İnsanlara hürriyət, millətlərə istiqlal!

İlqar Məmmədov Sabir Rüstəmxanlının partiyasına replika atdı, VHP-dən reaksiya gəldi

1264 27.04.2023 13:09 Siyasət A A

REAL Partiyasının sədri İlqar Məmmədov sosial media hesabında Vətəndaş Həmrəyliyi Partiyasına istehza ilə replika atıb.

Musavat.com xəbər verir ki, onun ironiyasına VHP-dən reaksiya verilib. Partiyanın sədr müavini Nəsimi Şərəfxanlı bildirib ki, son illər Azərbaycan siyasətində ənənəvi fəaliyyət yeni üsullarla əvəzlənib. “Bu gün özünü az qala xalq lideri kimi təqdim edən siyasətçilər var ki, fəaliyyəti sosial şəbəkə çərçivəsindən kənara çıxmır. Bir zamanlar az qala Nelson Mandelaya çevrilən İlqar Məmmədov da bu qrupa aid siyasətçilərdəndir. Bir partiya sədrinin statuslarına fərqli münasibətə görə insanları dostluqdan silməsi onun siyasi düşüncəsinin açıq ifadəsidir. Vətəndaş Həmrəyliyi Partiyası və seçkilərdə iştirakla bağlı Məmmədovun yazdıqları anlaşılmaz və uşaq cığallığına bənzər bir şeydir. VHP sədri son yüz illik tariximizin ən möhtəşəm olaylarından olan Meydan hərəkatının lideridir və  Sabir Rüstəmxanlının millət vəkili statusu tək mandatla deyil, həyatı və mübarizəsi ilə möhürlənib”,- deyə açıqlamada bildirilir.

Partiya funksioneri qeyd edib ki, uzun illər parlament təcrübəsi olan, dəfələrlə “ilin deputatı”, “ən fəal deputat”, “ən cəsarətli deputat” seçilən Fəzail İbrahimlinin tələbələrinin sayı REAL Partiyasının üzvlərinin cəmindən qat-qat çoxdur və İ.Məmmədov kimi uğursuz siyasətçinin onun seçimi, parlament fəaliyyəti ilə bağlı danışması belə  gülüncdür: “VHP-dən olan digər deputat professor Rəfael Hüseynov ölkənin elmi cameəsində imza qoymuş şəxsdir. Bununla da bitmir Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri Felmar Ələkbərli Azərbaycanda hələ sovet dönəmində, rus tankları Bakıda olarkən Məhəmməd Əmin Rəsulzadənin heykəlini ucaltmaqla tarix yazıb. Bu gün partiyanın mərkəzi icra aparatının rəhbəri olan Samir Əsədli gənclik hərəkatının liderlərindən olub və nüfuz baxımdan Məmmədovla rəqabət apara bilər. Buyursun İlqar Məmmədov da başqalarını təftiş edib söz almaqdansa öz güclərindən danışsın.

O ki qaldı bu gün parlamentdə müxalifət adına ön cərgədə olan Vətəndaş Həmrəyliyi Partiyasına, VHP nəzərdə tutduğu bir çox hədəfə çata bilməsə də bu illərdə Azərbaycanın siyasi həyatında öz sözü olan, siyasi mübarizə mədəniyyəti, dəyişilməz milli mövqeyi ilə seçilən bir partiyaya çevrilib. VHP hakim partiyadan sonra müstəqillik illərində keçirilən bütün seçkilərdə iştirak edib nəticə əldə edən yeganə partiyadır. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçqın və köçkünlərin öz torpaqlarına qayıtması, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin var olması VHP-nin əsas hədəfi olub. Qarabağ zəfəri milli birliyin v vətəndaş həmrəyliyinin təsdiqi oldu. Bu gün Azərbaycan siyasi – ideoloji sistemində VHP prinsipləri qalın xətlə keçir: Biz yox- millətimiz, bizim sözümüz yox- xalqın sözü, böhtan yox-həqiqət, kin-küdurət yox- sevgi, siyasi oyunbazlıq yox-siyasi əxlaq… Millətin gələcəyi həmrəylikdən, dirəniş və dayanışmadan, birlik və bərabərlikdən asılıdır. Vətəndaş Həmrəyliyi Partiyası yarananda irəli sürdüyü şüar bu gün də qüvvədədir: “Nicatımız – Vətəndaş Həmrəyliyindədir!” Bizə başqa yol göstərənlərin niyyəti də başqadır…”

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR