İnsanlara hürriyət, millətlərə istiqlal!

“İmam Hüseynin mübarizəsi ədalətin bərpası üçün idi” - deputat

737 16.06.2026 20:46 Ölkə A A

Bu gündən etibarən Azərbaycanda Məhərrəm ayı başlayıb. Kərbəlada İmam Hüseynin və onunla birlikdə şəhid olanların anım ayı kimi qeyd olunan Məhərrəm ayında Aşura günü 25 iyuna təsadüf edəcək.

Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Musavat.com-a açıqlaması zamanı bildirib ki, Aşura hadisəsi dünya tarixində böyük faciələrdən biri olmaqla yanaşı, İslam tarixində dönüm nöqtəsi və bir qəhrəmanlıq salnaməsidir: “Aşura insanların ali dəyərlər uğrunda özünü qurban verməsinin ən bariz nümunələrindən biridir. Heç şübhəsiz ki, islam peyğəmbəri həzrət Məhəmmədin (s) nəvəsi həzrət Hüseynin (ə) övladları və yaxınları ilə birlikdə şəhid olmaları islam tarixində dərin iz buraxıb. Aşura, eyni zamanda, Azərbaycan tarixi, mədəniyyəti, poeziyası və musiqisinin formalaşmasında mühüm yer tutub, klassik ədəbiyyata ciddi təsir göstərib. Bu mənada Aşura sıradan bir dini-tarixi hadisə deyil, müsəlman dünyasında, xüsusən də Azərbaycan tarixində müstəsna yeri olan fenomendir”.

C.Məmmədovun sözlərinə görə, Azərbaycan tarixində Məhərrəmlik ayının və Aşuranın xüsusi yeri var: “Azərbaycan xalqı hər il bu hadisələrin ildönümünü yüksək səviyyədə keçirir. Bu ənənələr Azərbaycanda xalqımız tərəfindən daim yaşadılıb. Xalqımızın tarixində, ədəbiyyatında, mədəniyyətində bu hadisələr xüsusi qeyd edilib. Onu da unutmamalıyıq ki, imam Hüseynin (ə) mübarizəsi ədalətin bərpası üçün idi. Burada bizim alacağımız bir çox dərslər var. Bu, Vətən, haqq, ədalət uğrunda canından belə keçməyə hazır olmaq mesajıdır.

Biz o dövrdə baş verən hadisələrdən nəticə çıxararaq, Vətənimizin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda hər an canımızdan keçməyə hazır olmalıyıq. Necə ki, bunu Vətən Müharibəsi zamanı etdik”.

Deputat qeyd edib ki, bu gün ayrı-ayrı ölkələrdə Aşura mərasimləri baş yarmaq və qan çıxarmaqla qeyd edilir: “Azərbaycanda bununla bağlı nümunəvi modeli ortaya qoyularaq, hər il qanvermə aksiyaları keçirilir. Yəni insanlar qan çıxarmaq əvəzinə, qan verməklə bu aksiyalarda iştirak edirlər”.

C.Məmmədov yekunda bir məqamı da xüsusilə vurğulayıb: “Məhərrəmlikdə azyaşlıların məscidlərə aparılması, Aşura mərasimlərində iştirak etməsi məqsədəuyğun sayılmır. Bir sıra ibadət yerlərində izdihamın yaşanması, bəzi şəxslərin özlərinə xəsarət yetirməsi uşaqların sağlamlığı üçün təhlükə yarada bilər. Eyni zamanda, bir sıra hallarda məscidlərdə yaşanan xoşagəlməz hallar uşaqların psixologiyasına mənfi təsir göstərə bilər. İnanırıq ki, hər il olduğu kimi, bu il də insanlarımız Məhərrəmliyi və Aşura mərasimlərini onun həqiqi mahiyyətinə və ruhuna uyğun keçirəcəklər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR