən bu yana ən aşağı göstərici). İsitmə mövsümünün başladığı noyabrın 14-dən bəri anbarlardan ümumilikdə 19,1 milyard kubmetr qaz götürülüb. Hazırda Avropanın yeraltı qaz anbarlarının 81,7 faizi (88,47 milyard kubmetr) doludur ki, bu da son 5 ilin eyni dövrü üçün orta göstəricidən 19 faiz çoxdur.

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a bildirib ki, son dövrlər təbii qazın qiyməti kəskin şəkildə aşağı düşüb:

Xalid-Kərimli.jpg (198 KB)

“İl başlayandan azalma 25-30 faizin üzərindədir. Düzdür, 5 illik ortalamadan sonra yenə də iki dəfə bahadır, indiki 600 dollarlıq qiymətdən 2 dəfə bahadır. 5 illik ortalama qiymət isə təqribən 300 dollardır. Yəni 2 dəfə artıb. Konkret olaraq bir neçə səbəb var. Yeni ildə azalmanın səbəbi nədir, ilk olaraq bunu cavablandırmaq lazımdır. Yeni ildə qiymətlərin aşağı enməsinin əsas səbəbi Çin anbarlarındakı vəziyyət idi. Çin yanvar-fevral ayında mayeləşdirilmiş qazı almayacaqlarını bildirdi, ehtiyatlarının çox olduğunu dedi. Əsas səbəb bu idi. Bazarlar narahat idi ki, Çin yenidən karantin qaydalarını aradan qaldırdı, sürətlə bərpa olunacaq, istehsal artacaq, qaza tələbat artacaq və ümumi qaz istehlakı dünyada artacaq. Amma son həftələr şahidi olduq ki, onların qaz ehtiyatları doludur. Yaxın 2 ayda mayeləşdirilmiş qazı azalacaq. Bununla belə, Avropa onsuz da bu qışı problemsiz keçirəcəyini gözləyirdi. Çünki il ərzində ehtiyatları doldurmuşdular. 2023-cü ildə problem gözləyirdilər, qışda öz ehtiyatlarını istifadə edəcəklər və sonra problem yaranacaq. Amma qışın mülayim keçməsi, qənaət olunmasına görə bu problemlərini həll edə bildilər. Amma hələ Rusiya qazının tam dayanması da baş vermədi. Düzdür, əvvəl Rusiya Avropa qaz tədarükündə 41-42 faiz paya malik idi. Bu, 7 faizə düşdü. Ukrayna müharibəsi olsa da, Ukraynadan Avropaya keçən qaz boru xətti işləyir. Rusiya təbii qazı verməkdə davam edir, aşağı düşsə də, azaltsa da, Avropaya qazın verilişini tam kəsmədi. Avropa digər mənbələrdən təbii qazı almağa çalışdı, Qatar, ABŞ, Norveç, Azərbaycandan da aldıqları qazın həcmini artırdılar. Düzdür, Azərbaycanın qazı çox əhəmiyyətli olmasa da, artımlar oldu. Yəni qazın qiymətinin aşağı enməsinin səbəbi əsasən bu idi, amma fikrimcə, qaz qiymətləri yenə də yüksələcək. Çox ciddi qiymət enişindən söhbət gedə bilməz. Rusiya qazı Avropaya satmayıb, Çinəmi satacaq?! Qazın qiyməti o zaman kəskin bahalaşa bilər ki, tutaq ki, Rusiya qazı əvvəl 200 kubmetr milyarda satırdı, indi 50 milyard kubmetr satsın. Onda qaz çatışmazlığı olacaq. Rusiya Avropaya satmayıb, Çinə, Hindistana satırsa, burada qazın həcminin aşağı düşməsindən yox, ixracatının strukturunun dəyişməsindən söhbət gedir. Amma hazırda Avropa problemlərini həll etmiş kimi görünsə də, problem qalır. Qaz qiymətləri yüksələcək deyə düşünürəm. Ümumiyyətlə, dünyada iqtisadi artımın ləngiyəcəyi gözlənilir. Bunun özü də qazın qiymətinin ucuzlaşmasına səbəb olur. Şirkətlər daha az məhsul istehsal edəcək, daha az da xammal istifadə edəcəklər. Ümumiyyətlə, qaz qiymətlərinin 2023-cü il üçün yüksək olacağını düşünürəm”.

Ekspert Azərbaycanla bağlı gözləntilərdən də danışıb: “Qaz qiymətlərinin aşağı olması Azərbaycanın qaz proyektlərinə mane olmayacaq. Avropa qazı Azərbaycandan almağa maraqlıdır. Cənub Qaz Dəhlizinin layihələndirilməsi davam edəcək. Ümumiyyətlə, hazırda baş verənlər nə Cənub Qaz Dəhlizi üçün problemdir, nə də Cənub Qaz Dəhlizinin gələcəkdə genişləndirilməsi və Azərbaycanın Avropaya daha çox qaz satmaq planına hər hansı maneçilik törədir. Əksinə, Rusiyanın qaz istehsalının azalması onun maliyyə itkilərinin olmasına gətirib çıxaracaq. Amma bu, dünyada qaz qiymətlərinin aşağı düşməsi demək deyil”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR