İnsanlara hürriyət, millətlərə istiqlal!

"İnflyasiyanın artması daha çox xarici amillərlə bağlıdır"- Aydın Hüseynov

538 13.06.2022 20:10 İqtisadiyyat A A

 

"Yaxın günlərdə parlament büdcənin gəlir və xərclərinin artırılmasını müzakirə edəcək"

 

Hər kəs bahalıqdan, xüsusilə ərzaq məhsullarının qiymətinin artmasından şikayət edir. Azərbaycanda inflyasiya hazırda neçə faizdir? Türkiyədə bahalıq, inflyasiya pik həddədir. Azərbaycanın Türkiyə ilə sıx iqtisadi əlaqələrinin olduğunu nəzərə alsaq, oradakı bahalığın bizə təsirinin olduğunu söyləmək mümkündür? Hazırda insanlar inflyasiyaya bir təhər dözürlər. Cəmiyyəti indi ən çox narahat edən odur ki, enerji daşıyıcıların qiyməti arta bilər. Devalvasiya narahatlığı yoxdur. Çünki Azərbaycanda devalvasiya adətən neftin dünya bazar qiymətinə bağlı olub. Hazırda neftin qiyməti 130 dollar həddindədir. Bu baxımdan kimsə dolların bahalaşacağını özünə dərd etmir. Hökumət antiinflyasiya tədbirləri görürmü?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov mövzu ilə bağlı Musavat.com-a deyib ki, Cənab Prezident İlham Əliyevin müdrik iqtisadi siyasəti sayəsində ölkəmizin dayanıqlı maliyyə-iqtisadi gücü siyasi, iqtisadi, sosial sabitliyin möhkəmlənməsi təmin edilməkdədir:

“2022-ci ilin yanvar-aprel aylarında ölkəmizdə 39,5 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çoxdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 11,4 faiz artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. Bütün bunlar onu göstərir ki, iqtisadiyyatımız post-pandemiya dövründə yeni inkişaf mərhələsinə daxil olub. Təbii ki hazırda inflyasiyanın artması da müşahidə edilir və bu, təkcə Azərbaycanın üzləşdiyi hal deyil. Bizdən asılı olmadan qlobal səviyyədə ərzaq və digər malların qiymətlərinin dayanmadan artmasından doğan qarşısıalınmaz prosesdir".

Deputat qeyd  edib ki, bütün ölkələrdə hər ay istehlak qiymətləri indeksi artır: "Hazırda inflyasiyanın yüksəlməsinin əsas səbəbi, təxminən 60 faizi idxalla bağlıdır, yəni xaricdən Azərbaycan gətirilən mal və xidmətlərin bahalaşmasının nəticəsidir.  Hökumət üçün antiinflyasiya siyasəti xüsusi aktuallıq kəsb edir və hazırda hökumətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biridir. Ölkə rəhbərliyi tərəfindən istehlak bazarının tənzimlənməsi, qiymətlərə nəzarətin gücləndirilməsi, süni qiymət artımına yol verilməməsi hökumətin və ölkənin müvafiq iqtisadi qurumların qarşısına çox ciddi vəzifələr kimi qoyulub. Dövlət ərzaq təminatını etibarlı şəkildə həll etmək və qiymətlərə nəzarət etmək üçün kifayət qədər nəzarət resurslarına malikdir. Əhalinin həyat səviyyəsi və ərzaqla etibarlı təminatı bazarların səmərəli fəaliyyətindən bilavasitə asılıdır. Buna görə də ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi diqqət mərkəzində olacaq. Bu məqsədlə artıq süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülür. Süni qiymət artımı ilə bağlı tapşırıq əsasında gündəlik ciddi monitorinqlər aparılır. Bütün bu tədbirlər nəticəsində qiymət artımlarının qarşısı alınacaq və ölkədə aparılan sosial tədbirlərin əhalinin rifahına müsbət təsirləri təmin ediləcəkdir. Bütün bu tədbirlər həm qiymət artımının qarşısını almağa, həm də ərzaq ehtiyatlarını artırmağa hesablanıb”.

A.Hüseynov onu da qeyd edib ki, dünya bazarında enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsinə baxmayaraq, Azərbaycanda yanacağın və digər enerji məhsullarının qiymətinin bahalaşması gözlənilmir: "Azərbaycanın neft və enerji məhsullarının xarici ölkələrə satışından əldə etdiyi gəlirlər kifayət qədər qənaətbəxşdir və daxili bazarda qiymət tənzimlənməsinə ehtiyac duyulmur. Neftin qiymətinin yüksək olması Azərbaycanın valyuta gəlirlərinin də artmasına öz təsirini göstərir, yüksək neft qiymətləri isə manatın dollar qarşısında məzənnəsinin möhkəmlənmsinə səbəb olmaqdadır. Eyni zamanda, yüksək neft qiymətləri ölkəmizin gəlirlərini də artırır. 2022-ci ilin yanvar-may aylarında Neft Fondunun aktivləri əhəmiyyətli dərəcədə artaraq 45,5 milyard dollara çatıb. Eyni zamanda, vergi və gömrük orqanlarının dövlət büdcəsinə ödənişlərinin də həcmi artır. Ötən müddətdə vergi və gömrük orqanları tərəfindən büdcəyə proqnozdan əlavə 1,5 milyard manatdan çox vəsait daxil olub. Bu isə büdcə-maliyyə imkanlarımızı artırıb, bu səbəbdən büdcədə dürüstləşdirmə aparılması nəzərdə tutulur. Yaxın günlərdə parlament büdcənin gəlir və xərclərinin artırılmasını müzakirə edəcək. Əlavə vəsaitlər isə azad edilmiş ərazilərdə yenidən qurulma işlərinin sürətləndirilməsi tədbirləri ilə yanaşı, sosial sahələrə dəstək tədbirlərinə yönəldiləcəkdir".

 

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR