İnsanlara hürriyət, millətlərə istiqlal!

İmama yardım

1502 16.04.2022 08:10 Yazarlar A A

“Azançı çəkər soyuğu,

Molla yeyər toyuğu"

(Azərbaycan ata sözü)

Heç kim ana dilimizi qorumaq istəmir. Təzəlikcə bir nazir müavini ölmüşdü, görün onu saytda necə yazıblar: “Vəzifədə olan zaman vəfat edən nazir və nazir müavinləri”. Buradakı “olan zaman vəfat edən” cəfəngiyatını qısa şəkildə “ölən” yazsanız, əliniz qırılarmı? Axı belə daha gözəldir. Belə yazsaq başlığın şəkli “Vəzifədə ölən nazir və nazir müavinləri” olardı. 

Küçəyə zibil atanlara əsəbləşirik, dilimizi zibilləməyə dözürük. Bir sözün yerinə dörd mənasız söz qoymaq dili zibilləməkdir. Cümlənin içinə, üst-başına tüpürməkdir, qusmaqdır. Artıq söz qabıqlarını çırtlayıb mətnin hər yerinə tökməkdir. Ana dili küçədən az əhəmiyyət daşıyırmı? Ancaq özümüzü yormağın mənası da yoxdur, əgər orta məktəb dərsliyimizdə “Ünsiyyət nitq vasitəsilə baş verir” (“Azərbaycan dili”, 3-cü sinif) kimi sarsaq cümlə yazılıbsa, onları oxuyub böyüyən uşaqlardan bülbül olmağı gözləməyəcəyik.

Bəlkə biz vaxtında düzgün qərar verib həyat yolumuzu belə jurnalistika, dilçilik-zad temalarına bağlamaqdansa mollalığı öyrənməliydik. Orda yaxşı pul var. Elə təzəcə dini işlər komitetinin müdiri Mübariz müəllimin qərarıyla məscid imamlarının maaşı 630 manatdan 882 manata (pah-pah, sən dövlət işində dəqiqliyi görürsənmi?), imam müavinlərinin maaşı isə 490 manatdan 685 manata qaldırılmışdır.

Əcəb işdir. Bəs bizdə din dövlətdən ayrıdırsa, mollanın maaşını niyə dövlət verir? Doğrudur, insafən, orda “maaş” yox, “maddi yardım” adlandırırlar, ancaq nə fərqi var? İstəyirsən adını şaftalı mürəbbəsi qoy, mahiyyət ki dəyişmir. Normal halda, sivil dünya təcrübəsində belədir: camaat nəyəsə inanır, dua eləməyə yer düzəldir, özünə molla, keşiş, imam, rahib, yoqa, uçan makaron canavarı, nə bilim, canım sənə desin, ceday şevalyesi seçir. Dövlətin burada yeganə vəzifəsi yalnız o inancın başqalarının haqqına girib-girmədiyini ölçmək və məbədə lisenziya verməkdir. Məbəd zəhmətkeşlərinin maaş və “maddi yardımları” isə həmin məbədə toplaşanların ödədiyi nəzir-niyazlardan verilir. Ya da mollanın canı çıxır, özü əkir-becərir, pul qazanır. Yoxsa dövlətin imama maaş verməyi dövlətin konkret həmin dini himayəyə almasıdır, bu isə küfrdür. Çünki dövlətlər gəldi-gedər, inanc əbədi olmalıydı. Dövlət mollanı yox, molla dövləti saxlamalıydı. Məntiqlə.

Əlbəttə, məqsədim burda mollanın pulunu saymaq deyil, beş aşağı, beş yuxarı, onsuz neft pulumuz sel kimi gəlir, payla getsin, qurtaran deyil. O cümlədən, onu da yaxşı qanıram ki, bizim kimi yerlərdə əgər dövlət öz mollasına maaş verməsə, bir gün baxır görür mollasına maaşı ayrı dövlət verir, bunun da axırı yaxşı qurtarmır. Mən sadəcə, bu işin prinsipsizliyinə etiraz edirəm. Riyakarlığımıza dözmürəm. Hətta bir yapon olsam, yalan olmasın, qələmi qarnıma soxardım.

Dövlətin puluna ciddi nəzarət olmalıdır. Bayaqkı dilçilik mövzusuna qayıtsaq, bu yaxında çox filoloji kadr dəyişikliyi oldu. Mərkəzi Bankımızın müdiri Elman müəllimin yerinə Taleh müəllimi qoyduq. Bildiyiniz kimi, “Elman” adı ana dilimizin “el” və ingilisin pul mənası verən “mani” (onun da kökü manat sözünə gedir çıxır) sözlərindən yaranaraq “elin pulunu qoruyan” deməkdir. Elman müəllim də 28 il bankda manatı sədaqətlə qorudu, devalvasiyanın anasını ağlatdı. İndiki müdirin adı isə pulun taleyindən nigaran qalmağımıza səbəb vermir.

Elman müəllimi bankdan sonra isşiz qoymadıq, baş nazirə müşavir getdi. Deyir bu, Nazirlər Kabinetimiz üçün xarakterik haldır, son illər kimi işdən çıxarsalar ora gedir. Suyun müdiri Əhmədzadə, Bakını sökə-sökə sevən Hacıbala müəllim, keçmiş iqtisadiyyat naziri Şahin müəllim... Çoxdur belələri. Hökumət quruculuğuna, iqtisadiyyatımıza belə ciddi yanaşırıq, harda vurulmuş, pensiya yaşı ötmüş adam olsa, basırıq Nazirlər Kabinetinə.

Mənə elə gəlir Ayaz Mütəllibovun potensialından da dövlətçiliyimiz üçün yararlansaq yaxşı olar. Onu baş nazirə müşavir qoymalıyıq. Yoxsa pomidorun qiyməti belə getsə yayda da 3 manatdan enməyəcəkdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR