İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsan işıq saçsa... transformator lazım olardı

1764 25.07.2023 12:10 Yazarlar A A

 

Gerçəkdən, maraqlıdır: insan işıq saçsa, nə olar? Bu sualın ən azı 101 cavabı var - ən ağıllısından tutmuş ta ən gülməlisinə qədər. Bu barədə bir az sonra yazacam.

İndi onu yazım ki, bu sualı orta məktəbin birinci sinfinə qəbul olunmaq istəyən uşaqlara veriblər. Etiraf edək ki, bunu universitetin 4-cü kursunu bitirən gənclərə versəydilər, yəni dövlət imtahanına salsaydılar, məzunların yüzdə 50-si normal cavab verə bilməzdi.

Həmkarımız Vüsal Məmmədovun qızı Aylanın bu suala cavabı belə olub: “Qaranlıqda sürücülər onu görər və maşınla vurmazlar”.

Çox ağıllı cavab deyilmi? Həmin imtahan komissiyasının heyətində olsam, “ay afərin, necə ağıllı balasan” deyər, cavaba qane olardım. Amma yox. Komissiya üzvləri qarşılarında yeni bir Mariya Küri görmək istəyimişlər kimi, dübarə soruşublar: “Bəs sonra?”

5-6 yaşlı uşaq nə desin? Başqa nə demək olar? Amma Ayla daha bir cavab tapıb: “İnsanların bədənində elektrik olar”.

Baaa. Yoo, bu da qaneedici deyil, 6 yaşlı “xanım Küri” suala dolğun cavab verməlidir: “Sonra?”

Uşaq duruxub və onu birinci sinif imtahanından kəsiblər.

Bu, Bakı Avropa Liseyinin 1-ci sinifə qəbul imtahanında olub. Güman ki, yerlər dolubmuş və ya satılıb-qurtarıbmış, ona görə uşaqlara belə suallar verirlər. Məşhur lətifədə deyildiyi kimi, paraşüt vermək istəmirlər, deyirlər, Mozambikin paytaxtı hansı şəhərdir, de.

İndi nə vaxtsa qarşıma həmin liseyin müəllimləri çıxsa, soruşacağam ki, insan işıq saçsa, nə olar. Görüm, o suala düzgün cavab verə biləcəklərmi? Ən ağıllı cavabı versələr də, bir kəlmə deyəcəm: “Bəs sonra?”.

Bu cür gicbəsər suala görədir ki, artıq bu məsələ sosial şəbəkələrdə müzakirə predmeti, gülüş hədəfi olub. İndi çox adama maraqlıdır ki, insan işıq saçsa, nə olar.

Prinsipcə, belə bir şey mümkündür. Canlarında fosforu çox olan işıq saçan canlılar var. Məsələn, adına bəzən may böcəyi, bəzən də “işıldaböcək” deyilən həşarat işıq saçır, qaranlıqda da əməlli-başlı görünür. Canavarların, çaqqal və tülkülərin gözü də qaranlıq da işıq saçır, daha dəqiqi, işığı yaxşı əks etdirir.

İnsan işıq saçsaydı, özünə problem yaradardı, xalq yaradıcılığına görə, tutub ona sayğac qoyardılar və öz işığının pulunu alardılar. Pah! Belə olsa, gərək bir yolunu tapıb işığımızı söndürəydik, yoxsa müflis olardıq.

Xuliqan gədələr isə əksinə edərdi, işıqları başqa rəngdə, ksenon düzəldərdilər. Bəzilər ümumiyyətlə, sayrışan işıqlarda gəzərdi. Amma hökumət buna qadağa qoyardı ki, sayrışan içıqlarda yalnız hüquq-mühafizə orqanlarının əməkdaşları gəzə bilər.

Daha sonra. İnsanlar işıq saçsa, bu dava-şavalara səbəb olardı. Küçədə iki gənc təkə buynuzlaşardı ki, gözümə işıq saldın, gözüm qamaşdı. Rus demişkən, “dalni-blijni” söhbəti.

Balkon altında davalar düşərdi. “Adə, oğraş, sən kimin evinə işıq verirsən”. Ara yerdə qısqanclıq zəminində vurub kiminsə işığını söndürərdilər.

“Filankəsin üzündə nur var” söhbəti aradan çıxardı. Çünki o nurdan hamının üzündə, hətta başqa yerində də olardı. Hərçənd heç kim deməzdi ki, filankəs “belinurlu” və ya “qarnınurlu” adamdır.

“Nur topu kimi oğlan (və ya qız) doğmaq” söhbəti də sıfırlanardı.

Mənfi enerjili adamları təqdim etmək üçün yeni ifadələr yaranardı: “Onun akkümlyatoru ölüb, dinamosu sıradan çıxıb, işığı közərmir artıq”; “Adamın böyründən kölgə kimi keçir, eləcə siqareti közərir, özündə işıq yoxdur”.

Hazırda ürək-könül məsələlərində qarşılıqlı meyllənməni ifadə edən “elektriklənmə” deyilən bir söz var ha, bax, o söz artıq məcazi mənada işlənməzdi. Bir-birini sevənlər gerçəkdən elektriklənərdilər, gərginlik o həddə qalxardı ki, cütlüklər gərək aralarına transformator, stablizator-zad alıb qoyardılar. Əks təqdirdə qısaqapanmalar və partlayışlar ola bilərdi. (Bu, elə indi də olur).

Yəni insan işıq saçsa, belə şeylər ola bilərdi – hipotetik olaraq. Amma bunu 6 yaşında uşaq bilməz.

Bax, bu qədər müfəssəl cavab yazdım, görəsən, Bakı Avropa Liseyinin 1-ci sinfinə qəbul oluna bilərəm?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR