İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin Serbiya səfəri: Siyasi, iqtisadi, hərbi HƏDƏFLƏR – ŞƏRH

497 11.12.2023 15:54 Siyasət A A

Dekabrın 10-da Azərbaycan dövlət başçısı İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyayada bir günlük işgüzar səfərdə olub. Səfər çərçivəsində prezidentlərin təkbətək və geniş tərkibdə görüşlər olub. Elə həmin gün Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan, Serbiya, Bolqarıstan prezidentləri İlham Əliyev, Aleksandar Vuçiç və Rumen Radev iştirak ediblər. Bu açılış mərasimin ardınca Azərbaycan və Bolqarıstan dövlət başçılarının təkbətək görüşü olub. Ən nəhayət, səfər çərçivəsində İlham Əliyev və Aleksandar Vuçiç hərbi texnika və avadanlıqlara baxıblar. Bununla da Azərbaycan dövlət başçısının Serbiyaya işgüzar səfəri başa çatıb.

Azərbaycan Prezidentinin Serbiyaya səfərini, orada keçirdiyi görüşlərin əhəmiyyətini Medianews.az-a şərh edən Milli Məclisin Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elnur Allahverdiyev bildirib ki, Serbiya ilə çoxtərəfli müttəfiqlik, strateji münasibətlər ölkəmizin Avropa, əsasən də Balkan dövlətləri ilə bağlı siyasətinin prioritet istiqamətidir. Millət vəkili diqqətə çatdırıb ki, Prezident İlham Əliyev indiyə qədər Serbiyaya səfərlər edib və əksinə, Aleksandr Vuçiç də dəfələrlə bizim ölkəmizə gəlib. Deputatın sözlərinə görə, hər iki dövlət beynəlxalq platformalarda da bir-birini dəstəkləyir, ələxüsus ərazi bütövlüyü məsələsində Bakı ilə Belqrad eyni mövqedən çıxış edir.

E.Allahverdiyev ölkələr arasında iqtisadi təmasların da gündəmin əsas mövzusu olduğunu vurğulayıb: “Serbiya şirkətləri Azərbaycanda təmsil olunurlar, bizim bu ölkəyə kapital yatırımlarımız var, Serbiyanın infrastruktur layihələrində iştirak edirik. Bu müstəvidə Azərbaycanın Serbiyanın əsas qaz tədarükçüsünə çevrilməsinin xüsusi əhəmiyyəti var. Biz hazırda mavi yanacaq təminatı ilə bağlı Avropanın 10-a yaxın dövləti ilə işbirliyindəyik. Gürcüstandan başlayan yolumuz Serbiya, Albaniyayadək uzanır. Bu kəmərlər şəbəkəsində Serbiya ilə əməkdaşlığımız fikrimcə, xüsusi əhəmiyyət kəsb edir, çünki bu ölkə vasitəsilə qitənin enerji təhlükəsizliyinin təmin olunmasında rolumuzun coğrafiyası daha da genişlənəcək. Yeri gəlmişkən, son interkonnektorun istifadəyə verilməsi bunun göstəricisidir. Bundan əvvəl səhv etmirəmsə, Yunanıstanla Bolqarıstanın kəmərlərini birləşdirən interkonnektor istifadəyə verilmişdi. Düşünürəm ki, bu, bizim bütövlükdə Avropadakı rolumuzu daha da gücləndirəcək”.

Millət vəkili qeyd edib ki, hazırda gündəmdə dayanan məsələlərdən biri də Azərbaycanda əldə edilmiş yaşıl enerjinin Qara dənizin dibindən çəkiləcək xüsusi xətt ilə Gürcüstan vasitəsilə Rumıniya və Macarıstana ötürülməsidir: “Biz bu yolla Şərqi Avropanın iki mühüm ölkəsini elektrik enerjisi ilə təmin edəcəyik. Bu, onların enerji təhlükəsizliyinə bir töhfə olacaq. Güman edirəm ki, bu layihə icra olunduqca tək Rumıniya və Macarıstanla məhdudlaşmayacaq, əsasən Avropanın şərqində yerləşən ölkələr hesabına daha da genişlənəcək. Bizim bərpa olunan enerji sahəsində olduqca böyük potensialımız var. Üstəlik, indi məlumatlar var ki, Orta Asiyanın qardaş türk dövlətləri də ekoloji cəhətdən təmiz enerjinin istehsalına başlamaq niyyətindədirlər. Bu enerjinin ixracı Azərbaycan üzərindən həmin xətt vasitəsilə Avropaya ixrac oluna bilər. Düşünürəm ki, bizim ixracatçı kimi başlıca rol oynadığımız bu layihəyə gələcəkdə Serbiya da qoşula bilər. Bir sözlə, siyasi  müttəfiq və iqtisadi tərəfdaş kimi əməkdaşlıq imkanlarımız çoxdur”.

Neft-qaz məsələləri üzrə mütəxəssis, iqtisadçı İlham Şaban Medianews.az-a açıqlamasında deyib ki, Azərbaycan qazı hələlik Serbiyaya çatdırılmayıb. İqtisadçı Avropada formal prosedurların yerinə yetirilməsini və lisenziyaların alınmasını nəzərə alaraq qeyd edib ki, Serbiya Azərbaycan qazını 2024-cü ilin əvvəlindən etibarən almağa başlayacaq: “Bu boru kəmərinin istismara verilməsi, Prezident İlham Əliyevin də mərasimdə dediyi kimi, Azərbaycan qazının coğrafiyasının genişləndirilməsi yönümündə atılan addımdır. Azərbaycan hər il özünün qaz satdığı ölkələrin coğrafiyasını genişləndirir. Əgər biz qaz ixracımıza ekskursiya etsək görərik ki, 2007-ci ildən Azərbaycan qaz idxalçısından, qaz ixracatçısı olan ölkəyə çevrilib. Əvvəlcə Gürcüstan, ardınca Türkiyə Azərbaycan qazının alıcıları oldu. 2020-ci ilin sonuncu günündən Azərbaycan qazının alıcıları sırasına Yunanıstan və İtaliyaya,  2021-ci ildə Bolqarıstan, 2023-cü ildə Rumıniya qoşulub. Bu ilin sonundan isə Macarıstan Azərbaycan qazının kommersiya idxalına başlayacaq. Serbiya da gələn il üçün 400 milyon kubmetr qazın alqı-satqısı ilə bağlı Azərbaycan tərəfi ilə kommersiya sazişi imzalayıb. 2027-ci ildən artıq bu qaz həcmlərinin 1 milyard kubmetrə qədər artırılması planlaşdırılır”.

İ,Şabanın sözlərinə görə, Azərbaycan qazının növbəti alıcıları siyahısında daha iki Avropa dövləti var ki, bunlar Slovakiya və Albaniyadır: “Slovakiya 1 milyard kubmetr, Albaniya 700 milyon kubmetr həcmində Azərbaycandan qaz almaq niyyətindədir. Hələ kommersiya sazişləri imzalanmasa da, bu yöndə işlər gedir. Çünki memorandumlar mövcuddur. Azərbaycan qaz istehsalçısı kimi, bütün bu addımlarla öz xammalını bazarda satmaq imkanı qazanır. İstehlakçı ölkələr üçün 2022-ci ildən enerji bazarında yaşanan təlatümlər hələ bitməyib, davam edir. O qırılan enerji zəncirinin bərpası yönündə addımlar atılır. Serbiya-Bolqarıstan birləşdirici kəməri, Azərbaycandan qaz idxalına başlanmasına hazırlıq, bu yöndə atılan addımlar, bundan sonrakı dövrdə hərtərəfli əlaqələrin artırılmasına, intensivliyinə təkan verən məqamdır”.

Azərbaycan Prezidentinin Serbiya səfərinin ölkələrimiz arasında hərbi əməkdaşlığa verəcəyi töhfəni Medianews.az-a şərh edən hərbi ekspert Elxan Şıxəliyev isə bildirib ki, səfər heyətində Müdafiə Nazirinin də olması, gələcəkdə Serbiya ilə ola biləcək, hərbi-texniki əməkdaşlığın bağlanması yönündə bir mesajdır. O deyib ki, Serbiya rəsmilərinin hərbi-texniki avadanlıqlarının nümayişini təşkil etməsi, ölkəmizlə hərbi əməkdaşlığa maraqlı olduğunun göstəricisidir: “Serbiya son illərdə müdafiə sənayesi şirkətləri çərçivəsində hərbi-texniki parkın istehsalı üzərinə ciddi bir yol qət etmiş kimi görünür. Serbiyanın ən böyük müdafiə sənayesi silahları istehsal edən “Kruşik” və “Yuqi-import” sənaye kooperasiyaları həm Serbiya Silahlı Qüvvələrinin hərbi-texniki təminatını, həm də silah satışını həyata keçirir. Serbiyanın ən çox diqqət çəkən hərbi avadanlığı “Şumadia” mobil reaktiv yaylım atəş sistemi idi. Bu avadanlıq uzaqmənzilli raketlərlə və müvafiq sistemlərlə təmin olunub ki, bunun nəticəsində də onlar 300 kilometrlik bir məsafəyə qədər zərbə endirə bilirlər. Serbiyanın silahlanmasında olan və istehsalı həyata keçirilən digər bir avadanlıq 155 mm-lik “Nora” özüyeriyən artilleriya toplarıdır. Bunlar uzaqmənzilli zərbələr endirməsi və mobillik baxımından çox tələb olunan toplardır. Bundan əlavə, istehsalında Serbiyanın diqqətimizi cəlb edən əsas “Lazar” zirehli transportyorlardır. Onların üzərində bir neçə modifikasiyalı silahları da müşahidə etmək olur. Bu hərbi texnika da çox böyük hərəkət qabiliyyətinə, atəş gücünə, manevr imkanına malikdir. Serbiyanın həm istehsal, həm ixrac etdiyi “Marava” (M-18) mobil reaktiv yaylım atəş sistemi də var. “Marva”nın raketləri hədəfə dəqiq çatması üçün GPS sistemləri ilə də təchiz olunub. Serbiyanın istehsal etdiyi “BOV” zirehli transportyoru da diqqət çəkir. Bu hərbi texnika tank əleyhinə raket sistemləri ilə gücləndirilib, əsasən piyadaların daşınması üçün nəzərdə tutulub”.

Hərbi ekspert deyib ki, Serbiyada prezidentlər üçün nümayiş olunan hərbi texnika, avadanlıq, silah-sursat arasında yeni nəsil texnologiyalarla təchiz olunanlar da çoxdur: “Döyüş robotu “Miloş”un, tank əleyhinə idarə olunan “Bumar” sistemlərinin nümunələrini də biz gördük. Minaatanların demək olar ki, çapına görə bütün növləri də Serbiyada istehsal olunur. Bu ölkənin müdafiə sənayesi komplekslərində eyni zamanda kvadratakopterlər və idarə olunan raket sistemlərinin istehsalı da inkişaf edib. Düşünürəm ki, Serbiya bir çox ölkələrə, xüsusən də Pakistana və digər xarici dövlətlərə silah, texniki avadanlıq ixrac edir. Görünür ki, Azərbaycandan qaz ixrac edən Serbiya iqtisadi əməkdaşlığın hərbi əməkdaşlıq müstəvisinə keçməsində maraqlıdır və buna görə də Prezident İlham Əliyevin səfəri çərçivəsində silah-sursatın nümayişi təşkil olunub. Azərbaycanın Müdafiə Nazirliyi heyətinin də orda olmasını nəzərə alaraq hesab edirəm ki, gələcəkdə Azərbaycanla Serbiya arasında hərbi-texniki sahədə əməkdaşlıq və hərbi təhsil üzrə müqavilələrin imzalanması mümkündür”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR