İnsanlara hürriyət, millətlərə istiqlal!

İnkişaf müxtəliflikdədir, yaxud Azərbaycanın dialoq düsturu

581 02.05.2024 19:06 Siyasət A A

Sivilizasiya anlayışı XVIII əsrdə və daha çox mədəniyyət anlayışı ilə sıx əlaqədə meydana gəlib. Fransız filosofları idraka və ədalətə söykənən cəmiyyətləri sivil cəmiyyətlər adlandırırdılar. XIX əsrdə isə sivilizasiya qərbi Avropa xalqlarının maddi və mənəvi mədəniyyətlərinin inkişaf səviyyəsinin yüksək göstəricisi kimi təqdim olunurdu və Avropa mərkəzçiliyi konsepsiyasının tərkib hissəsi kimi qəbul edilirdi.

Müasir dünyada sivilizasiya metodoloji anlayış kimi qavranılır və insanlığın tarixi, mədəni, sosioloji inkişafını mərhələli, yaxud kompleks şəkildə əks etdirir.

Çağdaş geosiyasi, kultroloji və fəlsəfi nəzəriyyələrə görə, sivilizasiyalar arasındakı sərhədləri 4 əsas kriteriyaya görə müəyyənləşdirmək olar:

- Mənəvi həyatın ümumi fundamental cizgilərinin oxşarlığı
- Tarixi siyasi-iqtisadi inkişafın qarşılıqlı asılılıq və ya birgəyaşayış əsasında təmin edilməsi
- Mədəniyyətlərin qarşılıqlı təsiri və bütövləşməsi
- Perspektiv inkişafla bağlı ortaq maraqların və hədəflərin mövcudluğu.

Bu bölgüyə söykənməklə sivilizasiyanın 4 əsas növünü müəyyənləşdirmək olar

1. Təbii icmalar - proqressiv olmayan birgəyaşayış növü
2. Şərq sivilizasiyası
3. Qərb sivilizasiyası
4. Müasir sivilizasiya

Nəzərə alsaq ki, bu gün daha çox şərq və qərb sivilizasiyalarının qarşıdurmasından, yaxud dialoqundan söhbət gedir, o zaman bu iki sivilizasiyanı bir-birindən fərqləndirən cəhətlərə diqqət yetirmək ehtiyacı yaranır.

Geosiyasi nəzəriyyələrə görə, talossokratik və tellurokratik cəmiyyətlərə aid edilən bütün fərqli cəhətləri şərq və qərb sivilizasiyalarına da şamil etmək olar. Şərq sivilizasiyası tellurokratik, qərb sivilizasiyası isə tallossokratikdir.

Bu baxımdan Şərq sivilizasiyasında fərdiyyətçilik, şəxsiyyət amili, təşəbbüskarlıq arxa plana keçir, kollektivçilik, ierarxiya isə onə çıxır. Şərq sivilizasiyası ənənələr, ehkamlar, nəsildən-nəsilə keçən və çox az dəyişikliyə məruz qalan dəyərlər üzərində formalaşıb.

Qərb sivilizasiyasında isə şəxsiyyət amilinin, fərdi təşəbbüskarlıq, hərəkət və dinamikanın ön planda olduğu bildirilir.

İddia olunur ki, Qərb sivilizasiyası Şərq sivilizasiyası ilə müqayisədə daha aktiv inkişaf edir, mədəni və mənəvi dəyərlərini onu hədəfə aparan yolun tələblərinə uyğun bir şəkildə dəyişə bilir.

Maks Veberə görə, yeniliyə meyllilik, şəxsiyyətin təsdiq olunması uğrunda mübarizə, individuallıq, rasionallıq, şəxsi mülkiyyət amilinin önə çıxması Qərb sivilizasiyasının, xüsusilə də onun texnogen mərhələsinin təməl istiqamətlərini təşkil edir.

Hegel və Solovyov Şərq sivilizasiyasını bəşəriyyətin inkişafının ilk pilləsi, azadlığa doğru atılan ilk addım kimi dəyərləndirirlər.

Bu baxışlara görə, Şərq sözün geniş mənasında insan sivilizasiyasının, dünya mədəniyyətinin beşiyi sayılmalıdır.

Şərq və Qərb sivilizasiyaları haqqında çoxsaylı fəlsəfi, kultroloji və sosioloji nəzəriyyələri ümumiləşdirsək, bu iki sivilizasiya arasındakı fərqin daha lakomik ifadəsi belə olmalıdır: Şərq sivilizasiyası ənənəvi, Qərb sivilizasiyası isə qeyri- ənənəvidir...

Böyük ingilis yazıçısı Redyard Kiplinq hesab edirdi ki, Şərq və Qərb yalnız Tanrı dərgahında və yalnız qiyamət günü bir araya gələ biləcəklər.

Samuel Hantinqton isə Kiplinqin ədəbi baxışlarını sosioloji və siyasi müstəvidə davam etdirərək, “Sivilizasiyaların toqquşması” nəzəriyyəsini ortaya qoydu.

Əslində bu gün dünyada baş verən proseslər sivilizasiyaların toqquşması nəzəriyyəsinin təcrübədə daha çox tətbiq olunduğunu, real və praqmatik əsaslara söykəndiyini nümayiş etdirir. Amma bu o demək deyil ki, Hantinqton haqlıdır və Qərb zor gücünə Şərqi və digər sivilizasiyaları özünə tabe etdirərək, sıradan çıxarmalıdır.

Hantinqtonun sivilizasiya siyahısı kifayət qədər genişdir: Qərb, konfutsiançılıq, yapon, islam, induizm, slavyan-pravoslav, Latın Amerikası sivilizasiyaları...

Göründüyü kimi, Hantinqton Qərb sivilizasiyası ilə müqayisədə Şərq sivilizasiyasını ümumiləşdirmir, onu fəlsəfi, ideoloji, dini və etnik əsaslarla bir neçə hissəyə bölür. Bu isə şübhəsiz ki, məqsədyönlü yanaşmadır. Çünki Qərb sivilizasiyasının qələbəsini yalnız vahid Şərq sivilizasiyasını formalaşdıran mədəniyyətləri qarşı-qarşıya qoymaqla təmin etmək olar. Son 100 il ərzində, xüsusilə də ikinci dünya müharibəsindən keçən 79 illik zaman kəsiyində bəşəriyyət dəfələrlə belə cəhdlərin şahidi olub. Dini konfessiyalar, məzhəblər, etnik qruplar arasında yaradılan və kənardan stimullaşdırıldığı şübhə doğurmayan təfriqələr, qarşıdurmalar, qanlı toqquşmalar bu strategiyanın hələ də davam etdirildiyini sübuta yetirir.

Şübhəsiz ki, bəşəriyyətin qarşısında sivilizasiyalar arasında harmoniyanın yaradılması üçün uzun və məşəqqətli bir yol dayanır. Çünki sivilizasiyaları qarşı-qarşıya qoymaqla insan faciələri üzərindən öz geosiyasi maraqlarını təmin etməyə çalışanlar kifayət qədər güclüdürlər. Onların səpdiyi sayı-hesabı bilinməyən nifaq toxumlarının yenidən və yenidən cücərməməsi üçün isə daha böyük fədakarlıqlar nümayiş etdirmək lazım gələcək.

Bununla yanaşı, bir məqamı da vurğulamağı vacib hesab edirəm. Bu gün soyadı qədər nəzəriyyəsi də mürəkkəb və xoşagəlməz olan Hantinqtonun fikirlərini bölüşməyənlərin sayı yetərincədir və bu say getdikcə artmaqdadır.

İndi Hans Köşlerin sivilizasiyaların dialoqu nəzəriyyəsinin insanlığın keçdiyi yola və bəşəriyyətin inkişaf perspektivlərinə daha çox uyğun gəldiyini qəbul edənlərin sıraları genişlənir. Azərbaycan isə özünəməxus “mədəniyyətlərarası dialoq” formulu ilə bu prosesin lakomotivi missiyasını uğurla həyata keçirir. Bu barədə bir qədər sonra söz açacağam...

Əbədi mübarizə

Bəşəriyyət yarandığı gündən insan işığın qaranlıq, xeyirin şər üzərində qələbəsinə inanıb. Əks təqdirdə insanlıq da və təbii ki, onun simasını müəyyənləşdirən humanizm dəyərləri də məhv olardı.

Bu baxımdan, Köşlerin Hantinqton, dialoqun qarşıdurma üzərində nə zamansa əsaslı qələbə çalacağı şübhəsizdir.
Sivilizasiyaların birgəyaşayışının mümkün olmadığını sübuta yetirən nəzəriyyələrin alt-üst edilməsi üçün isə bəşəriyyətin keçdiyi yola nəzər salmaq yetərlidir.

Bu gün mövcud olan heç bir sivilizasiya heçdən yaranmayıb. Müxtəlif etnik qruplar, xalqlar, onların inanc və mədəniyyətləri, yaratdıqları dəyərlər bir-biri ilə təmasda daha böyük mədəniyyətlərin, sivilizasiyaların yaranmasına səbəb olub. Kiçik mədəniyyətlər qarşılıqlı əlaqələrin inkişafı nəticəsində daha böyük mədəniyyətlərin formalaşmasına zəmin yaradıb.

Bu baxımdan, mövcud olan bütün sivilizasiyalar özündən əvvəlki mədəniyyətlərin məcmusudur. Əgər Şərq sivilizasiyasını bəşəriyyətin inkişafının ilk pilləsi olduğunu nəzərə alsaq, müasir Qərb sivilizasiyasının da məhz Şərqdən qidalandığı və daha sonra isə geosiyasi iddialar üzərindən yolundan sapdığı qənaətinə gəlmək olar.

Bu yanaşmanın həqiqət olduğunu sübuta yetirmək üçün, Azərbaycan sərhədlərindən kənara çıxmağa bir o qədər də ehtiyac yoxdur. Hələ XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Cəmaləddin Əfqani, Mirzə Fətəli Axundzadə, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu Şərq və Qərb mədəniyyətlərinin birləşdirilməsini, milli və dini dəyərləri saxlamaqla, ənənələrdən imtina etmədən modernləşmək nəzəriyyəsini irəli sürürdülər. Azərbaycançılıq ideyası və bu ideyanın mahiyyətini təşkil edən üçlü düstur, Azərbaycan bayrağının üzərində yer alan rənglərin – mədəniyyətlərin sintezi müxtəlif sivilizasiyaların birgə və yanaşı yaşamalarının mümkünlüyünün bariz nümunəsidir.

İnkişaf müxtəliflikdədi. Mədəniyyətlər bir-biri ilə təmasda inkişaf edirlər. Bir sivilizasiyanın qarşıdurma zəminində digərlərini məhv etməsi, əslində mədəniyyətlərin sivil rəqabətindən doğan inkişafın dayanması deməkdir.

Bir anlıq təsəvvür edək ki, dünyada ayrı-ayrı mədəniyyətlərin assimilyasiya və məhv edilməsinin nəticəsi olaraq, bir dövlət, bir dil, bir mədəniyyət var... Təsəvvür etmək belə mümkün deyil... Çünki bir çox amillər, o cümlədən bəşəriyyətin gələcəyinə, inkişafına inam kimi insanlığı yaşadan və qoruyan faktorlar məhz mədəniyyətlərin sivil rəqabəti, dialoqu nəticəsində öz mövcudluğunu qoruyub saxlayır.

Sivilizasiya da sivil sözündədir...

Deməli, bu sözün mahiyyətinə uyğun şəkildə hərəkət etmək lazımdır – Azərbaycan kimi... Ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gündəliyi sivilizasiyaların dinc birgəyaşayışına, paralel inkişafına münasibətdə ölkəmizin baxış bucağını nümayiş etdirməklə yanaşı, doğru seçim üçün bəşəri dəyərlərin bütün çalarlarının yer aldığı nükəmməl bir sülh ekzpozisiyası təsiri bağışlayır.

Qənaətimə görə, məhz bu yerdə Prezident İlham Əliyevin sözügedən forumdakı nitqindən gətirəcəyim iqtibas, bu ekspozisiyanın azərbaycanlılar üçün, sadəcə həyat tərzi olduğunu bir daha göz önünə sərgiləyəcək.

Sitat: Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir...

Biz multikulturalizm haqqında söhbət açanda nəzərdə tuturuq ki, bu, Azərbaycan vətəndaşları üçün nə isə bir abstrakt məfhum deyil, nə isə bir şeyi öyrənmək kimi deyil, bu, məhz bizim həyat tərzimizdir və biz bundan fərəhlənirik. Biz, həmçinin fərəhlənirik ki, bu dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik və çox keşməkeşli vaxtlarda - toqquşmalar, münaqişələr, müharibələr vaxtında qoruyub saxlaya bilmişik”.

P.S. Hindistanın milli azadlıq hərəkatının təşkilatçılarından biri, filosof Şri Aurobindonun məşhur bir kəlamı var. Aurobindo deyir ki, nə zaman asiyalılar qətliam törədirlər, bu vəhşilik sayılır. Eyni əməli avropalılar törədəndə isə siyasi məcburiyyət...

Bu misalı təsadüfən çəkmədim. Çünki qarşıdurma tərəfdarları məhz “siyasi məcburiyyət” adı altında bu gün dünyanın bir çox bölgələrini qan gölünə çeviriblər.

Nəticədə isə onların yaratdığı qan gölündə boğulmaq istəməyənlərə münasibətdə dözümlülük nümayiş etdirə bilmirlər. Bu isə texnogen Qərbin vaxtilə Şərqdən əxz etdiyi dəyərləri də itirdiyini göstərir.
Çıxış yolu var, şübhəsiz...

Fərqli mədəniyyətlərə sayğı, humanizm prinsiplərinin maraqlar üçün deyil insanlıq naminə xatırlanması, birgəyaşayış qaydalarına əməl olunması və dialoqun, ünsiyyətin davam etdirilməsi... Azərbaycan nümunəsində olduğu kimi...

Elçin Mirzəbəyli, Əməkdar jurnalist

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR